Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2282/2022 13.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı kilometrliyindən keçən hissədə yerləşən bir mərtəbəli, dörd otaqlı bağ evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2004-cü ildə rəsmi nikaha girmiş, bu izdivacdan xx.xx.2005-ci il və xx.xx.2008-ci il təvəllüdlü Əli və Yusif adlı övladları doğulmuş, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə nikahları pozulmuşdur. Onlar birgə nikah dövründə torpaq sahəsi almış və orada xx.xx.2011-ci ildə ev tikib, yaşamışlar. Münasibətləri korlandığından o, hazırda azyaşlı uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Ona görə də hesab edir ki, o və azyaşlı uşaqları həmin evə köçürülməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir, belə ki, mübahisəli evi tikdiyi torpaq sahəsini 2009-2010-cu ildə maklerdən 2.5 sotunu 3.000 manata almışdır. Həmin torpaq sahəsində 1 mərtəbə 4 otaqlı ev tikmişdir. Torpaq və evin sənədi yoxdur. İlk dövrlərdə torpağa görə vergi ödəsə də son 4 ildir ki, ödəmir. Həmçinin, qeyd etdi ki, torpaq sahəsi birgə nikah dövründə alınmış və ev də birgə nikah dövründə tikilmişdir. Hazırda ev təmirsiz vəziyyətdədir və o, orada yaşayır. İddiaçı da onunla birgə boşanana qədər həmin evdə yaşamışdır. Boşandıqdan sonra evdə heç bir tikinti işi aparmamışdır. Mediasiya prosesində iddiaçı ilə evi satıb, əldə olunan gəliri bölməyə razılaşmışdırlar. Evin hazırda satış dəyəri 20.000 manatdır. Evə alıcı tapmış, beh almışdır, lakin iddiaçı razılışıb evdən əşyalarını çıxarmaq istəmir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətlərindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə, X9 isə xx.xx.2008-ci ildə doğulmuş, ataları Cavabdeh, anaları İddiaçıdır. - Xızı Rayon Məhkəməsinin 2(060)-183/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında olan xx.xx.2004-cü il tarixli nikah pozulmuş, xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X9 iddiaçının himayəsinə verilmiş və cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Xızı rayon İcra Hakimiyyəti Başçısının Yeni Yaşma kənd İnzibati Ərazi Dirəsi üzrə Nümayəndəliyinin verdiyi xx.xx.2021-ci il tarixli, 279 №-li arayışdan görünür ki, Cavabdeh Xızı rayonunun Yeni Yaşma kəndində qeydiyyatdadır, lakin yaşamır. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın rayon təhsil şöbəsi F.T.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinin verdiyi xx.xx.2021-ci il tarixli, 08 №-li arayışdan görünür ki, X9 2014/2015-ci tədris ilində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən Laçın rayon F.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. Hazırda o, 2021-2022-ci tədris ilində həmin məktəbin 8b sinfində təhsilini davam etdirir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Laçın rayon təhsil şöbəsi F.T.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinin verdiyi xx.xx.2021-ci il tarixli, 09 №-li arayışdan görünür ki, X12 2011/2012-ci tədris ilində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən Laçın rayon F.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmişdir. Hazırda o, 2021-2022-ci tədris ilində həmin məktəbin 11-ci sinfində təhsilini davam etdirir. - Azərbaycan Respublikası Sumqayıt şəhəri X2 "xxxx" MMC-nin direktoru X8 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Bakı-Quba yolunun 40-cı kilometrliyindən keçən hissəsində yerləşən, Cavabdeh sənədsiz istifadəsində olan 250 m2 torpaq sahəsi və həmin torpaq sahəsi üzərində sənədsiz 96.6 m2 fərdi yaşayış evi vardır. Torpaq vergi ödəyicisi kimi X3 2009-cu ildə Cavabdeh adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Hacı Zeynalabdin qəsəbəsində nümayəndənin xx.xx.2021-ci il tarixli aktından görünür ki, Xızı rayon Yeni Yaşma kəndində qeydiyyatda olan xx.xx.1981-ci il təvəllüdlü İddiaçı və övladları Xızı rayon qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X9 ilə birlikdə 2011-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayına qədər Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolunun 40-cı kilometrliyindən keçən hissəsində yerləşən Dəmir yolu bağ evində qeydiyyatsız yaşamışdır. Qeyd olunanları X6, X1 Milayim Əmrulla qızı öz imzaları ilə təsdiq etmişdirlər. - Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, İddiaçı və Cavabdeh iştirakı ilə ailə münasibətlərindən irəli gələn mübahisə ilə əlaqədar xx.xx.2022-ci il tarixində mediasiya prosesi həyata keçirilmişdir. H.Z.Tağıyev qəsəbəsində yerləşən daşınmaz əmlak bölgüsünə dair razılıq əldə olunmadığına görə tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İddiaçı mediasiya sessiyalarının keçirilməsi üçün 100 manat məbləğində mediasiya xərcini özü ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikili olmaqla, həmin evə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquq daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı xx.xx.2004-cü il tarixdə cavabdehlə ailə qurmuş və sonuncunun valideynləri ilə birlikdə yaşadığı Xızı rayonu, Yeni Yaşma kəndinə gəlin köçmüş, 2011-ci ildə isə cavabdehlə mübahisəli evi tikərək, orada yaşamışdır. xx.xx.2021-ci il tarixdə tərəflər arasında rəsmi nikahın pozulması, birgə nikahdan olan uşaqların anasının himayəsində qalmasına dair məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci ildə evi tərk edərək, atasının evinə köçdüyünü, hazırda uşaqları ilə birlikdə atasının evində yaşadığını bildirmişdir. Cavabdeh sözügedən torpağın vergi ödəyicisi kimi Bələdiyyədə qeydiyyata alınmış və vergi ödəmişdir. İddiaçı yaşamağa yerinin olmadığını əsas gətirərək, uşaqları ilə birlikdə mübahisə predmeti olan evə köçürülməsinə dair iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Bu Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, hər iki tərəfin mülkiyyət hüququ üzrə gözləntiləri olduğundan mübahisəli əmlak birgə nikah dövründə və ümumi vəsait hesabına tikildiyindən, iddiaçının da həmin evdən istifadə hüququnu həyata keçirmək imkanını məhkəmə təcrübəsi tanıdığından, habelə qanunun analogiyasına görə iddia əsaslıdır. Məhkəmə, həmçinin, hesab edir ki, iddiaçı cavabdehin keçmiş ailə üzvü olsa da, sonuncunun sahibliyində olan əmlaka yuxarıda göstərilən əsaslarla müvafiq gözlənti hüququ formalaşdığından mübahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsiri altına düşmür. Odur ki, mübahisəli evdən iddiaçının da istifadə imkanının təmin edilməsi üçün, o, sözügedən yaşayış sahəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə köçürülməsinə dair tələb irəli sürməkdə haqlı olduğundan və tərəflərin birgə nikahdan olan övladları müvafiq məhkəmə qətnaməsi əsasında onun himayəsində və yanında saxlanıldığından iddia bu hissədə də əsaslıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı kilometrliyindən keçən hissədə yerləşən bir mərtəbəli, dörd otaqlı bağ evinə uşaqları - xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2008ci il təvəllüdlü X9 ilə birlikdə köçürülməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı-Quba yolunun 40-cı kilometrliyindən keçən hissədə yerləşən bir mərtəbəli, dörd otaqlı bağ evinə uşaqları xx.xx.2005-ci il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X9 ilə birlikdə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2282/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2282/2022
13.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver