Məhkəmə qərarları › İş №2(060)-2425/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2425/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2425/2021 07.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış-istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış-istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı xx.xx.2006-cı il tarixli çıxarışına əsasən onun şəxsi mülkiyyətindədir. Cavabdeh onun gəlinidir. Cavabdeh 2018-ci il tarixdə mənzilə gəlin gəlmiş, 2019-cu ildən pasport qeydiyyatındadır. Cavabdeh mənzildə yaşamır, sadəcə mənzildə qeydiyyatdadır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh və uşağı xx.xx.2019-cu il təvəllüdlü Fərhadzadə Nilay Ruslan qızının ünvan 1 ünvanında yerləşən mənzilinə olan yaşayış istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərkən izahatında göstərmişdir ki, iddianı qəbul etmir, həmin ünvanda qeydiyyatdadır. Dörd ay kirayədə yaşamışıq. Həmin ünvana gəlin köçmüş, cehiz əmlakları həmin mənzildədir. İki aydır uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Alimentə dair ərizə ilə müraciət etmiş, lakin boşanmamışlar. Ona görə də məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, İddiaçı izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh xx.xx.2019ci il tarixdən Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilində yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ******* N-li arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli forma 2 saylı arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Mirzəyeva Aydan Ədhəm qızı arasında nikah xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2991 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Fərhadov, arvada Fərhadova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Fərhadzadə Nilay Ruslan qızı xx xxxxxxxx 2019-cu il tarixdə doğulmuşdur. X1, anası Cavabdehdır. İş materiallarında olan 7 saylı MKS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli forma 2 saylı arayışdan görünür ki, Cavabdeh və Fərhadzadə Nilay Ruslan qızı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilində 2019-cu ildən qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh və Fərhadzadə Nilay Ruslan qızı xx.xx.2019-ci il tarixdən Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilində yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* N-li arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilində qeydiyyatdadır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri onların valideynlərinin yaşadığı yer sayılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması Cavabdeh qeydiyyatda olduğu ünvanda davamlı olaraq yaşamadığı, ailə münasibətlərinin pozulması səbəbindən bir müddət kirayədə yaşaması, hal-hazırda xeyli müddətdir ki, valideynlərinin yanında yaşamasına baxmayaraq yalnız formal olaraq qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olmaları, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, Cavabdeh və xx.xx.2019-cu il təvəllüdlü Fərhadzadə Nilay Ruslan qızının Sumqayıt şəhəri, 5ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.2-ci maddəsinin tələbinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Plenumun qeyd olunan qərarından görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1. və 228.2-ci maddələrinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün üç mütləq şərtin, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının yerinə yetirilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına müvafiq olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməli olması qərara alınmışdır. Plenumun qeyd olunan qərarında həmçinin yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür. Məhkəmə tərəfindən işin məhkəmə iclasında araşdırılan hallarına əsasən müəyyən edildi ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilində yaşamadığı halda, iddia tələbini qəbul etməməsi yalnız formal mülahizələrə əsaslanmaqla öz təsdiqini tapmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın xx xxxx 2004-cü il tarixli Qərarı, §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxx 2006-cı il tarixli Qərarı, § 93) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbini, işdə olan sübutlara uyğun, məhkəmə iclasında iddiaçının verdiyi izahatına və qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış istifadə hüququ itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilərək Cavabdeh və uşağı xx.xx.2019-cu il təvəllüdlü Fərhadzadə Nilay Ruslan qızının Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilinə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və uşağı xx.xx.2019-cu il təvəllüdlü Fərhadzadə Nilay Ruslan qızının Sumqayıt şəhəri, 5-ci mikrorayon, 4B/29 saylı evin, 32 saylı mənzilinə yaşayış-istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar