Məhkəmə qərarları › İş №2(060)-2386/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2386/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2386/2021 10.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması tələbi barədə iddiasına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixli 17-A-1-0-78-15 saylı kredit müqaviləsindən irəli gələn 2417,79 manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 922,76 manat faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 978,16 manat cərimə borcunun, cəmi 4318,71 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçının xeyrinə tutulması, cavabdehə məxsus “Daewoo Gentra” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi, açıq hərracda satılması və borcun həmin satışdan əldə edilən vəsaitin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «Nikoil» İKB-nin (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 17-A-1-0-78-15 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 17% ödəmək şərti ilə 12550 manat kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi xx.xx.2015-ci il tarixli, 17-A-1-0-78-15 saylı ipoteka müqaviləsi bağlanmış və 2014-cü il buraxılışlı, Daewoo Gentra” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 312 manat, ümumilikdə isə 18714 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən banka sonuncu ödəniş xx xxxxxx 2020-ci il tarixdə, 500 manat məbləğində olmuşdur. Borcun ödənilməsi ilə bank tərəfindən cavabdehə dəfələrlə əlavə imkanlar yaradılaraq yeni vaxt verilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh tərəf bu günə qədər banka olan borcunun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Cavabdehin banka olan borcu 2417,79 manat əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2020-ci il tarixə 922,76 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 978,16 manat cərimə borcu, cəmi 4318,71 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və avtomobilin ilkin satış qiyməti ilə razı olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi və avtomobilin ilkin satış qiyməti ilə razı olduğunu bildirdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - «Nikoil» İKB-nin (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinsən görünür ki, borcluya 60 ay müddətinə, 17%-lə 12550 manat kredit verilmişdir. - xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, cavabdehin xüsusi mülkiyyətində olan 2014-cü il buraxılışlı, Daewoo Gentra” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli avtomobil Cavabdeh kredit öhdəliklərinin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, 2014-cü il buraxılışlı, Daewoo Gentra” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli avtomobilin bazar dəyəri 25100 manat müəyyən edilmişdir. - İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh adına xx.xx.2015-ci ildə «Daewoo Gentra» markalı, **- XA-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. -X2 Reyestr Xidmətinin AN seriyalı 129457 saylı çıxarışına əsasən həmin avtomobil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. -xx.xx.2021-ci il tarixli, 03-080 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2021-ci il tarixinə İddiaçı ASC-yə xx xxxxxx 2015-ci il tarixli 17-A-1-0-78-15 saylı kredit müqaviləsi üzrə 2417,79 manat əsas borc, 922,76 manat faiz borcu, 978,16 manat cərimə borcu olmaqla, cəmi 4318,71 manat borcu vardır. -Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, “xxxx” İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, «Nikoil» İKB-nin (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 17-A-1-0- 78-15 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 17% ödəmək şərti ilə 12550 manat kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi bağlanmış xx xxxxxx 2015-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmış və 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-XA-*** dövlət nömrə nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli minik avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, 17-A-1-0- 78-15 saylı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulu ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kredit müqaviləsinin 9.2 bəndindən görünür ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə, lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin bu müqavilənin 1.14-cü bəndində (gecikdirilmiş borc yaranan halda tətbiq olunan sanksiyalar – hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,15%) nəzərdə tutulmuş miqdarda banka dəbbə pulu ödəməlidir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və buna görə də azaldılmalı, yəni 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə onun arasında xx.xx.2015-ci ildə 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-XA-*** dövlət nömrə nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi barədə tələb MM-in 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 17-A-1-0-78-15 saylı ipoteka müqaviləsinin 2.3-cü bəndindən görünür ki, yüklü edilmiş əmlakın qiyməti 25100 manat müəyyən edilmişdir. Məhkəmə tərəflərin avtomobilin müqavilə ilə müəyyən olunmuş qiymətinin mübahisələndirilməməsini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş avtomobilin ilkin satış qiyməti 25100 manat göstərilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan və tutulmalı məbləğ 500 manatı aşdığından ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2417,79 manat əsas borc, 922,76 manat faiz borcu, 200 manat cərimə, ümumilkdə 3540,55 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nə ödənilsin. Tələb 2014-cü il buraxılışlı, «Daewoo Gentra» markalı, **-XA-*** dövlət nömrə nişanlı, XWB5V319DFA525900 ban nömrəli, ağ rəngli minik avtomobilinə yönəldilsin. Avtomobilin ilkin satış qiyməti 25100 manat müəyyən edilsin. Avtomobil açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 3540,55 manat pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manat məbləğində pul İddiaçıASC-nə ödənilsin, qalan vəsait isə Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar