Məhkəmə qərarları › İş №2(060)-236/2024

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-236/2024

09.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-236/2024 09.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Allahverdiyev Zahid İsmayıl oğluna qarşı özbaşına tikilinin sökülməsi, zəbt edilmiş torpağın boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: Sumqayıt Bələdiyyəsi iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində, Heydər Əliyev prospektində yerləşən bələdiyyə mülkiyyətinə aid 20 kvadrat metr torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikili olan qeyri-yaşayış obyektinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin onun hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhərinin 2-ci mikrorayonu ərazisində, Heydər Əliyev prospektində yerləşən bələdiyyə mülkiyyətinə aid 20 kvadrat metr torpaq sahəsinin zəbt edildiyi və həmin torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisi işlərinin aparıldığı faktı aşkar edilmişdir. Qeyd edilən hal adı çəkilən qurumun işçiləri tərəfindən 20 iyun 2023-cü il tarixdə aktlaşdırılmış və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.Sumqayıt Regional Ədliyyə İdarəsi tərəfindən də bununla bağlı 18 iyul 2023-cü il tarixli, 05/483 saylı məktubla Sumqayıt Bələdiyyəsinə müraciət edilərək göstərilən faktın araşdırılaraq qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Sözügedən halın araşdırılması məqsədi ilə bələdiyyə qulluqçuları tərəfindən aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən hər hansı hüquq müəyyənedici sənədləri olmadan Sumqayıt şəhərinin 2-ci mikrorayonu ərazisində,Heydər Əliyev prospektində yerləşən bələdiyyə mülkiyyətinə aid 20 kvadrat metr torpaq sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi aparılmışdır.Bu qanunsuz hərəkətləri ilə cavabdeh torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını və qanuni maraqlarını pozmuşlar. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən müvafiq hüquq müəyyənedici sənədləri olmadan zəbt edərək istifadə etməsi,həmçinin göstərilən ərazidə müvafiq icra hakimiyyəti orqanlarının razılığı olmadan,şəhərsalma və memarlıq norma və qaydalarını pozmaqla,ərazinin təyinatına uyğun olmadan tikinti-quraşdırma işlərini aparması, torpaq sahəsinin mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd edilən özbaşına tikili torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsinin və bu cür tikililərin aparılmasına icazə vermək səlahiyyətinə malik olan aidiyyəti icra hakimiyyəti orqanlarının razılığı alınmadan, həmçinin mülki və torpaq qanunvericiliklərinin,şəhərsalma və tikinti normalarının tələblərinə zidd olaraq inşa edildiyində, bu tikili özbaşına tikili kimi qiymətləndirilərək müvafiq hüquqi nəticələr yaratmalıdır.Adı çəkilən ərazidə yerləşən torpaqlar «Torpaq islahatı haqqında» və «Bələdiyyələrin əraziləri və torpaqları haqqında» Azərbaycan Respublikası Qanunlarının tələblərinə uyğun olraq bələdiyyə mülkiyyətinə aid olunmuş və 26 iyun 2001-ci il tarixli protokol,eksplikasiya aktı və digər torpaqayırma sənədləri əsasında xəritələşdirilərək Sumqayıt Bələdiyyəsinə təhvil verilmişdir.Bələdiyyələrə dair qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqda ayrılması bələdiyyənin qərarı ilə həyata keçirilir.Lakin Cavabdeh torpaq sahəsini bu günə qədər qeyri-qanuni tutmaqda davam edir ki, bu da torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin hüquqlarını kobud şəkildə pozur.Tərəfimizdən cavabdehə yol verdiyi qanunsuz əməllərə son qoyulması, zəbt edilmiş torpağın boşaldılaraq qanunsuz inşa edilmiş tikilinin sökülməsi təklif edilsə də.cavabdeh edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq öz qanunsuz əməllərinə davam etdrməkdədir ki,bununla bağlı tərəfimizdən Sumqayıt Şəhər Polis İdarəsinə 19 iyul 2023-cü il tarixli, 1985 saylı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə 18 iyul 2023-cü il tarixli,1980 saylı məktublarla yazılı şəkildə müraciət edilmişdir.Yuxarıda sadalanan hallara əsaslanaraq Sumqayıt Bələdiyyəsi məhkəməyə müraciət edərək qeyd edilən qanunsuzluqların aradan qaldırılmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etməyi zəruri sayır. İddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakları olmadan baxılmasını xahiş etmiş, qiyabi icraat qaydasında baxılmasına etiraz edilmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin əməkdaşlarının iştirakı ilə akt tərtib edilmiş, Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti ərazisində yerləşən (koordinatlar: 39T, X387633.00, Y4493575.00) bələdiyyə mülkiyyətinə aid təqribi sahəsi 20 m2 olan torpaq sahəsində tikinti-quraşdırma işlərinin aparılması faktı aşkar edilmişdir. MQS-6 proqramının baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, həmin tikinti quraşdırma işləri Sumqayıt şəhəri, 2-ci mikrorayon, 25/63 nömrəli binada yerləşən və Allahverdiyev Zahid İsmayıl oğlunun (055 441 22 00) xüsusi mülkiyyətində olan 38 nömrəli mənzilin divarına bitişik olaraq aparılır. Qeyd edilən 20 m2 torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün TEKUİS və NECAS proqramlarının bazasına baxılmış, lakin məlumatlar əldə edilməmişdir. - xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Sumqayıt Bələdiyyəsinin ərazi üzrə nəzarətçiləri Sumqayıt şəhərinin inzibati ərazisi hüdudları daxilində yerləşən 2-ci mikrorayon, H.Əliyev küçəsi ərazisində xidməti araşdırmalar apararkən müəyyən edilmişdir ki, vətəndaş Allahverdiyev Zahid İsmayıl oğlu tərəfindən qanunsuz bələdiyyə mülkiyyətinə aid olan sahəsi 20 kvadrat metr torpaq sahəsi zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq vətəndaş Allahverdiyev Zahid İsmayıl oğlu zəbt edilmiş torpaq sahəsini boşaltmaqdan,torpaq sahəsini əvvəlki vəziyyətə qaytarmaqdan imtina etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt Bələdiyyəsinə müraciət edərək, Azərbaycan Respublikasi Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin işçiləri tərəfindən monitorinq keçirilən zaman Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospektində Sumqayıt bələdiyyəsinin mülkiyyətinə aid 020 kv.m torpaq sahəsində qeyri-yaşayış obyektinin tikinti işlərinin aparılması faktının müəyyən edildiyini və bu barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verildiyini bildirmiş və "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti, həmçinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələrin həyata keçirdiyini nəzərə alaraq səlahiyyətlərinə aid müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Allahverdiyev Zahid İsmayıl oğlu Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti ərazisində 20 kvadrat metr torpaq sahəsini zəbt etsə də, həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 1-ci bəndinə görə torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 1-ci bəndinə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara ümumi istifadədə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır (Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6 və 7-ci bəndləri). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur (Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndi). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (Torpaq Məcəlləsinin 68-ci maddəsi). Bununla əlaqədar məhkəmə qeyd edir ki, hər hansı şəxsin əmlakdan istifadə etməsi həmin əmlak üzərində olan hüququ əsasında realizə edilə bilər. Cavabdehin istifadəsində olan 20 kvadrat metr torpaq sahəsi onun hər hansı hüquq müəyyənedici sənəd olmadan istifadəsindədir. Dövlət və xüsusi mülkiyyətdə olmayan torpaqlar isə bələdiyyə mülkiyyətindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Mülki Məcəllənin müddəalarına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (164.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (180.4). Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1 və 2-ci bəndlərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Allahverdiyev Zahid İsmayıl oğlu tərəfindən zəbt olunmuş Sumqayıt şəhəri, 2-ci mikrorayon, H.Əliyev prospekti ərazisində yerləşən sahəsi 20 kvadrat metr olan torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən zəbt edilmiş Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində, Heydər Əliyev prospektində yerləşən bələdiyyə mülkiyyətinə aid 20 kvadrat metr torpaq sahəsi boşaldılsın, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikili olan qeyri-yaşayış obyekti cavabdehin hesabına sökülsün və torpaq sahəsi onun hesabına əvvəlki vəziyyətə qaytarılsın. İddianın verilməsinə görə 100 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar