Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2346/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh, Cavabdeh və digər cavabdeh X7 nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh, X2 və X8 qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “fərdi yaşayı evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların azyaşlı uşaqları 09.06.2018-ci il təvəllüdlü X9 və 10.06.2020-ci il təvəllüdlü Feyziyeva Məryəm Tural qızı ilə birlikdə Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçıların razılığı ilə X3 və X10 cavabdeh qismində işə cəlb etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar 2017-ci ildə el adəti ilə ailə həyatı qurmuşdur. Onların birgə nikahdan 09.06.2018-ci il təvəllüdlü X5 və 10.06.2020-ci il təvəllüdlü Feyziyeva Məryəm Tural qızıadlı uşaqları vardır. Ailə həyatı qurduqları müddətdən Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən 4 otaqlı fərdi yaşayış evində yaşamışlar. Lakin son vaxtlar Cavabdeh ilə münasibətləri pozulduğundan onu və ailəsini evə buraxmır. Eləcə də onlara məxsus əmlaklar göstərilən ünvandadır. Dəfələrlə cavabdehə bildirsələr də, cavabdeh təkid edərək onları uşaqları ilə birlikdə həmin fərdi yaşayış evinə buraxmır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahış etdi. Əlavə olaraq göstərdi ki, Sumqayıt şəhəri, 48-ci məhəllə, 9 saylı evin 30 saylı mənzilində əvvəllər atası, anası, bacısı, baba və nənəsi, əmisi, əmisinin yoldaşı birlikdə yaşamışlar. Sonra həmin mənzil satıldıqdan sonra mübahisəli ev tikilmişdir. Evin üzərində yerləşdiyi torpaq sahəsini babası almışdır. Mənzilin satışından əldə olunan pul hesabına həmin ev tikilmişdir. Tikintisində iş üzrə cavabdeh olan atası və anası vəsait xərcləyiblər. Ev 4 otaqdn ibarətdir. Evdən çıxmasının səbəbi cavabdehlərlə aralarında tez-tez mübahisələrin baş verməsi olmuşdur. Hətta bir dəfə onu guya babasını döyməsi səbəbilə polisə şikayət etmişlər. Bu sözsöhbətlərdən sonra məcbur qalıb həmin evi tərk etmişdir. O, evdən çıxdıqdan sonra ailəsi ilə kirayədə yaşamışdır. Bir müddət sonra isə qaynanasıgildə yaşamağa məcbur olmuşdur. O, uzun müddət həmin evdə cavabdehlərlə birlikdə yaşamışdır. Bu evin tikintisində iştirak etmişdir. Həmin ev özbaşına tikilidir, sənədi yoxdur. Hazırda başqa yaşayış yeri yoxdur, kirayədə yaşamağa isə maddi imkanı yoxdur. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı2 İddiaçı1 göstərdiklərini müdafiə etdiyini göstərdi. Əlavə olaraq göstərdi ki, İddiaçı1lə ailə qurduqdan sonra bu evdə cavabdehlərlə birlikdə yaşamışdır. Daha sonra cavabdehlərlə aralarında gərginlik oduğu üçün məcbur olub evdən çıxaraq anasıgilə getmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən 4 otaqlı fərdi yaşayış evi sənədsiz tikilidir, 2000-ci ildə atası və anası tərəfindən tikilmişdir. Tikili hazır olduqdan sonra o, öz ailəsi ilə birlikdə həmin evə köçüb valideynləri ilə birlikdə yaşamağa başlamışdır. Həmin evdə yaşadıqları müddətdə ailəsində tez-tez münaqişə yarandığından onun keçmiş həyat yoldaşı X6 uşaqları ilə birlikdə evdən çıxmış və yaxınlıqdakı evlərdən birində kirayə yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2019-cu il tarixli qərarı ilə onunla Səfurə Feyziyeva arasında nikah pozulmuşdur. Hazırda o, 2-ci dəfə ailə həyatı qurmuş və həmin nikahından 3 azyaşlı uşaqları var. Hazırda valideynləri və yeni ailəsi ilə birlikdə mübahisəli evdə qeydiyyatsız yaşayırlar. İddiaçılar 2-3 ay bu evdə yaşamışlar, sonra bu evdən çıxıb getmişlər. Ev 3 otaqdan ibarətdir. İddiaçıların həmin evə köçüb yaşamağı mümkün deyildir. Eləcə də ev valideynlərinə məxsusdur. Odur ki, göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınaraq iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabdehin nümayəndəsi izahatında göstərdi ki, iddianın təmin edilməsinə etiraz edir. Belə ki, özünə məxsus olan başqa bir evi satdıqdan sonra əldə olunan vəsait hesabına mübahisəli evi tikdirmişdir. Tikintiyə qədər həmin ərazidə kiçik bir otaqlı taxta köşkdə yaşamışlar. Həmin evin tikintisində övladlarından heç biri iştirak etməmişdir. İddiaçı Tural onun nəvəsi, digər iddiaçı isə Turalın həyat yoldaşıdır. İddiaçılar qısa müddət bu evdə yaşayıb, sonra çıxıb getmişlər. İddiaçıların köçmək istədiyi ev 3 otaqlı evdir, təmirsiz vəziyyətdədir. İddiaçıların bu evə köçüb yaşamaları üçün şərait yoxdur. Eyni zamanda bu evin tiikntisində nə oğlu Əfqanın, nədə iddiaçıların heç bir rolu olmayıb. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt X12 Massivi 2-ci məhəllə üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli 039 saylı arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və azyşalı uşaqları X9, Feyziyeva Məryəm Tural qızı Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə qeydiyyatsız yaşayırlar. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçılar nikaha daxil olduqdan sonra mübahisəli Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evində yaşamışlar. Daha sonra cavabhdehlərlə aralarındakı münasibətlərin pozulması nəticəsində iddiaçılar və azyaşlı övladları həmin evdə yaşamırlar. İddiaçılar evdə yaşamamalarının səbəbi kimi cavabdehlər, aralarında gərginlik olması və daha sonra isə cavabdehlərin onları evə buraxmamalarını göstərmişdir. İddiaçıların köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Məhkəmə hesab edir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdehlər iradəsi əleyhinə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazırki vaxta kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Odur ki, iddiaçılar həmin mübahisəli tikilidə cavabdehlərlə birlikdə yaşadığından və cavabdehlərlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən, həmçinin mübahisəli ev iddiaçıların yeganə yaşayış yeri olduğundan onların azyaşlı övladları ilə birlikdə köçürülməsinə dair iddiası təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunan müddəalara istinadən hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 azyaşlı uşaqları 09.06.2018-ci il təvəllüdlü X9 və 10.06.2020-ci il təvəllüdlü Feyziyeva Məryəm Tural qızı ilə birlikdə Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 azyaşlı uşaqları 09.06.2018-ci il təvəllüdlü X9 və 10.06.2020-ci il təvəllüdlü Feyziyeva Məryəm Tural qızı ilə birlikdə Sumqayıt şəhəri, “Yaşıl dərə” yeni yaşayış massivi, 2-ci məhəllədə yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2346/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2346/2021
26.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver