Məhkəmə qərarları › İş №2(060)-2337/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2337/2021

16.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2337/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinın Cavabdeh qarşı “zəbt edilmiş yaşayış sahəsinin boşaldılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyi Cavabdeh qarşı “zəbt edilmiş yaşayış sahəsinin boşaldılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz zəbt etdiyi Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 69-cu otağından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt mehmanxanası 1962-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB-nin balansına verilmişdir. Sözügedən mehmanxana 1988-ci ildə məlum hadisələlərlə əlaqədar qaçqınlar tərəfindən zəbt edilmiş və 2019-cu ilədək yaşayış sahəsi kimi istifadə edilmişdir. 2019-cu ildə isə onlara 12-ci mikrorayon ərazisində yaşayış binası tikilərək oraya köçürülmüşdür. 2012-ci ildə Cavabdeh dediyinə görə sözügedən mehmanxanının 69-cu otağını Azər adlı şəxsdən alaraq orada yaşamağa başlamış və hal-hazırda da orada yaşayır. Məsələ ilə əlaqədar Cavabdeh MKTİB-nə dəvət olunmuş sözügedən otaqda qanunsuz məskunlaşdığı nəzərinə çatdırılaraq zəbt etdiyi yaşayış sahəsini boşaltması tələb olunmuşdur. Lakin Cavabdeh 69 saylı otağı boşaltmaqdan imtina etmişdir. Bu barədə ərazinin MKS-nin işçiləri tərəfindən Cavabdeh xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan siyahıdan görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanası “Azərkimya” İstehsalat Birliyinin balansından çıxarılaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X2 balansına qəbul edilmişdir. İş materiallarında olan 27.01.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh özünün bildirdiyinə görə 2012-ci ildən Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 69-cu otağında yaşayır, həmin otağı tutması üçün elə bir sənədi yoxdur. O, həmin otağın boşaldılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq otağı boşaltmaqdan imtina etmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Lerik rayonunun Soru kəndində rəsmi olaraq qeydiyyatdadır. İşin araşdırılan halları və iş materiallarına əsasən müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 16.09.2010-cu il tarixli, 153 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanası Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X1 balansına qəbul edilmiş, Cavabdeh Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 69-cu otağını qanusuz olaraq zəbt etmiş və Cavabdeh həmin otaq üçün hər hansı bir hüquq müəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh qanunsuz zəbt etdiyi Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 69-cu otağından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh qanunsuz zəbt etdiyi Sumqayıt şəhəri, 2-ci məhəllə, S.Vurğun küçəsi, Sumqayıt mehmanxanasının 69-cu otağından çıxarılsın. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar