Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-241/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən göndərilən malların dəyəri olaraq 32533 manatın və əldən çıxmış fayda olaraq 90546 manatın, həmçinin 30 manat mələğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Türkiyə Respublikasının vətəndaşıdır və 10 ildən artıq qadın geyimlərinin alqı-satqısı ilə məşğuldur. Onun arvadı azərbaycanlı olduğuna görə qərar vermişlər ki, Azərbaycanda da bu istiqamətdə iş görmək məqsədəuyğun olardı. 2019-cu ilin may ayında cavabdeh onlara müraciət edib bildirmişdir ki, Bakı şəhərinin mərkəzində icarəyə mağaza götürmək və qadın geyimlərinin satışını təşkil etmək istəyir, lakin bu işlə heç vaxt məşğul olmadığından ona yardımçı olmasını xahiş edir. Çoxsaylı danışıqlardan, görüşlərdən sonra qərara gəlmişlər ki, iddiaçı Türkiyədən cavabdehə mal göndərəcək cavabdeh isə ünvan 1 ünvanda yerləşən “Estilo” dükanında malları satacaq və mallar satıldıqca onun pulunu ödəyəcək. 2019-cu ilin iyul ayında onlar birgə əməkdaşlığa başalmışlar. İddiaçı 05.07.2019-cu ildə Türkiyədən cavabdehin adına karqo vasitəsilə ilk malı göndərmişdir. Birgə əməkdaşlıqları zamanı cavabdehə aşağıda göstərilən tarixlərdə və dəyərdə mal göndərmişdir: 05.07.2019-cu il - 7.398,00 ABŞ dolları; 11.07.2019-cu il - 8.000, 00 ABŞ dolları; 19.08.2019-cu il - 5.148,47 ABŞ dolları; 09.09.2019-cu il - 5.354,91 ABŞ dolları; 16.09.2019-cu il - 4.370,00 ABŞ dolları; 07.10.2019-cu il - 3.671,00 ABŞ dolları; 13.10.2019-cu il - 1.246,00 ABŞ dolları; 16.10.2019-cu il -2.828,00 ABŞ dolları; 25.10.2019-cu il - 1.431,00 ABŞ dolları; 28.102019-cu il - 1.937,00 ABŞ dolları; 05.11.2019-cu il - 966,73 ABŞ dolları; 08.11.2019cu il - 1.297.71 ABŞ dolları; 11.11.2019-cu il - 1.646,84 ABŞ dolları; 21.11.2019-cu il - 2.335,00 ABŞ dolları; 25.11.2019- cu il - 2.042,75 ABŞ dolları; 02.12.2019-cu il - 1.736,89 ABŞ dolları; 05.12.2019-cu il - 1.878,61 ABŞ dolları; 17.12.2019-cu il - 1.338,18 ABŞ dolları; 15.01.2020-ci il - 979,32 ABŞ Dolları; 21.01.2020-ci il - 874,87 ABŞ dolları; 11,02.2020-ci il - 687,00 ABŞ dolları; 22.02.2020-ci il - 928,00 ABŞ dolları. İddiaçı ümumilikdə 2019-cu ilin iyul ayından 2020-ci ilin fevral ayına qədər cavabdehə 58096,38 ABŞ dolları məbləğində mal göndərib. Cavabdeh 2019-cu ilin sentyabr ayından başlayaraq göndərilən malların dəyərini hissə-hissə ona göndərməyə başlamışdır. İddiaçı tərəfindən göndərilən 58096,38 ABŞ dolları dəyərində olan malın qarşılığında cavabdeh tərəfindən ona cəmi 38892 ABŞ dolları məbləğində pul ödənilmişdir. Qalan 19114 ABŞ dolları məbləğində pulu cavabdehdən tələb etdikdə, o bildirmişdir ki, mallar satılmır və pul yoxdur. Satılmayan malların uçotunu aparmağı təklif etdikdə, cavabdeh bundan imtina etmişdir. 2020-ci ilin fevral ayında cavabdeh dükanda olan kamera vasitəsilə aparılan online nəzarətdən də onu məhrum etmiş, malların dəyərini ödəməkdən imtina etmiş və beləliklə aralarında olan əməkdaşlığı tamamilə pozmuşdur. Sonuncu dəfə ödəniş cavabdeh tərəfindən 10 fevral 2020-ci ildə olunmuşdur. Bu tarixdən sonra onunla dəfələrlə danışıqlar aparılmış, ona müəyyən təkliflər verilmiş, lakin cavabdeh ödənişin aparılmasından qəti imtina etmişdir. 4 ay keçməsinə baxmayaraq cavabdeh heç bir ödənişi etməmiş və ödənişin aparılmasından qətiyyən imtina edir. İddiaçı iş adamı olduğuna görə 19114 ABŞ Dolları (32533 manat) məbləğini hər ay biznesə yerləşdirib məbləğin 70%-i miqdarında gəlir əldə edə bilərdi. Buna əsasən cavabdeh tərəfindən pulların vaxtında qaytarılmadığından 4 ay ərzində 53200 ABŞ Dolları (90.546 manat) pulu itirmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçı cavabdehə göndərdiyi bütün malların siyahısını tam dəqiqliklə tərtib etmişdir. Karqo sənədlərindən də malların cavabdehə göndərildiyi müəyyən edilir. Eyni zamanda iddiaçı hər dəfə cavabdehə mal göndərərkən ona elektron poçt vasitəsilə məlumat göndərmişdir. İddiaçı yalan danışsaydı cavabdeh tərəfindən ona ödənilən məbləği gizlədər və bütün malların dəyərini cavabdehdən tələb edərdi. Lakin, iddiaçı cavabdehin ona ödədiyi məbləği çıxaraq qalan məbləği tələb edir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdehlə iddiaçı arasında həqiqətən işgüzar münasibətlər olub. İddiaçı cavabdehə mal göndəmiş və cavabdeh həmin malları sataraq iddiaçıya olan borcunu ödəmişdir. Cavabdehin iddiaçıya hər hansı borcu qalmamışdır. Karqo sənədləri çızmaqara sənədlər olmaqla onlarla hər hansı halı müəyyən etmək mümkün deyildir. Elektron poçt göndərişləri isə iddiaçının öz nümayəndəsinə göndərdiyi göndərişlərdir. Hətta həmin göndərişlər cavabdehə göndərilmiş olsaydı belə yenə cavabdehin həmin məbləğdə malları qəbul etdiyini təsdiq edə bilməz. Cavabdeh iddiaçının göndərdiyi malların dəyərini tam ödəməsəydi iddiaçı növbəti dəfə ona mal göndərməzdi. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı 23.07.1974-cü ildə anadan olmuşdur. O, Türkiyə Cümhuriyyətinin vətəndaşıdır. Cavabdeh xx.xx.1992-ci ildə anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə göndərmələr haqqında karqo qaimələri və iddiaçı tərəfindən elektron poçt vasitəsilə göndərişlərin çıxarışları əlavə edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). İddiaçı iddia ərizəsində cavabdehə satmaq üçün 58096,38 ABŞ dolları dəyərində geyim malları göndərdiyini, cavabdeh tərəfindən ona bunun müqabilində 38892 ABŞ dolları ödənildiyini bildirir və qalan məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə iddiaçıya göndərdiyi malların dəyərini tam həcmdə ödədiyini və ona borcu qalmadığını bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mahiyyət etibarilə mülki qanunvericilikdə nəzərdə tutulmuş ticarət nümayəndəsi (agent) və ya kommersiya konsessiyası müqavilələrinə uyğun gəlsə də, qanunvericilikdə həmin müqavilələrin yazılı formada bağlanması nəzərdə tutulmuşdur. Lakin, tərəflər arasında hər hansı yazılı müqavilə mövcud olmamışdır. Bu səbəbdən məhkəmə tərəflər arasında münasibətlərə alqı-satqı münasibətlərinin göndərmə müqaviləsinə aid müddəalarının tətbiq edilməsini zəruri hesab edir. Mülki Məcəllədə göstərilmişdir ki, göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür (627.1.). Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir (630.1.). Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır (631.1.). Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur (634.1.). Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir (637.1.). Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər (637.2.). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı geyim mallarını cavabdehə şifahi razılaşma əsasında göndərmişdir. Onlar arasında malların hansı tarixlərdə göndəriləcəyi və qəbul ediləcəyi, malların dəyəri və göndərmə üsulu ilə bağlı hər hansı yazılı razılaşma mğvcud deyildir. İddiaçı sübut kimi karqo sənədlərinə və elektron poçt göndərişlərinə əsaslanmışdır. Karqo sənədləri ilə bağlı qeyd edilməlidir ki, həmin sənədlərdə müxtəlif şirkətlər vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına malların göndərildiyi göstərilmişdir. Həmin sənədlərdə malların göndərildiyi şəxs kimi bəzi yerlərdə “Hamid”, bəzi yerlərdə “Hamid Hamidi” qeyd edilmiş, malların çəkisi, ədədi və sair barədə qeydiyyat aparılmışdır. Lakin, həmin sənədlərdə malların iddiaçı tərəfindən göndərilməsi, cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin sənədlər iddiaçının cavabdehə iddia ərizəsində göstərilən dəyərdə mal göndərilməsini və cavbdeh tərəfindən qəbul edilməsini təsdiq edə bilməz. Elektron poçt göndərişlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin göndərişlərdə malların ədədi, qiyməti, dəyəri ilə bağlı məlumatlar göstərilmişdir. Lakin, məhkəmə hesabe dir ki, həmin göndərişlər də birtərəfli sənədlərdir. Belə ki, cavabdehin həmin göndərişlərə cavab verməsi oradakı məlumatları təsdiq etməsi və ya razılaşması ilə bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1.). İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (77.3.).Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (78.1.). Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində göstərilən dəyərdə malı cavabdehə göndərdiyini, cavabdehin malları qəbul etdiyini və iddiaçıya tələb olunan məbləğdə borcu olduğunu sübut edə bilməmişdir. Bu səbəbdən iddia borcun tutulması hissəsində təmin edilə bilməz. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2.). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi iddiaçı əldən çıxmış fayda olaraq 90546 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Lakin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər dəyməsi iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən göndərilən malların dəyəri olaraq 32533 manatın və əldən çıxmış fayda olaraq 90546 manatın, həmçinin 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-241/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-241/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver