Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2225/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan 18.04.2019-cu il tarixli nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə qətnamə çıxarmağı xahiş etmişdir. İddiaçı məhkəmədə iştirak edən zaman iddianı müdafiə edərək göstərmişdir ki, o, cavabdehlə 18.04.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Lakin onlar rəsmi nikaha daxil olsa da, onlar ailə kimi yerdə yaşamamışlar, ümumiyyətlə onların toyları olmamışdır. Belə ki, o, cavabdehlə tanış olmuş, aralarında sevgi, istək olmamışdır. O, ilk gündən ailə qurmağa razı olmamışdır. Lakin nişanlı olduğu üçün valideynlərinin israrı ilə bu müddət ərzində cavabdehlə nişanlı qalmışdır. Dəfələrlə cavabdehlə söhbətləri olub ailə və məişət sahələrində çoxsaylı fikir ayrılıqlarının olduğunu görmüşdür. Sonda belə bir qərara gəlmişdir ki, ailə qurub boşanmaqdansa, ayrılsalar yaxşıdır. Hər ikisi valideynlərinə bildirmişdir. Artıq bunlar ailə qurmaq və birlikdə yaşamaq fikrində yoxdur. Ona görə də, aralarında olan nikah etibarsız hesab edilməlidir. Bundan sonra adi qaydada nikah pozularsa bir gənc kimi həm ona, həm də cavabdehə gələcəkdə lazımsız problemlər əmələ gətirər. Göstərilənləri nəzərə alıb, Cavabdeh ilə aralarında olan 18.04.2019-cu il tarixli nikahın bağlandığı gündən etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və üzürlü səbəbdən məhkəmə iclasına gələ bilmədiyini qeyd edərək, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, həqiqətəndə iddiaçı ilə rəsmi nikaha girmişlər. Lakin toy olmamışdır. Belə ki, onların nikahları rəsmi kağız üzərindədir. Hazırda nikahın etibarsız hesab edilməsinə etiraz etmədiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ № 329496 saylı 18.04.2019-cu il tarixli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, Cavabdeh ilə Mirzəzadə Türkan Gündüz qızı arasında olan nikah Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 18 aprel 2019-cu il tarixdə bağlanmış və 966 nömrə qeyd olunmaqla sonuncuya «Qurbanlı» soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh 12.02.2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı ona qarşı nikahın etibarsız hesab edilməsinə dair iddiasını qəbul edir və iddiaçı ilə aralarında olan nikahın etibarsız hesab edilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 9 saylı Mənzil-Kommunal Sahəsinin 14.01.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21, mənzil 22-də yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 5 saylı Mənzil-Kommunal Sahəsinin 14.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 13/31, mənzil 49-da məcburi köçkün kimi qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə görə, bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü naddəsinə görə, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü naddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbayçan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və Cavabdeh iddia tələbini qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında 18 aprel 2019-cu ildə Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 966 № ilə qeyd olunmuş nikah qeydi etibarsız hesab edilməli və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə nikah etibarsız hesab edildikdən sonra qızlıq soyadı olan “Mirzəzadə” soyadına keçməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 183-cü maddəsinə əsasən ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məçəlləsinin 25-ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 18 aprel 2019-cu ildə Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 966 № ilə qeyd olunmuş nikah qeydi etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2225/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2225/2021
01.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver