Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2251/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X12 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) X12 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1-ə olan istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6-da yerləşən 24 saylı mənzil xx.xx.1972-ci ildə 10/79 saylı order əsasında iddiaçının atası X1 verilmişdir. Atası xx.xx.2005-ci ildə, anası isə xx.xx.2018-ci ildə vəfat etmişlər. Cavabdeh iddiaçının qardaşı oğludur və 2019-cu ilin mart ayondan bəri mübahisəli mənzildə yaşamır. Cavabdeh formal olaraq evdə qeydiyyatda qalıb. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin iş materiallarında olan ünvanına göndərilmiş məhkəmə bildirişləri rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1967-ci ildə, cavabdeh isə xx.xx.1983-cü ildə anadan olmuşdur. İddiaçı və cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadırlar. xx.xx.1972-ci il tarixli, 10/79 saylı orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6-da yerləşən 24 saylı mənzil X1 verilmişdir. X8 ailə üzvü kimi iddiaçının da adı qeyd edilmişdir. xx.xx.2005-ci il tarixli, 158112 saylı və xx.xx.2018-ci il tarixli, 928508 saylı ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X6 xx.xx.2005-ci ildə, X7 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişlər. 10 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli, 969 saylı arayışında göstərilmişdir ki, iddiaçı ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) yaşayır. Cavabdeh də həmin mənzildə qeydiyyatdadır. Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 6, mənzil 18-də yaşayan X2, həmin evin 25 saylı mənzilində yaşayan X3 və 10 saylı Mənzil Kommunal Sahəsinin sahə ustası X9 tərəfindən tərtib edilərək imzalanmış və həmin Mənzil Kommunal Sahəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktda göpstərilmişdir ki, cavabdeh 2019-cu ilin mart ayından mübahisəli mənzildə yaşamır. Məhkəmə iclasında ifadə vermiş şahid X16 ifadəsində bildirdi ki, cavabdeh onun oğludur. Aralarında yaranmış söz-söhbət səbəbindən cavabdeh 2019-cu ilin mart ayından mübahisəli mənzili tərk edərək getmişdir. Hazırda onun cavabdehlə əlaqəsi yoxdur. Cavabdeh mübahisəli mənzildə yaşamır. Məhkəmə iclasında ifadə vermiş şahid X5 ifadəsində bildirdi ki, cavabdeh ailə qurduqdan sonra mübahisəli mənzildən getmişdir. Hazırda onunla heç bir əlaqəsi yoxdur. Cavabdeh mübahisəli mənzildə yaşamır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi mübahisəli ev 1972-ciu ildə order əsasında Sevindik Şirinova verilmişdir. Cavabdeh isə 1983-cü ildə anadan olmuş və həmin vaxtdan icarədarın ailə üzvü kimi mübahisəli mənzilə istifadə hüququ əldə etmişdir. Mənzil hal-hazıra kimi özəlləşdirilməmişdir. Bu səbəbdən hazırkı mübahisəyə icarə münasibətlərinin tənzimləndiyi xx xxxxxxx 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş xx xxxx 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87). Yuxarıda qeyd edilən normalardan göründüyü kimi icarədarın ailə üzvləri yaşayış sahəsindən istifadə hüququnu o vaxt itirə bilərlər ki, daimi yaşamaq üçün başqa yerə gedsinlər və ya 6 aydan artıq müddətdə yaşayış sahəsində yaşamasınlar. Göründüyü kimi cavabdeh təxminən 2 ildir ki, mübahisəli mənzildə yaşamır və onun həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacı yoxdur. Bu səbəbdən cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsdi üçün əsaslar vardır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X10 ünvan 1-ə olan istifadə hüququ itirilmiş hesab olunsun. Hazırkı qətnamə X10 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2251/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2251/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver