Məhkəmə qərarları › İş №2(060)-2302/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2302/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2302/2025 17.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 (İddiaçı etibarnamə üzrə nümayəndəi) ilə Cavabdeh Höccətulla oğlu arasında 26 iyul 2022-ci ildə “Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə İddiaçı mülkiyyətində olan **-CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5400 manata Cavabdeh Höccətulla oğluna satmışdır. Həmin müqavilənin 3-cü bəndində görə alıcı qismində çıxış edən Cavabdeh müqavilə imzalanan gün yəni, xx.xx.2022-ci ildə satıcıya ödəyir, qalan 4550 manatı isə 18 ay müddətinə hər ayın 1-nə kimi 253 manat olmaqla satıcının notariusun bankda açılan hesabına depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən Cavabdeh ilk 4 ayı 253 manat bankın depozit hesabına qoymuşdur. Qalan 4 ayı isə iddiaçıya ödəmişdir. İddiaçıya cavabdeh tərəfindən 962 manat əlbəəl pul ödənilmişdir. Cavabdehin iddiaçıya ödədiyi ümumi məbləğ 1974 manat təşkil edir. Həmçinin cavabdeh tərəfindən ilkin olaraq 1000 manat ödəniş edilmişdir. Hazırki tarixə cavabdehin iddiaçıya 2426 manat borcu vardır. Dəfələrlə pulun qaytarılması üçün cavabdehə müraciət etsə də, o, pulu qaytarmaqdan boyun qaçırdır. Göstərilənlərə əsasən, Cavabdeh 2426 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək bildirilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə müqavilə bağlanılmışdır. Müqaviləyə görə İddiaçı məxsus olan “Mercedes C” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil 5400 manata ona faktiki olaraq satılmışdır. Müqavilədən görünür ki, müqavilə bağlanarkən həmin pulun 850 manatı dərhal verilmişdir, daha sonra özünün də etiraf etdiyi kimi 1964 manat əlbəəl verilmişdir. Qəbzlərdən görünür ki, aylıq hissəvi olaraq ödənişlər olunmuşdur. İddiaçıya ümumilikdə 4756 manat ödəmiş və hazırda 644 manat borcu qalmışdır.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan 26 iyul 2022-ci il tarixli “nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi haqqında” müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X3 (İddiaçı əvəzinə) Sumqayıt RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AC271771 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020221A18256, mühərrikin nömrəsi **********1228 və buraxılış ili 1994-cü il olan “Mercedes Benz C220 minik” markalı **-CR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh 5400 manata satmışdır.

7. Müqavilənin 3-cü bəndinə əsasən tərəflər arasında hesablaşma qaydası:-alıcı bu müqavilənin 1-ci bəndində nəzərdə tutulan məbləğin 850 manatını xx.xx.2022-ci il tarixdə, qalan 4550 manatını 18 ay müddətinə hər ayən 1-nə kimi 253 manat olmaqla, satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir.

8. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 4621 saylı qəbzdən görünür ki, X2 230 manat, xx.xx.2023-cü il tarixli, 11025 saylı qəbzə əsasən, X2 250 manat, xx.xx.2022ci il tarixli qəbzə əsasən 850 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 253 manat, xx.xx.2022-ci il tarixli qəbzə əsasən 759 manat ödəniş edilmişdir.

9. İş materiallarında olan Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)- 77/2025 saylı qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməməsi, iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı “avtomobilin geri qaytarılması və ödənilmiş pulun alınması tələbi”nə dair iddiasının əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

10. Həmin qətnamədən görünür ki, Cavabdeh və X3 izahatlarında 2150 manat borcun qaldığını bildirmişlər.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 26 iyul 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı “Mercedes C” markalı, **- CR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh 5400 manata (18 ay ərzində hər ay 253 manat ödəmək şərtilə) satmışdır. İddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilmiş, lakin cavabdeh öhdəliklərini icra etməmiş, nəticədə ödənilməmiş borcu yaranmışdır.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

13. Göründüyü kimi, iddia tələbinin qanuni əsasını nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri təşkil edir.

14. Belə olan halda hazırkı mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən normalar tətbiq edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

18. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Göstərilən Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

21. Eyni Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

22. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

23. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

24. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

26. Məhkəmə iddia tələbinin “2426 manat tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 2150 manat məbləğində pul tutulmalıdır.

27. Belə ki, qanuni qüvvəsini almış Laçın Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(047)-77/2025 saylı qətnaməsindən görünür ki, Cavabdeh və X3 izahatlarında 2150 manat borcun qaldığını təsdiq etmişlər.

28. Göründüyü kimi iddiaçı cavabdehin ona məhz 2426 manat məbləğində pul borclu olduğunu bildirsə də, bu barədə də sübutu məhkəməyə təqdim edə bilməmişdir.

29. Həmçinin, cavabdeh iddiaçıya 644 manat borcu qaldığını bildirsə də, həmin faktı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

30. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

31. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

32. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

33. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

34. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

35. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

36. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

37. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2150 (iki min yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

38. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

45. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

46. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 41,50 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.

Nəticə hissəsi:

47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2150 (iki min yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 41,50 manat (qırx bir manat, əlli qəpik) məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar