Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2414/2021 06.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı Əlislam qızının, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X4 iştirakı ilə İddiaçı Əlislam qızının cavabdeh X5 qarşı «tövlənin cavabdehin öz vəsaiti hesabına sökülməsi, qeyd olunan ərazidə mal-qaranın saxlanılmasının cavabdehə qadağan edilməsi və tövlənin qarşısında yığılıb qalmış heyvandarlıq tullantılarının ərazidən uzaqlaşdırılması» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlislam qızı cavabdeh X5 qarşı «tövlənin cavabdehin öz vəsaiti hesabına sökülməsi, qeyd olunan ərazidə mal-qaranın saxlanılmasının cavabdehə qadağan edilməsi və tövlənin qarşısında yığılıb qalmış heyvandarlıq tullantılarının ərazidən uzaqlaşdırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sumqayıt şəhəri Yaşıldərə massivi ev 781/A-nın qarşısında cavabdeh tərəfindən kustar üsulla tikilmiş tövlənin cavabdehin öz vəsaiti hesabına sökülməsi, qeyd olunan ərazidə mal-qaranın saxlanılmasının cavabdehə qadağan edilməsi və tövlənin qarşısında yığılıb qalmış heyvandarlıq tullantılarının (su, yem qalıqları və qazlar olan mal-qara bərk və maye ifrazatı) cavabdehin öz vəsaiti hesabına ərazidən uzaqlaşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Əlislam qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri Yaşıldərə massivi ev 781/A ona məxsusdur. Həmin evdə o, 40 ilə yaxındır ki, ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2018-ci ilin axırlarında cavabdeh onun evinin qabağında tikili tikməyə başlamışdır. Cavabdeh tərəfindən qeyd olunan tikili tikildikdən bir müddət sonra həmin tikili yaşamaq üçün münasib olmasa da, o, ailə üzvləri ilə birlikdə həmin tikiliyə köçərək orada yaşamağa başlamışdır. Daha sonra isə təxminən 2019-cu ilin əvvəllərində cavabdeh evin yanında onun yaşadığı evin hasarına bitişik ikinci tikilini tikməyə başlamışdır. Həmin tikili də ilk baxışdan heç nəyə oxşamadığından tikilinin nə məqsədlə tikildiyini başa düşə bilməmişdir. Cavabdehdən bu barədə soruşduqda, o, toyuq hini tikdiyini bildirsə də, sonradan məlum olmuşdur ki, cavabdeh həmin tikilini iri buynuzlu malqara saxlamaq üçün tövlə inşa edilmiş. Belə ki, təxminən 2019-cu ilin ortalarında cavabdeh qeyd olunan yerə bir neçə qoyun və bir baş inək gətirərək orada saxlamağa başlamışdır. O, əvvəllər mal-qaranın və qoyun-quzunun müvəqqəti olaraq həyətə gətirildiyini düşünsə də, daha sonra cavabdehin həmin yerə ot, saman və digər yemləri gətirməsindən məlum olmuşdur ki, sonuncu mal-qaranı və qoyun-quzunu daimi olaraq orada saxlamaq niyyətindədir. Demək olar ki, tez bir zamanda mal-qaranın və qoyunquzunun sayı sürətlə artmağa başlamışdır. Qeyd olunan mal tövləsi onun hasarına birbaşa bitişik olduğundan artıq iy və üfunətdən evdə yaşamaq mümkünsüz həddə çatmağa başlamışdır. Bununla bağlı o, cavabdehə dəfələrlə öz iradını bildirsə də, cavabdeh iradlarına heç bir məhəl qoymayaraq öz antisanitar fəaliyyətini davam etdirməyə və daha da genişləndirməyə başlamışdır. Belə ki, cavabdeh bundan sonra onun acığına qapalı tövlə ilə yanaşı yenidən onun hasarına bitişik yay aylarında qoyun-quzu və malqaranı saxlamaq üçün yeni üstü açıq tikili tikmişdir. Bundan sonra isə üfunət iyi daha kəskin və iyrənc formada ətrafa yayılmağa başlamışdır. Qeyd edir ki, hər iki tövlə onun evinin düz qabağında inşa edilmişdir, qoyun-quzu və mal-qaranın üfunət iyi birbaşa onun evinin içinə daxil olur. Evin qapı-pəncərəsini açmaq qeyri-mümkündür. İstər yay aylarında, istərsə də sadə qış aylarında ilin bütün fəsillərində mal-qara, qoyun-quzunun səsi, üfunət iyi sözün əsl mənasında normal yaşamağa imkan vermir. Mal-qaranın saxlanılması üçün aylarla toplanıb qalmış ot və saman qalıqları və digər yem məhsulları müxtəlif növ gəmiricilərin çoxalaraq həyəti basmasına gətirib çıxarmışdır. Mal-qara saxlanıldıqdan sonra iri siçovullar həddən artıq çoxalmış, həyət-bacanı basmışdır. Qeyd olunan məsələ ilə bağlı o, Sumqayıt Bələdiyyəsinə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq İdarəsinə, Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzinə müraciətlər etmiş və həmin İdarələrin ona müxtəlif dövlət orqanlarına cavab məktublarında tikilmiş tövlələrin ərazidə antisanitar vəziyyət yaratması, yüngül konstruksiya ilə primitiv qaydada inşa olunması, bu halın isə Şəhərsalma Norma və Tikinti qaydalarına zidd olması, bu barədə hüquq mühafizə orqanlarına müraciət olunmasının zəruriliyi bildirilmişdir. Bu məqsədlə, o, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmişdir. 18 noyabr 2020-ci il tarixdə cavabdehin barəsində (yaşayış evində iribuynuzlu heyvanların saxlama qaydasını pozduğuna görə) Azərbaycan Respublikası İXM-in 290.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis Bölməsinə çağırılan zaman o, həqiqətən də həyətdə iri buynuzlu mal-qara saxladığını etiraf etmiş, həmin heyvanların saxlanılması nəticəsində ətraf mühitin çirklənməsini və ərazidə antisanitar vəziyyətin yarandığını etiraf etmiş və məsələnin qısa bir zamanda həll etmək üçün ona 1 aylıq müddət verilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdeh bütün deyilənləri etiraf edərək ona 1 ay vaxt verilməsini xahiş etsə də, artıq qeyd olunan vaxtdan uzun müddət keçməsinə baxmayaraq, vədinə əməl etməmiş və öz qanunsuz fəaliyyətini davam etdirməkdədir. İddiaçı Əlislam qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X6 məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında bildirdi ki, həqiqətən tövlə tipli tikililər tikinti norma və qaydalarına uyğun olmadan tikilib. Həmçinin ərazidə peyin və s. mövcuddur ki, bu insanların haqlı narazılığına səbəb olur. Digər hissələrdə iddianı qəbul etmir. Hansı çatışmazlıqlar ki mövcuddur və onları etiraf edir, həmin məqamları, narahatçılıqları aradan qaldıracaq. Bu səbəbdən, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı Eminova X2 massivi ev 781/A ünvanda, cavabdeh X6 isə Yaşıldərə yeni yaşayış massivi 2A ünvanda, qonşuluqda yaşayırlar. Bunu məhkəməyə təqdim edilmiş kommunal xidmətlərin göstərilməsi ilə bağlı müqavilələr, ödənişlərlə bağlı sənədlər, həmçinin məhəllə komitəsinin verdiyi arayışlar təsdiq edir. X6 həyətyanı sahədə iri və xırdabuynuzlu heyvanlar saxlayır. Ərazidə heyvanların peyini, sair ifrazatları, yem qalıqları antisanitar vəziyyət yaradır, üfunət, yaxud pis qoxu ətrafa yayılır, bu isə iddiaçının (qonşunun) haqlı narazılığına səbəb olur. İddiaçı cavabdehin özünə müraciət edərək, mübahisəni məhkəmədən kənar qaydada, qonşuluq münasibətlərinə uyğun şəkildə həll etmək üçün, mal-qara saxlanılması nəticəsində yaranan narahatçılıqları sonuncunun diqqətinə çatdırmış, müvafiq tədbirlər görülməsini, yəni mal-qara saxlamamasını, ərazidə üfunət və antisanitar vəziyyət yaradan tullantıların yığışdırılmasını xahiş etmişdir. Lakin cavabdeh bu vəziyyəti aradan qaldırmamışdır. İddiaçı məcbur olaraq müxtəlif instansiyalara, həmçinin hüquq-mühafizə orqanlarına müraciət və şikayət etmişdir. Tərəflər araşdırma zamanı polis şöbəsinə dəvət olunaraq izahatları alınmış və cavabdeh verdiyi izahatında şikayətçinin dediklərinin hər biri ilə razı olduğunu bildirmiş, çatışmazlıqların aradan qaldırılması üçün vaxt istəmiş, narahatlıq yaradan məqamların aradan qaldıracağını öhdəsinə götürmüşdür. Buna baxmayaraq, mal-qara, xırdabuynuzlu heyvanların saxlanılması davam etmiş, antisanitar vəziyyət aradan qaldırmamış, qonşuluq münasibətlərinə xələl gətirən məqamlar aradan qalxmamışdır. Cavabdeh barəsində 18 noyabr 2020-ci il tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, Azərbaycan Respublikası İXM-in 290.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi də müsbət dəyişikliyə gətirib çıxarmamışdır. Cavabdehin keçən ilin noyabr ayından bu ilin aprel ayınadək kifayət qədər vaxtı olmuşdur ki, yuxarıda qeyd olunan narahatçılıq yaradan vəziyyəti aradan qaldırsın. Sumqayıt Bələdiyyəsinin 25 avqust 2020-ci il tarixli 2482 saylı; 04 sentyabr 2020-ci il tarixli 2582 saylı; 25 sentyabr 2020-ci il tarixli 2829 saylı; X1 18 sentyabr 2020-ci il tarixli 002672 saylı; 31 mart 2021-ci il tarixli 24/1-431 saylı məktublarından da göründüyü kimi, iddiaçının iddia tələbində qeyd olunan məqamlar real olmaqla, sanitar-gigiyena normaların pozulması ilə yanaşı, qonşuluq münasibətləri baxımından da yolverilməzdir. Məhkəmə cavabdehin yaşadığı ərazidə inşa etdiyi tövlə tipli tikili ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin tikililərin sökülməsinə dair hissədə iddia əsaslı deyil. İddiaçının iddia ərizəsindən və verdiyi izahatdan məlum olur ki, iddiaçı və onun ailəsi üçün narahatçılıq yaradan məsələ tövlə tipli tikilinin özü deyil, orada heyvanların saxlanılması nəticəsində yaranan üfunət və antisanitar vəziyyətdir. İddiaçının əsas istəyi və tələbi, qonşuluqda iri və xırdabuynuzlu heyvanların saxlanılmaması, ərazidə yaranmış antisanitar vəziyyətin aradan qaldırılmasıdır. Qeyd olunan tikili tövlə kimi istifadə edilməyəcəyi təqdirdə, iddiaçının həmin tövlə tikilisi ilə bağlı hər hansı tələbinin yaranması üçün əsas qalmır. Qanunvericiliyə əsasən vətəndaşlar elə hərəkət etməlidirlər ki, bu hərəkətlər qonşuların və üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda sadalanan normalarına görə: 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh iddiaçıya bir qonşu kimi hörmət bəsləməli, qonşunun yaşadığı evə və həyətə cürbəcür hədsiz təsirlərdən çəkinməli olsa da, cavabdeh qonşuluq hüququnun tələb etdiyi davranış nümayiş etdirməmiş, ərazidə malqara, xırda buynuzlu heyvanlar saxlamış, heyvan tullantıları, ifrazatı və yem qalıqları ağır qoxular yaratmış, bu cür hədsiz təsirlər iddiaçının haqlı narazılığına səbəb olmuşdur. Bundan əlavə, ərazidə müxtəlif gəmiriçilər və ziyanvericilər də yaşamaq, artıb çoxalmaq və ətrafa dağılmaq üçün münbit şərait əldə etmişlər. Bunun özü də, ümumi-birgə yaşayış, qonşuluq hüquq və münasibətlərinə xələl gətirən, narahatçılıq və narazılıq yaradan məqamlardır. Əgər hazırkı iş üzrə iddiaçı cavabdehə eyni təsirləri etmiş olsa idi, cavabdeh özü də eyni narahatçılıqlarla üzləşmiş, haqlı narazılıq etmiş olardı. Məhkəmə, bu cür sadə cümlələrdən istifadə etməklə gəldiyi hüquqi nəticəni tərəflərə daha da aydın şəkildə anlatmağa çalışır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh X5 yaşadığı ərazidə (Yaşıldərə yeni yaşayış massivi 2A ünvanda) iri və xırda buynuzlu mal-qara saxlanılması qadağan edilməli, ərazidə yığılıb qalmış heyvandarlıq tullantıları (su, yem qalıqları və qazlar olan mal-qara bərk və maye ifrazatı) cavabdeh X4 öz vəsaiti hesabına ərazidən uzaqlaşdırılmalıdır. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X5 yaşadığı ərazidə (Yaşıldərə yeni yaşayış massivi 2A ünvanda) iri və xırda buynuzlu mal-qara saxlanılması qadağan edilsin. Ərazidə yığılıb qalmış heyvandarlıq tullantıları (su, yem qalıqları və qazlar olan malqara bərk və maye ifrazatı) cavabdeh X4 öz vəsaiti hesabına ərazidən uzaqlaşdırılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdeh X3 tutularaq İddiaçı Əlislam qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-2414/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2414/2021
06.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver