Məhkəmə qərarları › İş №2(060)-238/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-238/2021

09.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-238/2021 09.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Cavabdeh1 nümayəndəsi, vəkil X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin notariusu X1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış ünvan 2-un mənzilin bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2-u 2017-ci ildə Cavabdeh1 ilə birgə nikah dövründə alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Mənzil xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 iddiaçıya qardaşı Cavabdeh2 həmin mənzilə qeydiyyata salmaq istədiyini və bunun üçün notarial qaydada təsdiq edilmiş razılıq ərizəsinin lazım olduğunu bildirmişdir. Bu məqsədlə birlikdə Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə getmişlər. Notariat ofisinin binasında Cavabdeh1 onun tanışı, adı Naimə olan, notariat ofisində aparıcı mütəxəssis vəzifəsində çalışan qadın işçi ilə təklikdə nəsə danışmışlar. Bir müddət sonra Naimə iddiaçının onunla otağa gəlməyini və şəkil çəkdirməli olduğunu bildirib. Şəkil çəkildikdən sonra Naimə adlı şəxs sənədləri götürərək iddiaçını yanına çağırmış və sənədləri imzalamalı olduğunu bildirmişdir. İddiaçı həmin şəxsdən qeydiyyatda olub-olmadığını soruşduqda mənzildə qeydiyyatda olmadığını və sənədə imza atmağını söyləmişdir. Sənədlərə imza atdıqdan sonra notarius Əbülfəz Bünyatovun yanına təsdiq üçün aparmaq istədikdə, Naimə adlı şəxs sənədləri onun əlindən alaraq özünün həll edəcəyini demişdir. Bundan sonra cavabdeh Aynurə uşaqları xaricə aparmaq üçün də iddiaçının razılıq ərizəsinin lazım olduğunu bildirmiş və iddiaçı bu ərizəni də imzalamışdır. Təxminən 2020-ci ilin fevral-mart aylarında Cavabdeh1 ilə aralarında mübahisə yarandığından iddiaçı uşaqlarını qayınanasıgildə görməyə getmiş, onların mətbəxində Cavabdeh2 ilə balkona siqaret çəkmək üçün çıxdıqları zaman Cavabdeh2 mənzili ona bağışladığını öyrənmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu aldatmış, etibarından sui-istifadə edərək, qeydiyyata düşməyə dair razılıq ərizəsi əvəzinə mənzilin bağışlanmasna dair razılıq ərizəsinə imza etdirmişlər. Digər tərəfdən, mənzilin bağışlama əqdi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin ciddi pozulması ilə təsdiq edildiyinə görə də etibarsız hesab edilməlidir. İddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş ərizəsində iddia ərizəsi və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Salman Qasımov işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Bu səbəbdən məhkəmə işə mahiyyəti üzrə baxılmasını zəruri hesab etmişdir. Sonuncu məhkəmə iclası barədə məlumatlandırılmalarına baxmayaraq iddiaçı, Cavabdeh2 və Sumqayıt şəhəri 1 saylı Notariat ofisinin notariusu X2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iddiaçı iddia tələbini müdafiə edərək onunla oxşar məzmunlu izahat vermiş və həmçinin bildirmişdir ki, o bağışlama müqaviləsinin bağlanmasına razılıq barədə ərizəni imzalayarkən nəyə imza etdiyini bilməmişdir. Ona demişlər ki, guya Cavabdeh2 mənzilə qeydiyyata düşməsinə razılıq verir. Hüquqi savadı olmadığı üçün ərizəni oxumamışdır. Mənzili Cavabdeh1 ilə birgə nikah dövründə alqı-satqı əsasında əldə ediblər. Onun həmin mənzildə qeydiyyatı yoxdur. Mənzilin alınmasına nə qədər pul verdiyi dəqiq yadında deyil. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi, Vəkil öz izahatında bildirmişdir ki, iddiaçı və Cavabdeh1 birgə nikah dövründə mübahisəli mənzili əldə etmişlər. Mənzilin Cavabdeh2 bağışlanmasına iddiaçının razılıq verməsi məntiqə uyğun deyil. Bu da onu göstərir ki, iddiaçının hüquqi savadsızlığı və sakit insan olmasından istifadə edərək onu aldatmışlar. Bu da bağışlama müqaviləsinin etibarsızlığı üçün əsasdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, Cavabdeh2 onun qardaşıdır. O, Qazaxıstanda işləyir və orada da yaşayır. Özü isə bankda işləyir. Evi qardaşı Cavabdeh2 vəsaiti hesabına almışdr. İddiaçının aldığı 500 manat maaşla 2 maşın və ev almaq mümkün deyil. İddiaçı STP-də işləyir. İddiaçı işlə bağlı xarici ölkəyə getməli idi, onu və uşaqları da özü ilə aparmaq istəyirdi. Bu səbəbdən o, iddiaçıya evi qardaşının adına keçirtmək istədiyini deyib. İddiaçı buna etiraz etməyib. Notarius iddiaçını bununla bağlı sorğu-sual etmiş və iddiaçı etiraz etməmişdir. İddiaçı notariusun qabağında olmuşdur. Hazırda qeydiyyatda olduğu ünvanda atası, anası və qardaşı ilə qalır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Salman Qasımov iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının hüquqi savadı olmadığına görə aldadıldığını qeyd etməsi əsassızdır. Onun mənzilə qeydiyyatı yoxdur. İddiaçının 500 manat maaşla ev və 2 maşın almağı məntiqə uyğunsuzdur. İddiaçının notariusda iştirakı şəkillə sübut olunur. İddiaçı nəyi imzaladığını oxumalı idi. Alqı-satqı müqaviləsi Cavabdeh1 və Cavabdeh2 arasındadır. Qeyd edilənlər əsasında nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1975-ci ildə anadan olmuş, Sumqayıt şəhəri, X5 qəsəbəsi, Ə.Vahid küçəsi, 47 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1981-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1987-ci ildə anadan olmuş, Sumqayıt şəhəri, X5 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 2, mənzil 22 ünvanında qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2010-cu il tarixində nikah bağlamışdır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 2 (bundan sonra – mübahisəli mənzil) Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən mübahisəli mənzil Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmışdır. Cavabdeh2 notariat orqanına ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsində mübahisəli mənzilin bağışlanmasına razı olduğunu bildirmişdir. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, 33/3970 saylı məktubunda göstərilmişdir ki, Cavabdeh2 sonuncu dəfə xx.xx.2018-ci il tarixdə ölkədən çıxmış, xx.xx.2018-ci il tarixdə isə ölkə ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1.). Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın (667.1.). Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır (668.1.1.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli mənzil xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən Cavabdeh2 bağışlanmış və iddiaçı notariat orqanın verdiyi ərizədə həmin mənzilin bağışlanmasına razı olduğunu bildirmişdir. Hazırda iddiaçı həmin razılıq ərizəsini verərkən aldadıldığını bildirərək bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Mülki Məcəllədə göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (339.2.). Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır (339.4.). Öncə qeyd edilməlidir ki, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmışdır. İddiaçı isə həmin müqavilə üzrə tərəf olmamışdır. Yuxarıda qeyd edilən hüquq normalarından da göründüyü kimi, əqdin bağlanması zamanı aldadılan şəxs həmin əqdi mübahisələndirə bilər. İddiaçı mübahisəli mənzilin bağışlanmasına razılıq verərkən aldadıldığını güman edirsə, notariat orqanına təqdim etdiyi razılıq ərizəsini mübahisələndirə bilərdi. Lakin, iddiaçı belə etməmiş, əqd bağlanarkən aldadıldığını əsas tutaraq tərəf kimi iştirak etmədiyi bir müqaviləni mübahisələndirmişdir. Yəni, iddiaçı həmin müqaviləni mübahisələndirməkdə subyektiv hüquqa malik olmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən hüquq normalarından göründüyü kimi şəxs əqdi o zaman mübahisələndirə bilər ki, əqdin aldatma olmadan bağlana bilməyəcəyi aşkar olsun. MPM-ə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.). Hazırkı halda xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə razılıq verərkən aldadıldığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, iddiaçı sübut etməlidir ki, həmin razılıq ərizəsini aldatma olmadan verməsi mümkün deyildi. Lakin, göründüyü kimi iddiaçı yetkin və tam fəaliyyət qabiliyyətli şəxsdir. Onun razılıq ərizəsini imzalayarkən aldadıldığını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə qarşı Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış ünvan 2-un bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar