Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-223/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı mənzilə köçürülmə tələbinə, Cavabdeh1 və X1 İddiaçı qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və X2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək azyaşlı uşaqları xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1la 2005-ci ilin noyabr ayında ailə qurmuş və həmin tarixdən birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə gəlin gəlmişdir. Onların nikahları 2006-cı ildə qeydə alınmışdır. Birgə nikahdan üç övladları olmuşdur. Cavabdeh Aqilə Həsənova iddiaçının qaynanasıdır. İddiaçının qaynatası vəfat etdikdən sonra mənzili qaynanası öz adına rəsmiləşdirmişdir. İddiaçı xx.xx.2008-ci ildə mənzilə pasport qeydiyyatına götürülmüşdür. Həmin mənzil order əsasında iddiaçının qaynatasına məxsus olmuşdur. İddiaçı gəlin gələn vaxt mənzil dövlət fonduna aid olmuşdur. Mənzil 2-3 il bundan əvvəl özəlləşdirilmişdir. Hal-hazırda iddiaçı nikahın pozulması barədə iddia ilə məhkəməyə mütaciət etmişdir. Cavabdehlər iddiaçının həmin mənzildə yaşamasına imkan vermirlər. İddiaçı 2005-ci ildən həmin mənzildə yaşayır. Cavabdehlər məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək iddiaçının birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə 3000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında nikah Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuş və yetkinlik yaşına çatmayan uşaqlar Cavabdeh1 yanında saxlanmışlar. Boşanmaların səbəb iddiaçının səhhətində ciddi problemlərin olmasıdır. Mənzil Aqilə Həsənovanın mülkiyyətindədir. İddiaçı artıq onların ailə üzvləri olmadığından onun cavabdehlərlə yaşaması mümkün deyil. Bu səbəbdən ona 3000 manat kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi. İddiaçı həmçinin bildirdi ki, mənzil qaynanasının adına özəlləşdirilərkən o, mənzilə qeydiyyatı olan şəxs kimi buna razılıq ərizəsi verib. Bu səbəbdən onun həmin mənzildən istifadə hüququ vardır. Cavabdehlərin təklif etdikləri məbləğ olduqca azdır. Belə ki, mənzil üç otaqlıdır və həmin mənzil üçün təklif edilən kompensasiya məbləği kifayət deyil. Qeyd edilənlərə əsasən iddiaçı ilkin iddianın təmin qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, məhkəmə qətnaməsinə əsasən iddiaçı ilə nikahları pozulmuş və uşaqları onun yanında saxlanmışlar. Eyni zamanda iddiaçıdan onun xeyrinə aliment tutulmuşdur. Hazırda uşaqları onun yanındadır və onların ehtiyaclarını o qarşılayır. Bu səbəbdən ən çox 5000 manat kompensasiya verə bilər. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, təklif olunan kompensasiya iddiaçının müəyyən müddət kirayədə yaşamasına imkan verir. Tərəflərin bir mənzildə yaşamaları qeyri-mümkündür. Bu gələcəkdə böyük münaqişələrin yaranmasına səbəb ola bilər. Qeyd edilənlərə əsasən nümayəndə ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Digər cavabdeh Aqilə Həsənovaya məhkəmə iclası barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1989-cu ildə anadan olmuşdur. O, hazırda Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilində (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadır. Cavabdehlərdən Cavabdeh1 xx.xx.1977-ci ildə anadan olmuşdur. Cavabdeh1 da mübahisəli mənzildə qeydiyyatdadır. 15 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, iddiaçı xx.xx.2008-ci ildən mübahisəli mənzildə qeydiyyatda olmaqla orada yaşayır. Həmin MKS-in digər arayışında Aqilə Həsənovanın da mübahisəli mənzildə yaşadığı qeyd edilmişdir. xx.xx.1984-cü il tarixli, 10/115 saylı orderə əsasən mübahisəli mənzil cavabdeh Aqilə Həsənovaya verilmişdir. X3 ailə üzvləri sırasında Cavabdeh1 da adı qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil üzərində xx.xx.2017-ci il tarixində Aqilə Həsənovanın mülkiyyət hüququ qeydə alınmışdır. Mübahisəli mənzilin texniki pasportu ilə mənzilin 69,5 kv.metr sahəsi olmaqla mənzil 3 otaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli mənzil xx.xx.1984-cü il tarixli, 10/115 saylı orderə əsasən mübahisəli mənzil cavabdeh Aqilə Həsənovaya verilmişdir. İddiaçı 2005-ci ildə Cavabdeh1la ailə quraraq həmin mənzilə köçmüşdür. Həmin vaxt mənzil dövlət fonduna aid olmuşdur. Bu səbəbdən mübahisəyə icarə münasibətlərinin tənzimləndiyi xx.xx.2009cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı icarədarın ailə üzvü kimi mübahisəli mənzilə köçmüş və mənzildən istifadə hüququ əldə etmişdir. Mənzil 2017-ci ildə özəlləşdirilərkən iddiaçı icarədarın ailə üzvü kimi mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsi vermişdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. İddiaçı mübahisəli mənzilin özəlləşdirilməsinə razılıq versə də onun həmin mənzildən istifadə hüququ saxlanmışdır. Hazırda cavabdehlər həmin hüquqa kompensasiya verilməklə xitam verilməsini xahiş edirlər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarındakı əsas hüquqi mövqelərdən biri belə olmuşdur ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna—xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Qarşılıqlı iddia ərizəsində iddiaçıya 3000 manat, məhkəmə iclasında isə 5000 manat kompensasiya təklif edilmişdir. Göründüyü kimi mübahisəli mənzilin sahəsi 69,5 kv.metr olmaqla mənzil 3 otaqdan ibarətdir. Cavabdehlər iddiaçıya təklif etdikləri kompensasiyanın onun oxşar şəraitə malik olan yaşayış sahəsində davamlı sürətdə və müəyyən müddət daxilində yaşamağa imkan verdiyini sübut etməlidirlər. Lakin, cavabdehlər bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya təklif etdikləri kompensasiya məbləği onun oxşar şəraitli yaşayış sahəsində davamlı və uzun müddət yaşaması üçün kifayət deyildir. Bu səbəbdən qarşılıqlı iddia təmin edilə bilməz. İlkin iddiaya gəldikdə isə yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisəli mənzildən istifadə hüququ itirilməmişdir. Bu səbəbdən ilkin iddia iddiaçının mübahisəli mənzilə köçürülməsi hissəsində təmin edilməlidir. İddiaçının yetkinlik yaşına çatmayan uşaqlarının mənzilə köçürülməsinə gəldikdə isə qeyd edilməlidir ki, uşaqlar məhkəmə qətnaməsinə əsasən Cavabdeh1 yanında saxlanmışlar və mübahisəli mənzildə yaşayırlar. Bu səbəbdən ilkin iddia uşaqların mənzilə köçürülməsi hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, 1 saylı evin 99-cu mənzilinə köçürülsün. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-223/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-223/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver