Məhkəmə qərarları › İş №2(060)-2242/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2242/2025

22.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2242/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiaərizəsiilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1, 30 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, 30 saylı mənzil xx.xx.2023-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə xüsusi mülkiyyət hiiququ əsasında ona məxsusdur. Həmin mənzil daha öncə mərhum anası X1 adında olmuş və mənzili bağışlama müqaviləsi əsasında ona bağışlamışdır. Hazırda mənzildə anası ilə faktiki yaşayan, onunla heç bir qohumluq əlaqələri olmayan Cavabdeh yaşayır. Mənzil onun xüsusi mülkiyyətindir və ona məxsus olan mənzildə cavabdehin yaşamasını istəmir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının anası ilə cavabdeh qeyri rəsmi olaraq bir evdə yaşayıblar. Ana sağ olarkən iddiaçı cavabdehin evdə qalmasına etiraz etməyib. Lakin, hazırda iddiaçının anası vəfat edib. İddiaçı cavabdehin evindən çıxarılmasını istəyir. Bir daha qeyd edir ki, iddiaçı ilə cavabdehin heç bir qohumluq əlaqəsi yoxdur. Bundan başqa cavabdehin mübahisəli mənzildə yaşaması barədə iddiaçı ilə hər hansı bir razılığı və ya notarial qaydada ərizəsi yoxdur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa, SX048070323AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İş materiallarında olan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. 7.İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən 30 saylı mənzildə qeydiyyatdadır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 30 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Hazırkı iş üzrə cavabdeh iddiaçıya məxsus həmin mənzildə yaşayır. Hazırda iddiaçı onunla heç bir qohumluq münasibətləri olmayan Cavabdeh mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir, lakin bu barədə etirazını məhkəməyə təqdim etməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

9. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 10.Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. 11.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 12.Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqlamüəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

13. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir və tərəflər arasında həmin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada hər hansı razılaşma yoxdur. 14.Məhkəmə onu da qeyd edir ki, mövcud qanunvericiliyin mənasına görə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün istifadə hüququnun yaranmasını iddia edən şəxsin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. (Mənzil Məcəlləsi, maddə 30) 15.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda cavabdeh yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı ailə üzvləri sırasına daxil deyildir. 16.Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 17.Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. 18.Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. 19.Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 20.Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 21.Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.

22. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus ünvan 1, 30 saylı mənzildə yaşaması üçün hər hansı qanuni əsas yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilməli, cavabdeh mübahisəli mənzildən çıxarılmalıdır. 23.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24.Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4).

25. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi: 26.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, 30 saylı mənzildən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar