Məhkəmə qərarları › İş №2(060)-2345/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2345/2022

28.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2345/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin Cavabdeh qarşı icarə haqqının ödənilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Bələdiyyəsi (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının mülkiyyətində olan maşın bazarı ərazisində yerləşən, sahəsi 6411 kvadrat metr təşkil edən torpaq sahəsindən istifadəyə görə bu günədək yaranmış 18720,12 manat əsas borcun, 6084,03 dəbbə pulunun, ümumilikdə 24804,15 manat pulun iddiaçının xeyrinə tutulması və həmin torpaq sahəsinin boşaldılaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 31 may 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, maşın bazarı ərazisində yerləşən 6411 kv.m torpaq sahəsi istehsal və kommersiya sahələrinin tikintisi məqsədi ilə X2 ayrılmış və Sumqayıt Bələdiyyəsi ilə Aslan Quliyev arasında 01 mart 2006-cı il tarixdə 39 saylı torpaq icarə müqaviləsi bağlanılmışdır. Həmin icarə müqaviləsinin qüvvədə olma müddəti 15 il müddətinə olmaqla 25 aprel 2021-ci il tarixədək nəzərdə tutulmuşdur. Daha sonra Aslan Quliyev 12 aprel 2006-cı il tarixli, JN- 9199 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə almışdır. 25 aprel 2006-cı il tarixdə Aslan Quliyev torpaqdan müvəqqəti istifadə hüququnu cavabdehə satmışd və bununla da Aslan Quliyevin olan torpaq üzərindəki öhdəlikləri cavabdehə keçmişdir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə müddəti 25.04.2006-cı il tarixdən 15 il müddətinə müəyyən edilmişdir ki, həmin müddət də 25.04.2021-ci il tarixdə bitmişdir. Bu müddət ərzində cavabdeh bələdiyyə qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və torpaqdan istifadəyə görə icarə haqqını ödəməmişdir. Həmin icarə müqaviləsinə əsasər cavabdeh icarəsinə verilmiş hər 1 kv.metr torpaq sahəsinə görə 0,12 manat olmaqla, illik 769,32 manat icarə haqqı ödəməli idi. 2017-ci ildən bələdiyyə qərarı əsasında torpaq icarə haqqlarının bazar qiymətləri ilə uyğunluq təşkil edilməsi məqsədi ilə torpaq icarə haqqlarının məbləğləri artırılmış və həmin artım əsasında 2017-ci il tarixdən cavabdehin istifadəsində olan torpaq sahəsinin hər kvadrat metri 0,32 manatdan hesablanmışdır. Lakin cavabdeh öz öhdəliklərini lazımi şəkildə icra etməmişdir ki, bunun da nəticəsində onun iddiaçıya 24804,15 manat icarə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə şifahi və yazılı müraciətlər edilsə də, cavabdeh bu günədək öz öhdəliklərini yerinə yetirməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7696/2021 saylı, 30.11.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehin nümayəndəsi qiyabi qətnamənin ləğvi barədə ərizə təqdim etdiyindən Sumqayıt Şəhər Məhkəməsinin 04.03.2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, borc cavabdehdən rəsmi olaraq tələb edilməyib. Əlavə olaraq da, iddia müddəti ötürülüb. İddiaçı yalnız son 3 ilin haqqını tələb edə bilər. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İddiaçı ilə Aslan Quliyev arasında bağlanmış 01.03.2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə əsasən iddiaçı 6411 kv.metr torpaq sahəsini Aslan Quliyevin icarəsinə vermiş, Aslan Quliyev isə həmin torpaq sahəsində stifadəyə görə hər il 769,32 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə icrarə müddəti 15 il müddətində müəyyən edilmişdir. Aslan Quliyevlə cavabdeh arasında bağlanmış 25.04.2006-cı il tarixli müqaviləyə əsasən Aslan Quliyev 12.04.2006-cı il tarixli, JN-9199 saylı torpaqdan müvəqqəti istifadə hüququna dair dövlət aktına əsasən onun istifadəsində olan 6411 kv.metr torpaq sahəsindən istifadə hüququnu cavabdehə satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhərində yerləşən, Sumqayıt Bələdiyyəsinin ümlkiyyətində olan 0,641 hektar torpaq sahəsi üzərində cavabdehin istifadə hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin hüququn müddəti 15 il, yəni 25.04.2006-cı il tarixədək müəyyən edilmişdir. Sumqayıt Bələdiyyəsinin 16.12.2016-cı il tarixli qərarında bələdiyyə tərəfindən sahibkarlıq məqsdi ilə icarəyə ayrılmış və sahəsi 1 hektaradək olan torpaq sahələrinin illik icarə haqqının məbləğinin 2017-ci ilin yanvar ayının 1-dən 2 dəfə artırılması qərara alınmışdır. İddiaçı tərəfindən cavabdehin icarə haqqı borcuna dair arayışda cavabdehin 2006cı ildən 2016-cı il daxil olmaqla hər il 769,32 manat, 2017-2021-ci illər üçün isə hər il 2051,52 manat olmaqla, cəmi 24804,15 manat icarə haqqı borcu olduğu göstərilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 04.02.2021-ci il tarixli, 744 saylı tədiyyə bildirişində cavabdehə icarə haqqı borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına 0,641 hektar torpaq sahəsinin plan və ölçüsü əlavə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən (bundan sonra – Mülki Məcəllə) mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər (153.1.). Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir (156.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). İddiaçı onun mülkiyyətində olan 6411 kv.metr torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində ol Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən (bundan sonra – Torpaq Məcəlləsi) 1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır (47.1). Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır (47.2). “Torpaq islahatı haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması işin müəyyən edilmiş halıdır. Mülki Məcəlləyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (706.1.). Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir (719.1.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Aslan Quliyev arasında bağlanmış torpaq icarə müqaviləsi bağlanmış və 6411 kv.metr torpaq sahəsi (bundan sonra - mübahisəli torpaq sahəsi) 15 il müddətinə Aslan Quliyevə icarəyə verilmişdir. Aslan Quliyev cavabdehlə bağlanmış müqaviləyə əsasən həmin torpaq sahəsi üzərində olan hüququnu cavabdehə satmışdır. İcarə müqaviləsinin müddəti 25.04.2021-ci il tarixində bitmişdir. Bu səbəbdən iddiaçı torpaq sahəsinin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir (710.1.). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir (710.2.). İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (710.3.). Göründüyü kimi cavabdeh 15 ildən artıq müddətdir ki, mübahisəli torpaq sahəsindən istifadə etməsinə baxmayaraq icarə haqqı ödəmir. Bu səbəbdən iddiaçı həmin dövr üçün hesablanmış icarə haqqını cavabdehdən tələb edir. Cavabdehin nümayəndəsi mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etsə də, qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir (384.0.4.). Hazırkı iddia tələbi mülkiyyətçinin hüquqlarının pozulması ilə bağlı olduğundan məhkəmə hesab edir ki, tələbə iddia müddəti tətbiq edilə bilməz. Bu səbəbdən iddia ərizəsində göstərilən məbləğdə icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə hesab edir ki, icarə haqqı borcu ilə yanaşı iddia ərizəsində göstərilən məbləğdə dəbbə pulu cavabdehdən iddiaçının xeyrinə tutumalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18720,12 manat əsas borc, 6084,03 dəbbə pulu olmaqla, ümumilikdə 24804 (iyirmi dörd min səkkiz yüz dörd) manat 15 (on beş) qəpik pul Cavabdeh tutularaq iddiaçı Sumqayıt Bələdiyyəsinə ödənilsin. Sumqayıt şəhəri maşın bazarı ərazisində yerləşən, sahəsi 6411 kvadrat metr təşkil edən torpaq sahəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı Sumqayıt Bələdiyyəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar