Məhkəmə qərarları › İş №2(060)-2320/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2320/2021

14.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2320/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı AR Sumqayıt İH Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı AR Sumqayıt İH Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyi cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53cü otağında yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağından əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt mehmanxanası 1962-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB-nin balansına verilmişdir. Sözügedən mehmanxana 1988-ci ildə məlum hadisələrlə əlaqədar məcburi köçkünlər tərəfindən zəbt edilmiş və 2019-cu ilədək yaşayış sahəsi kimi istifadə edilmişdir. 2019-cu ildə isə onlar 12ci mikrorayon ərazisində yaşayış binası tikilərək oraya köçürülmüşlər. 2015-ci ildə Cavabdeh1 dediyinə görə sözügedən mehmanxananın 53-cü otağını Səidə adlı şəxsdən alaraq orada yaşamağa başlamış və hal-hazırda da orada 3 nəfər ailə üzvü ilə birlikdə yaşayır. Məsələ ilə əlaqədar Cavabdeh1 MKTİB-nə dəvət olunmuş sözügedən otaqda qanunsuz məskunlaşdığı nəzərinə çatdırılaraq zəbt etdiyi yaşayış sahəsini boşaltması tələb olunmuşdur. Lakin Cavabdeh1 53 saylı otağı boşaltmaqdan imtina etmişdir. Ona görə də iddianın təmin edilməsi dair qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini əsassız hesab edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. - Cavabdeh1 tərəfindən verilmiş izahatdan görünür ki, o, sözügedən mübahisəli əmlakı 2015-ci ildə Səidə adlı qadından 10500 manat məbləğində aldığını, sonradan aldandığını anladığını bildirmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 2 saylı Mənzil Kommunal Sahəsinin aktından görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə ərazisində yerləşən 104/66 saylı bina Sumqayıt şəhər mehmanxanası, Dağlıq Qarabağda baş vermiş hadisələrlə əlaqədar erməni işğalçıları tərəfindən öz torpağından qovulmuş vətəndaşlarımız 1993-cü ildən həmin mehmanxanada məskunlaşmışlar. 2019-2020-ci illərdə orada yaşayan köçkünlər yeni yaşayış binalarına köçürülmüşdür. Ancaq həmin binanın 53-cü otağında yaşayan Cavabdeh1 özünün bildirdiyinə görə 2015-ci ildən göstərilən otaqda yaşayır, lakin onun həmin otağı tutmaq üçün elə bir sənədi yoxdur. Onun üçün həmin otağın boşaldılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq otağı boşaltmaqdan imtina etmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 28.01.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Səməd Vurğun 104 ünvanında yerləşən Sumqayıt Mehmanxanası binası 1962-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalı Birliyinin balansındadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağı cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh1 və ailə üzvləri həmin ünvanda məskunlaşaraq yaşayırlar. Cavabdeh1 həmin otağın boşaldılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq otağı boşaltmaqdan imtina etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Həmin maddənin İV hissəsinə görə də heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətdən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı işi üzrə qərarında isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Hazırki, mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, məcburi köçkün statusuna malik olan şəxslərin iddiaçıya məxsus mənzili 25 ildən artıq müddət ərzində zəbt etməsi və zəbt etmə faktının qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına dəlalət edir. Cavabdehlərin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı onun mülkiyyətində olan mənzilin üzərində olan sərəncam, sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlərin mübahisəli mənzildə məskunlaşmasının hər hansı hüquqi əsası mövcud deyildir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdehlər mübahisəli mənzildə heç bir əsas olmadan yaşadıqlarından iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-244 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 53-cü otağından çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar