Məhkəmə qərarları › İş №2(060)-2315/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2315/2021

12.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2315/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 10 mkr., 28 saylı evin, 72 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırdı ki, Sumqayıt şəhəri. 10-cu mikrorayon, 28 saylı evin 72 saylı mənzili onun mülkiyyətindədir. Həmin mənzili ona Cavabdeh xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi ilə bağışlamışdır. Həmin bağışlanma müqavilə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışı ilə mənzil onun mülkiyyətinə verilmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. O, cavabdehlə 1987-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Uzun müddətdir ayrılmalarına baxmayaraq rəsmi nikahları 2019-cu il tarixdə pozulmuşdur. AZ-İ 326967 nömrəli, xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamədə də öz əksini tapır. Belə ki, cavabdeh uzun müddətdir mübahisəli mənzildə yaşamır. Halhazırda cavabdehin onun mənzili ilə heç bir əlaqəsi yoxdur, cavabdehə aid heç bir əşya da yoxdur. Cavabdehin qeydiyyatda qalması onun mənzil hüquqlarının pozulması deməkdir. Həmçinin cavabdeh özü də qeydiyyatdan çıxmağa etiraz etmir. Cavabdehin özünə məxsus şəxsi evi də var. Lakin evinin yerləşdiyi ünvanda ümumi evin sənədləşmə problem olduğuna görə bu günə kimi onun mənzilində qeydiyyatdan çıxa bilməmişdir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsinə və onun Sumqayıt şəhəri, 10 mkr., 28 saylı evin, 72 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, iddia tələbini qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın baışlanması müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 10 mkr., 28 saylı evin, 72 saylı mənzilini İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10 mkr., 28 saylı evin, 72 saylı mənzili İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 10 mkr., 28 saylı evin, 72 saylı mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən İddiaçı Sumqayıt şəhəri, 10 mkr., 28 saylı evin, 72 saylı mənzilini daşınmaz əmlakın bağşılanması müqaviləsi əsasında əldə etmiş, buna baxmayaraq, Cavabdeh həmin mənzildə rəsmi olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək iddiaçının bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 10 mkr., 28 saylı evin, 72 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar