Məhkəmə qərarları › İş №2(060)-2311/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2311/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2311/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 273 saylı mənzili xx.xx.2003- cü il tarixindən alqı-satqı müqaviləsinə əsasən almış, halhazırda onun xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh alqı-satqı müqaviləsi bağlandıqdan sonra göstərilən ünvandakı mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmışdır. Hesab edir ki, cavabdeh faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişdir. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh və övladı xx.xx.2007-ci il təvəllüdlü X2 oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 273-ə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilərək məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, İddiaçı izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, Cavabdeh övladı xx.xx.2007-ci il təvəllüdlü X2 oğlu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 273 saylı evdə qeydiyyatdadır, xx.xx.2003-cü ildən bu ünvanda yaşamırlar. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh və X2 oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsi, 273 saylı evdə qeydiyyatda olsalar da bu ünvanda yaşamırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* N-li arayışdan görünür ki, Cavabdeh övladı xx.xx.2007-ci il təvəllüdlü X2 oğlu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 273 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Qeydiyyat Vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 273 saylı evi Sumqayıt şəhər 6 nömrəli DNK-nun 4Ə-6/768 nömrəli xx.xx.2003-cü il tarixli alqı-satqı əsasında mülkiyyət hüququ İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli forma iki saylı arayışın surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 273 saylı evdə hüququ olmayan kimi qeydiyyatdadır. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olmaları, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, Cavabdeh və övladı xx.xx.2007-ci il təvəllüdlü X2 oğlu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 273 saylı evdə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və övladı xx.xx.2007-ci il təvəllüdlü X2 oğlu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 273 saylı evə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar