Məhkəmə qərarları › İş №2(060)-220/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-220/2024

26.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-220/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərın əvəzinin ödənilməsi tələbinə dair mülki işə 26 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə vurulmuş zərərın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Acıq Səhmdar Cəmiyyətindən sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 360 (üç yüz altmış) manat məbləğində ödənişin, mənəvi zərərin əvəzi olaraq 1000(bir min) manat məbləğində təzminatın və 50(əlli) manat məbləğində mediasiya qurumuna edilmiş ödənişin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay peşə xəstəliyi nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında 483 (dörd yuz səksən üç) manat məbləğində aylıq ödəncin, mənəvi zərərin əvəzi olaraq 1000 (nıin) manat məbləğində təzminatın, 50 (əlli) manat məbləğində mediasiya xərcinin və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 120 (bir yiiz iyirmi) manat məbləğində xərcin İddiaçı xeyrinə tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddət ərzində “Superfosfat” zavodunda təmir-tikinti sexində dülgər işləmişdir. Əlverişsiz və zərərli istehsalat sahələrində əmək vəzifələrini yerinə yetirərkən peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuşdur. Peşə xəstəliyi müəyyən olunan zaman o, 6-cı dərəcə üzrə dülgər işləyirdi və orta əmək haqqı 600 (altı yüz) manat təşkil edirdi. O vaxtdan "xxxx" zavodu ona əlillik dərəcəsini və əmək qabiliyyətinin itirilmə faizini nəzərə almaqla sağlamlığına vurulmuş zərərə görə aylıq ödənişləri ödəyirdi. xx.xx.2001-ci il tarixdən "xxxx" zavodu özəlləşdirilməyə verilmiş və özəlləşdirmə nəticədə müəssisə "xxxx" Acıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Müəssisə özəllşdirilməyə verildikdən sonra xx.xx.2022-ci il tarixədək aylıq ödənişlər əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilirdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Sosial Müdafıə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona ünvanladığı məktubda göstərilir ki, "xxxx" ASC-nin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022ci il tarixdə tam başa çatmışdır. Müəssisənin özəlləşdirilməsi tam başa çatdığına görə, xx.xx.2022-ci il tarixdən təyin olunmuş aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı "xxxx" Acıq Səhmdar Cəmiyyətinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli, 22 saylı cavab məktubu ilə vurulmuş zərərin ödənilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdeh bilərəkdən mövcud əmək qanunvericiliyinin tələblərinə məhəl qoymur və bu cür qanuna zidd hərəkətləri ilə sağlamlığıma vurulmuş zərərinin əvəzini könüllü ödəməkdən yayınır. Qeyd etmək istəyir ki, sağlamlığıma dəyən zərərin ödənilməsinə dair Qaydaların 1.2-ci bəndinə göstərilən sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondu tərəfmdən 2022-ci ilin noyabr ayından cavabdehə təhvil verilmişdir. Qanunvericilikdə peşə xəstəliyi dedikdə əlverişsiz və zərərli istehsalat amillərinin sığorta olunanın orqanizminə təsiri nəticəsındə baş verən xroniki və ya kəskin xəstəlik başa düşülür. AR Mülki Məcəlləsinin 1119-cu maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirilməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Qeyd etməlidir ki, son dəfə tibbi müayinədən keçərkən o, da 3-cü qrup əlillik dərəcəsi və 60% əmək qabiliyyətinin itirilməsi müəyyən edilmişdir. Bu hal cavabdehdə olan sənədlərlə təsdiq olunur. Hesab edir ki, cavabdeh peşə xəstəliyi nəticəsində sağlamlığına vurulmuş zərərin əvəzi olaraq xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay ona 360 (üç yüz altmış) manat məbləğində ödəniş ödəməlidir. Bundan əlavə cavabdeh xx.xx.2022-ci il tarixdən etibarən sağlamlığına vurulmuş zərərin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaqla ona mənəvi zərər vurur. Artıq bir il beş aydır ki, o, əvvəllər aldığı müavinətdən məhrum olunmuşdur. Cavabdeh tərəfindən bilərəkdən ona çatası ödənişlərinin verilməməsi onun səhhətinə mənfi təsir göstərir, ona görə ki, o, tələb olunan dava-dərmanlarını vaxtlıvaxtında ala bilmir. Ərzaq, dərmanlar, kommunal və nəqliyyat xidmətlərinin bahalaşması maddi durumumu gündən-günə çətinləşdirir, bu səbəbdən də o, mənəvi iztirablara məruz qalır. Cavabdeh öz qanunazidd hərəkətləri ilə ona vurduğu mənəvi ziyana görə 1000 (bir min) manat məbləğində mənəvi təzminat ödəməlidir. ”Mediasiya haqqında” Qanuna uyğun olaraq o, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu üçüncü şəxs qismində cəlb edilməklə “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirilir ki, İddiaçı və digərləri xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək bildirmişdirlər ki, "xxxx" zavodu xx.xx.2001-ci il tarixdən özəlləşdirilməyə verilmişdir. Daha sonra isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubda göstərilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə tam başa çatmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci ii tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya busəbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başa çatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalat qəzası nəticəsində işçiyə dəyən zərəri ödəmək işəgötürənin vəzifəsidir.” Həmin maddənin 3-cü bəndinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi” haqqında Nazirlər Kabinetinin Qərarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Eyni zamanda Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2003-cü il tarixli 920 saylı Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi” Qaydalarının 2-ci maddəsinə əsasən, bu Qaydalar: "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və 'Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2-ci maddəsinə əsasən, idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Bildirilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Lakin buna baxmayaraq İddiaçı xx.xx.2018-ci il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. xx.xx.2022-ci il tarixli 27340 nömrəli “Sosial müavinətin dayandırılması” haqqında qərar ilə sosial müavinətin ödənişi dayandırılmış və nəticə etibarı ilə 11,04.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 300 manat məbləğində artıqvermə müəyyən olunmuşdur. Eyni zamanda vətəndaşların hüquqverici sənədlərinin surəti 40 ədəd iş qovluğu 21 oktyabr 2022-ci il tarixli **********4 nömrəli məktubla, İddiaçı sənədlərinin surəti isə xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla 'Sumqayıt Superfosfat” Açıq Səhmdar Cəmiyyətinə göndərilmişdir. Göründüyü kimi mübahisə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əlaqədar olduğu üçün 2(060)- 6251/2023 nömrəli mülki iş üzrə üçüncü şəxs qismində cəlb olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna münasibətdə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 1997-ci ilin avqust ayından etibarən 3-cü qrup əlil olduğuna görə pensiya almışdır. Sonradan ödəniş dayandırılmışdır. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı uzun müddət dülgər vəzifəsində çalışıb. Əlverişsiz şəraitdə işlədiyinə görə iddiaçı peşə xəstəliyinə tutulub, lakin cavabdeh tərəfindən iddiaçıya ödənişlər edilmir. Bununla bağlı cavabdehə müraciət etsələr də, qarşı tərəf ödənişlərdən yayınmışdır. Bir sözlə, barışıq əldə olunmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Daha sonra məsələ ilə bağlı DSMF-yə müraciət etmişdilər, onlar da ödənişlərin may ayından dayandırıldığını bildirmişdilər. Halbuki, AR Nazirlər Kabinetinin qərarına əsasən ödəniş edilməlidir. İddiaçının əmək kitabçası, onun xəsarət alması ilə bağlı bütün sənədlər DSMF-yə təqdim edilmişdir. DSMF tərəfindən onlara verilən cavab məktubunda iddiaçı kimi daha 40 nəfər işçinin sənədlərindən ibarət qovluqların cavabdeh müəssisəyə ünvanlandığı bildirilmişdir. Lakin cavabdeh tərəf həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Onu da qeyd edir ki, əslində müavinət və ödənc fərqli anlayışlardır. X1 əldə etdikləri 26 dekabr 2023-cü il tarixli orta aylıq əmək haqqı barədə arayışdan görünür ki, avadanlıqların təmiri üzrə dülgər vəzifəsi üzrə işçinin aylıq əmək haqqı 805,38 manat təşkil edir. Hesab edir ki, iddiaçının əmək qabiliyyətinin itirilmə faizi nəzərə alınmaqla həmin məbləğin 60%-i, yəni hər ay 483 manat aylıq ödənc cavabdeh tərəfindən ödənilməli, iddiaçının digər tələbləri də təmin edilməlidir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. DSMF tərəfindən iddiaçıya əmək xəsarəti ilə bağlı olaraq kompensasiya əvəzinə aylıq müavinət ödənilib. Qeyd edir ki, ödənilən ödənişlərin hesablanma qaydası aylıq əmək haqqının məbləği, əmək qabiliyyətini itirmə faizi işçinin əmək qabiliyyətini itirdiyi dövrə qədərki stajı da nəzərə alınmaqla həyata keçirilir. Özəlləşdirilmə başa çatdıqdan sonra özəlləşən müəssisə tərəfindən ödənişlər edilməlidir. DSMF öz səlahiyyətləri çərçivəsində ödənişləri həyata keçirib və artıq heç bir öhdəlik daşımır. Qeyd edilənlərə əsasən nümayəndə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilsə də, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştrak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia əsassızdır. Tələb olunan pul məbləği subyektiv əsaslara söykənir. İddiaçı 1990-cı illərdən peşə xəstəliyinə tutulub, sonra heç bir müayinədən keçməyib. O, cavabdehin nümayəndəsi kimi heç iddiaçının 60% əmək qabiliyyətini itirdiyinə inanmır, ağlabatan dərəcə deyil. Onlar iddiaçıya Reabilitasiya Agentliyinin müəyyən etdiyi dərəcəyə uyğyn ödəniş etməyə hazır olduqlarını bildiriblər. Lakin iddiaçı təkararən müayinədən keçməyib. Müəssisənin hansı həcmdə və nə qədər ödəməli olduğu müəyyən olunmalıdır. Cavabdeh təşkilat olaraq iddiaçıya müəyyən qədər pul ödəməlidir, lakin həmin məbləğ dəqiqləşdirilməlidir. Hazırda ödənilməsi tələb olunan məbləğlə razı deyillər. Onu da qeyd edir ki, hazırda müəssisə fəaliyyət göstərmir, qazancı yoxdur. Əlavə olaraq bildirdi ki, eyni peşə üzrə əmək haqqı məbləği hər bir müəssisədə fərqli ola bilər. Xəstəliyin müəyyən edilməsindən 20 ildən çox müddət keçib. Həmin dövrdə əmək qabiliyyətinin itirilmə faizinin müəyyən edilməsi konkret deyildi. İnsan bioloji varlıqdır. Ötən illər ərzində həm sağala bilərdi, həm də səhhəti daha da pis ola bilərdi. Müəssisənin mövqeyi budur ki, şəxs yenidən Reabilitasiya Mərkəzində yoxlanılmalıdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: . İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı Ərazi TSEK tərəfindən verilmiş 519529 saylı arayışdan görünür ki, İddiaçı təkrar müayinə olunaraq, peşə xəstəliyi əsası ilə müddətsiz 3 qrup əlillik dərəcəsi müəyyən edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, müəssisə hal-hazırda faktiki olaraq, heç bir fəaliyyət göstərmir. İddiaçının işlədiyi vəzifə və yaxud həmin vəzifəyə uyğun heç bir ştat mövcud deyildir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan və istifadəçilərə təqdim edilən rəsmi statistik məlumatlar bu sahədə statistikanın aparılması üçün müəyyən edilmiş hesabat formalarının məlumatları əsasında işlənilir ki, həmin hesabat formalarında ayrı-ayrı peşələr (vəzifələr) üzrə orta aylıq nominal əməkhaqqına dair məlumatlar nəzərdə tutulmamışdır. Bu səbəbdən sorğunuzda qeyd edilmiş “çilingər” peşəsi üzrə orta aylıq nominal əməkhaqqı barədə məlumatların tərəfimizdən təqdim edilməsi mümkün deyil. Bununla yanaşı bildirilir ki, “Sumqayıt Superfosfat ASC”-nin əsas fəaliyyətinin də aid olduğu “Kimya sənayesi” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin yanvar-oktyabr aylarında 1225,1 manat təşkil etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. - 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. - 1119.3-cü maddəsinə əsasən zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.3-cü maddəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır.İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmətibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında Qaydaları”nın 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir; - 2.1-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir.Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.İstehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. - 2.2-ci bəndinə əsasən əmək xəsarəti ilə əlaqədar təqsirkar müəssisə zərərçəkənə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzini ödəyir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikasının Prezidentinin 04 avqust 2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının5.1-ci maddəsinəəsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. (5.2) Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. (5.3) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir (5.5). Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. (5.6) Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdeh müəssisədə əmək vəzifələrini yerinə yetirərkən aldığı xəsarət nəticəsində peşə xəstəliyinə tutulmuş, əmək qabiliyyətinin 60% hissəsini itirmək əsası ilə ona 3-cü qrup əlillik dərəcəsi təyin edilmişdir. Cavabdeh "xxxx" ASC-nin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixində başa çatmışdır. Hazırda iddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq ona hər ay 483 manat məbləğində ödənişin onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarının 3.10-cu maddəsinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt Superfosfat” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" zavodunda təmirtikinti sexində dülgər vəzifəsində işləmişdir. Cavabdeh tərəfindən İddiaçı həmin zavodda işlədiyi vaxt aldığı əmək haqqının məbləği, o cümlədən hal-hazırda həmin vəzifədə çalışan şəxslərin orta aylıq əmək haqqı barədə məlumat məhkəməyə təqdim edilməmiş, əksinə hazırda müəssisədə iddiaçının işlədiyi vəzifə və yaxud həmin vəzifəyə uyğun heç bir ştatın mövcud olmadığı barədə arayış təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim edilən məlumatdan isə görünür ki, "xxxx" ASC-nin əsas fəaliyyətinin də aid olduğu “Kimya sənayesi” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin yanvar-oktyabr sentyabr aylarında 1225,1 manat təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi hal-hazırda “Kimya sənayesi” sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı həddində olduğundan onun tələbi tələbi təmin edilməli, cavabdeh müəssisənin özəlləşdirilmə tarixi xx.xx.2022-ci il tarixdə bitdiyindən həmin vaxtdan başlayaraq hər ay 483 manat məbləğində aylın ödənc cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyanla bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2). Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilir ki, “məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər şəxsi qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər)” hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ərizəsində cavabdehin hərəkətləri nəticəsində mənəvi əzab çəkdiyini və bunun nəticəsində mənəvi ziyan dəydiyini bildirsə də, ərizəsinə bu halları da təsdiq edən hər hansı sübut əlavə etmədiyindən, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etmədiyindən, 1000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2022-ci il tarixədək daimi olaraq iddiaçıya aylıq ödənc əvəzinə aylıq müavinət verilməsini də nəzərə alır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilən xərclərə görə cavabdehdən 120 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya verilməlidir. Belə ki, iş materillarına əlavə edilmiş 18835 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülmüşdür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci (50 manat) də cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 11 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 483 (dörd yüz səksən üç) manat məbləğində ödəniş, hüquqi xidmətə görə ödənilmiş 120 (bir yüz iyirmi) manat pul və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar