Məhkəmə qərarları › İş №2(060)-2197/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2197/2025

30.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2197/2025 30.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X15 direktoru X1, nümayəndə və Vəkil iştirakları ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətini cəlb etməklə cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X9rşı “ixtisara alınma barədə əmrin ləğv olunması və boş olan vakansiyalar üzrə başqa işə keçirilmə tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X9rşı “ixtisara alınma barədə əmrin ləğv olunması və boş olan vakansiyalar üzrə başqa işə keçirilmə tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illər təhsil sistemində işləmiş, xx.xx.2018-ci ildə cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X11 təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işə qəbul olunmuşdur. xx.xx.2020-ci ildə iddiaçı həmin vəzifədən azad olunaraq xx.xx.2020-ci ildən mərkəzə korpus rəhbəri vəzifəsinə təyin olunmuşdur. 2024-cü ilin oktyabr ayında iddiaçıya bildirilmişdir ki, iddiaçının işlədiyi vəzifə və iddiaçıdan başqa 27 nəfərin ştatı ixtisara düşür, bu səbəbdən də 2 ay qabaqcadan xəbərdar olunur və iddiaçı boş vakansiya üzrə işlə təmin olunacaqdır. Bu ərəfədə rəhbərlik dəyişilmiş və yeni gələn direktor iddiaçını kabinetinə dəvət edərək bildirmişdir ki, ona iddiaçı barəsində məlumatlar verilib və iddiaçı ilə işləmək istəmir, bu səbəbdən də iddiaçını işdən çıxaracaqdır. xx.xx.2024-cü ildə rəhbərlik iddiaçıya başqa iş təklif etmədən ştat ixtisarı ilə bağlı olaraq 184 saylı əmrlə iddiaçını işdən çıxarmışdır, halbuki iddiaçıdan başqa ştat ixtisarına düşən digər 27 nəfər işçini işlə təmin etmiş, hətta sonradan boş olan ştatlara həmin ixtisasa uygun gəlməyən yeni işçi götürmüşdür. Onu da qeyd edir ki, iddiaçı hələ əvvəlki rəhbərliyin vaxtında qanunsuz və neqativ hallara biganə qalmamış, etirazını bildirmiş və görünür bu barədə məlumatlı olan direktor iddiaçını uzaqlaşdırmaq üçün bu addımı atmışdır. İddiaçının həyat yoldaşı yaşa görə əmək pensiyası alır, himayəsində uşaq evindən övladlığa götürdüyü, görmə qüsurlu 1 azyaşlı övladı vardır, ailənin işləyəni və yeganə gəlir gətirəni iddiaçı olmuşdur. Lakin cavabdeh bu halları nəzərə almadan şəxsi ədavətini üstün tutaraq iddiaçıya qarşı bu addımı atmış, iddiaçıya başqa iş təklif etməmiş bu da iddiaçının əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 185 saylı, xx.xx.2024-cü il tarixli əmrin ləgv edilməsi və iddiaçının “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X14 öz işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, bildirmişdir ki, iddia ərizəsinin “xahiş etdi” hissəsində texniki səhvə yol verərək, 184 saylı əmr əvəzinə, 185 saylı əmr qeyd etmişdir. Texniki səhvin nəzərə alınmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X15 direktoru X2 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, o təmin edilə bilməz. Belə ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X16” bölməsində “təlim tərbiyə işləri üzrə direktor müavini”, xx.xx.2020-ci il tarixdən isə korpus rəhbəri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 yanvar 2024-cü il tarixli Qərarı ilə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində 27 ştat ləğv olunmuş və bu səbəbdən həmin ştat üzrə çalışan işçilərə 2 ay əvvəlcədən xəbərdarlıq edilərək, 6 həftəlik kompensasiya verilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndi ilə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilmişdir. 04 oktyabr 2024-cü il tarixdə “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X16”nin direktor əvəzi Cahid Xasayev tərəfindən İddiaçı rəsmi surətdə xəbərdarlıq edilmiş, İddiaçı şəxsən xəbərdarlıqla tanış olaraq onu imzalamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsil üzrə X10 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “ştatların ixtisar olunmasi barədə” 22 noyabr 2024-cü il tarixli, 148 saylı əmri ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarına əsasən qərarın 1-ci hissəsi ilə Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin korpus rəhbəri İddiaçı ştatı ixtisara düşdüyü üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən İddiaçı əmək müqaviləsinə 06 dekabr 2024-cü il tarixindən stajına uyğun olaraq son haqq-hesab və ya kompensasiya ödənilməklə xitam verilmişdir. İddiaçı işlədiyi müddətdə şiddətli töhmət almışdır. Ə.Şəfanın ştatı ləğv olunduğu üçün ona bu barədə xəbərdarlıq edilmiş və ona “başqa vəzifələr təklif edilmiş, lakin İddiaçı həmin vəzifədə deyil, yalnız öz ixtisara düşmüş vəzifəsində işləmək istədiyini bildirmişdir ki, bu da mümkünsüz olmuşdur. Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində ixtisara düşən ştatlarla əlaqədar 23 nəfər işçi onlara təklif olunan uyğun işlərlə təmin olunmuşlar, həmçinin kənardan heç kim işə götürülməmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ştatı Nazirlər Kabinetinin qərarına əsasən ləğv edildiyindən onun öz işinə bərpa edilməsinin mümkünsüz olduğunu nəzərə alaraq, iddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X15 nümayəndəsi və vəkili Vəkil direktor X2 ilə eyniməzmunlu izahat verdi.

6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddia tələbi əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini müəssisədə fəaliyyət göstərən həmkar ittifaqı təşkilatının qabaqcadan razılığını almaqla ləğv edə bilər. İşəgötürən həmin müəssisənin həmkarlar ittifaqına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq sənədlər əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq sənədlər əlavə etməlidir. İş üzrə həmkar ittifaqının əsaslandırılmış yazılı qərarı olmalıdır. Məlum olduğu kimi həmkarlar ittifaqına belə bir müraciət edilməmiş, qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.

7. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

10. Belə ki, iş materiallarında olan İT-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1 nömrəli Sumqayıt Peşə Liseyində xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixədək “təlim-tərbiyə işləri üzrə direktor müavini” vəzifəsini icra etmişdir. xx.xx.2020ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir. “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X11 xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək «korpus rəhbəri» vəzifəsini icra etmişdir. xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədan azad edilmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası dövlət peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 64 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 1.5- ci bəndinə əsasən həmin Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş “Peşə məktəblərinin və peşə litseylərinin nümunəvi ştatları” aşağıdakı redaksiya verilsin: qrupların sayından asılı olaraq ştat vahidlərinin sayı üzrə (rə

1. Direktor:10-dək-3, 10-14-dək -4, 15-24-dək-5, 25 və daha çox- 6;

2. Tədris və təlim işləri üzrə direktor müavini:10-dək -1, 10-14-dək-1, 15-24-dək-1, 25 və daha çox- 1;

3. Tərbiyə işləri üzrə direktor müavini: 10-dək -0, 10-14-dək-1, 15-24-dək-1, 25 və daha çox- 1;

4. İnzibati-təsərrüfat işləri üzrə direktor müavini: 10-dək -0, 10-14-dək-0, 15-24-dək- 1, 25 və daha çox- 1; və s.

12. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə təsdiq edilmiş ştat cədvəlindən görünür ki, “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X11 rəhbər işçilər üzrə ştat sayı direktor -1, korpus rəhbəri (ixtisar)-1, tədris və təlim işləri üzrə direktor müavini -1, tərbiyə işləri üzrə direktor müavini -1, inzibati təsərrüfat işləri üzrə direktor müavini -1 , baş mühasib-1, referent-1 olmaqla, tələbələrin sayı 696 nəfər, qrupların sayı 40 təşkil edir.

13. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 64 nömrəli qərarı əsas tutularaq, qərarın 1-ci hissəsi ilə “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alınaraq 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində korpus rəhbəri vəzifəsinin ixtisara düşməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə uyğun olaraq 9 təqvim həftəsi müddətində rəsmi xəbərdarlıq edilmişdir. Bildirişi aldığını İddiaçı imzası ilə təsdiq etmişdir.

14. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X10 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli, 184 saylı “ştatların ixtisar olunması barədə” əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 64 nömrəli Qərarına əsasən qərarın 1-ci hissəsi ilə “Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin aşağıda adları qeyd olunan işçilərin ştatları ixtisara düşdüyü üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən əmək müqaviləsinə 06 dekabr 2024cü il tarixindən hər bir işçinin stajına uyğun olaraq orta aylıq əmək haqqının 2 misli miqdarında kompensasiya edilməklə xitam verilməsi əmr edilmişdir: İddiaçı- korpus rəhbəri, X4- aparıcı mütəxəssis, X5- kompüter operatoru, X3- bağban. Son haqq-hesab və ya kompensasiyanın ödənilməsi Kəminə Məmmədova həvalə olunması əmr edilmişdir.

15. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024cü il tarixli, 184 nömrəli əmrə əsasən “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X16 bölməsində “korpus rəhbəri” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70.”b”-işçilərin sayı və ya ştatları ixtisar edildikdə” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X10 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2024-cü il tarixli, 184/1 saylı məzuniyyət haqqının ödənilməsi barədə əmri ilə Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin ştatları ixtisara düşmüş aşağıda adları qeyd olunan işçilərə xitam olunan zaman ƏMAS-da səhvən məzuniyyət günləri qeyd olunmadığı üçün həmin işçilərə istifadə etmədikləri məzuniyyət gününün son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə dekabr ayının əmək haqqı ilə birlikdə qeyd olunan qaydada hesablanıb ödənilməsi (İddiaçı - Korpus Rəhbəri - 10 məzuniyyət günü, X4- Aparıcı mütəxəssis- 8 məzuniyyət günü, X5- Kompütür operatoru- 6 məzuniyyət günü, X3-Bağban- 6 məzuniyyət günü) əmr edilmişdir.

17. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə təsdiq edilmiş ştat cədvəlindən görünür ki, “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X11 rəhbər işçilər üzrə ştat sayı direktor -1, tədris və təlim işləri üzrə direktor müavini -1, tərbiyə işləri üzrə direktor müavini -1, inzibati təsərrüfat işləri üzrə direktor müavini -1 , baş mühasib-1, referent-1 olmaqla, tələbələrin sayı 614 nəfər, qrupların sayı 40 təşkil edir.

18. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2024-cü ildir.

19. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X10 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən sentyabr ayında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində 758 nəfər tələbə təhsil almışdır, 132 nəfər xaric olunmuşdur. Hal-hazırda Mərkəzdə 626 tələbə təhsil alır. Digər inzibati binada noyabr ayında 141 tələbə təhsil alırdı. 21 nəfər tələbə xaric edilmişdir. Hal-hazırda inzibati binada 3 qrupda 50 nəfər tələbə təhsil alır. Mərkəzdə ümumilikdə 41 qrup, 37 istehsalat təlim ustası, 46 müəllim vardır. Hər qrupa qrup rəhbəri və sinif rəhbəri olmaqla 2 şəxs nəzarət edir. Mərkəzin digər tədris binası korpus və ya filial deyildir (Korpus rəhbəri vəzifəsi ixtisar edilmişdir) və bu səbəbdən korpus və ya filiala uyğun ştatlarla təmin edilməmişdir.Hal-hazırda həmin inzibati binaya direktor və direktor müavini, onların növbəli şəkildə təyin etdiyi nümayəndələr nəzarət edir. Hazırda Satınalma üzrə mütəxxəsis (Ali-təhsilli iqtisadçı), Hüquqşünas (Ali-təhsilli hüquqşünas), Təlim-Tərbiyə İşləri üzrə direktor müavini, İnzibati Təsərrüfat işləri üzrə direktor müavini vəzifələri vakantdır. Sadalanan vəzifələrdən 2-si üzrə (Satınalma üzrə mütəxəssis və Hüquqşünas) işə qəbul Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ixtisas uyğun gəldiyi halda şəxsin öz müraciətinə əsasın müvafiq müsahibə yolu ilə həyata keçirilir və Peşə Təhsili Mərkəzlərinə yönləndirilir. Direktor müavini vəzifəsinə işə qəbul isə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanında keçid balını toplayan namizədlər Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəvət olunur, mərhələli şəkildə müsahibədən keçdikdən sonra, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun əmri ilə Peşə Təhsili Mərkəzlərinə direktor müavini vəzifəsinə təyin olunur. Bu səbəbdən İddiaçı ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə «AR ƏM-nin 70. “b”-işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən (Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarının 1-ci hissəsini yerinə yetirərək) xx.xx.2024-cü il tarixli 184 nömrəli əmrlə xitam verilmişdir. İddiaçı istifadə olunmamış 10 məzuniyyət gününün son haqq-hesabı 273,45 (iki yüz yetmiş üç manat qırx beş qəpik) və orta aylıq əmək haqqının 2 misli miqdarında 1093,33 manat (bir min doxsan üç manat otuz üç qəpik) məbləğ kompensasiya qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

20. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X11 «korpus rəhbəri» vəzifəsində işləmiş və xx.xx.2024-cü il tarixdə “korpus rəhbəri” vəzifəsinin ixtisara düşməsi ilə əlaqədar işdən azad olunmuşdur.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

21. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri).

22. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

23. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

24. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.

25. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

27. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

28. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.

30. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

32. Eyni Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

33. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: -bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; -bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; -beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; -on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

34. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

35. Eyni Məcəllənin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: -bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; -bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; -beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; -on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

36. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

37. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

38. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

39. İddiaçı barəsində qəbul edilən əmri iki əsasla mübahisələndirmişdir:

1. Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbləri pozulmuşdur;

2. İşəgötürən ona qarşı qərəzli olmaqla, başqa qaydada işdən çıxara bilmədiyi üçün görüntü yaratmaqla ştatların ixtisarını həyata keçirmiş, faktiki ixtisar olmamışdır.

40. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X16 tərəfindən həmkarlar ittifaqının üzvü olan işçi İddiaçı əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan, yazılı qərar olmadan xitam verilmiş, bununla da əmək qanunvericiliyinin qeyd olunan normalarının tələbləri pozulmuşdur.

41. Məhkəmə onu da qeyd edir ki, işçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın.

42. Ştat cədvəlində bir adla müəyyən olunan vəzifənin çıxarılması, lakin eyni funksiyaları həyata keçirən ştatların başqa adla əlavə edilməsi (saxlanılması) ixtisarın real olmamasının göstəricisidir.

43. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunarkən onun işdə saxlanması məsələsi də ümumiyyətlə müzakirə olunmamışdır.

44. İş materiallarında olan ştat cədvəlindən və digər sənədlərdən görünür ki, korpus rəhbəri vəzifəsi ixtisar olunsa da, hazırda mərkəzin digər tədris binasına (hansı ki iddiaçı həmin binada korpus rəhbəri vəzifəsində çalışırdı) direktor və ya müavini, onların növbəli şəkildə təyin etdiyi nümayəndələr nəzarət edir. Hazırda satınalma üzrə mütəxxəsis, hüquqşünas, təlim-tərbiyə işləri üzrə direktor müavini, inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifələri vakantdır.

45. Məhkəmə qeyd edir ki, işəgötürənin effektiv iqtisadi fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin, o, bu hüquqdan işçinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir.

46. Məhkəmə işin faktiki hallarına sadalanan hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, cavabdeh orqanın səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş əmr əmək qanunverciliyinin tələblərini pozulmaqla qəbul olunduğundan ləğv edilməli, iddiaçı əvvəlki işinə ((vəzifəsinə) bu mümkün olmadıqda ixtisasına uyğun işə (vəzifəyə)) bərpa edilməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli, 184 saylı əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X14 “korpus rəhbəri” vəzifəsinə (bu mümkün olmadıqda ixtisasına uyğun digər işə (vəzifəyə)) bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar