Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2444/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş xəsarətə görə ödənc pulunun yenidən hesablanıb ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş xəsarətə görə ödənc pulunun yenidən hesablanıb ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1975-ci ildən Azərboru yayma zavodunda polad əritmə Marten sexində işləmiş, iş yeri isti ağır - zərərli və çox nöbəli olmuşdur. Sonradan zavodun adı dəyişdirilərək Cavabdeh ASC adlandırılmışdır. İddiaçı növbə rəisi işləyən zaman tarif vəzifə əmək haqqı 1989-cu ildən 280 manat təyin edilmişdir. 1991-ci il 22 yanvar 17:00 radələrində iş yerində sexin qarşısın kəsən teleşkaların srqaların və ruçkasın yoxlayıb aşağa düşərkən sağ ayağı teleşkanın üstündə qaldı və kəllə beyin və sağ çiynindən xəsarət almışdır. 1991-ci il may ayından 12 saylı TSEK əlilliyini 2-ci dərəcəli xəsarətlə qiymətləndirildi. Vurulmuş xəsarətə görə ödənc pulu 1989-cu ilin avqust və sentiyabr aylarının orta əmək haqqından 760 manatın 80%-i 608 manatdan, 1992-ci il may ayına dək vurulmuş xəsarətə görə ödənc pul doğru ödəmişdir. Müharibəyə könüllü getməyi ilə əlaqədər əlilliyinin 2-i dərəcəni 3-cü dərəcə ilə əvəz olunmasını Sumqayıt 12 saylı TSEK-in komissiyasından xahiş etmişdir. Bundan istifadə edən cavabdeh 155,10 manatın 60%-i 93,54 manatdan 1992 iyun tarixdən 2007.09 tarixədək 14 il 9 ay iddiaçıya vurulmuş xəsarətə görə ödənc pul 16557 manat ödəmişdir. xx.xx.2009-cu tarixdən Sumqayıt 6 saylı bölgə üzrə Dövlət əmək Müfəttişliyi 003921 saylı göstərişi ilə iddiaçıya 108 manat vurulmuş zərərə görə ödənc pulunun ödənilməsi göstərişi vermişdir. 108 manat 180 manat tarif vəzifə əmək haqqı olan növbə ustası X3 əmək haqqıdır ki, ondan vurulmuş xəsarətə gərə ödənc pul hesabına AR Əmək Məcəlləsinin 177-i maddəsinə ziddir. 2007.09 tarixdən 2013-cü ilədək 108 manat 6 ay x108 manat = 7452 manat və 2013.09 tarixdən 2022-ci ilədək 180 manatın 80%-i 144 manat 97 ay ödənilmişdir. Cəmi 97 ay x 144 =13968 manat bu etapda iddiaçıya vurulmuş xəsarətə görə ödənc pul ödənmişdir. Göstərilənlərə əsasən iddiaçıya 1991-ci ildən 2025-ci ilədək öz əmək haqqından hazırda qüvvədə olan pulla vurulmuş xəsarətə görə ödənilən 41511 manat pul ödəniləcək puldan çıxılması, qalan qalıq pulun ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, 1991 may ayından 2025-ci ilədək, vurulmuş xəsarətə görə ödənc pulum 33 il ərzində tam ödənilməmişdir. Belə ki, ona ödəniləcək xəsarətə görə ödənc pulun bir hissəsi Cavabdeh ASC kassasına toplanmışdır. ARNK-in 2000-ci il 15 iyun tarixli, 126 nömrəli qərarı ilə təsdiq edilmiş qərarına əsasən orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyasi tam nəzərə alınmamışdır. xx.xx.1991-ci il tarixli, 1466 saylı əmr əsasında cavabdeh tərəfindən doğru olmayan xəsarətə görə ödənc ödənilmişdir. Əslində 1991.05 tarixdən 1992.05 tarixədək 1040 ( bir min qırx) manat orta əmək haqqınınn 80%-i 832 manat x 12 ay = 9984 ( doqquz min doqquz yüz səksən dörd) manat vurulmuş xəsarətə görə ödənc pul ödənməliydi. Tarif vəzifə maaşı 280 manat : 21 iş günü = 13.33 manat bir iş gününün əmək haqqıdır. İş yeri ağır- zərərli, isti və çox növbəli olduğu üçün 280 manatın 83%-i 232.40 manat. Çox növbəli işdə işlədiyinə görə gecə növbəsi üçün 8 iş günü x 13,33 manat = 107 manat. 107 manatın 60%-i 64,20 manat. Polad markalarına görə tapşırığın yerinə yetirilməsi bir ay üçün 280 manatın 25%- 70 manat, həmin polad markalardan normadan artıq istehsal olunan metala görə tarif vəzifə maaşı 280 manatın 25 % -i 70 manat və digər işlərə görə, sexin tökmə sahəsindən posa tutucuların posa sahəsində boşaldılması soymuş posanın dumkara yüklənməsi 280 manatın 15%-i 42 manat, metal materialların, sıradan çıxan çuqun qəliblərin, mərkəzləşdirilmiş ötürücülərin (çentravoy), tökmə zamanı çıxdaş metalların bir sözlə zay metal materialların dumkara yüklənməsi 280 manatın 15% 42 manat və sair. Sobaların istismar müddətindən artıq işləməsi yəni, ikinci ay üçün normadan artıq əlavə ərinti verməsi 20%, yəni 280 manat x 20% = 56 manat orta əmək haqqına əlavə olunurdu. Növbə rəisləri sutkanın 16:00 saatdan 24:00 saatadək və 24:00 saatdan 08:00 saatadək sex rəisini əvəz edir. Sex rəisinin tarif vəzifə maaşı 700 manatın 15% - i 105 manat. AR ƏM müvafiq maddələrinə əsasən öz vəzifəsi ilə yanaşı başqa bir vəzifəni də yerinə yetirərkən 700 manat tarif vəzifə maaşının 15%-i 105 manat icra edənin tarif vəzifə maşının üzərinə əlavə edilir. Beləliklə, birinci ay üçün bir ay əmək haqqı (280+232+107+64 = 683 manat + 70+70+105+ 42+42) = 1012 (bir min on iki) manat, ikinci ay üçün 1012 manat + 56 manat = 1068 manat. Hər iki ayın əmək haqqı 1012 manat + 1068 manat = 2080 manat : 2 = 1040 manat vurulmuş xəsarətə görə ödənc orta əmək haqqıdır. 1040 manatın 80%- i 832 manat və 60 %-i isə 624 manat vurulmuş xəxarətə görə ödənc pul əmək haqqıdır. xx.xx.2008-ci tarixli, 668 saylı arayışda göstərilən əmək haqları doğru hesablanmamışdır. 1992.05 tarixdən 2013.03 tarixədək 240 ay x 624 manat = 149760 manat. 2013.03 tarixindən 2025 tarixədək 139 ay x 832 manat = 115648 (bir yüz on beş min altı yüz qırx səkkiz ) manat. Məzuniyyət əmək haqqı. 365 gün bölünsə 12 aya = 30,4 təqvim günü. 1040 orta əmək haqqını bölünsə 30.4 təqvim gününə = 34.21 bir təqvim gününün məbləği o da vurulsa 42 təqvim gününə = 1437manat x 33 il = 47421 manat. 275392 manat ödənilməliydi. 275392 manat çıxılsa 49365 xəsarətə görə ödənilən pul = 226027 manat xəsarətə görə ödənc pula əlavə edilsə, məzuniyyət pulu 47134 manat = 273161 manat ödəniləcək vurulmuş xəsarətə görə ödənc əmək haqqı. Qeyd olunanlara əsasən ödənilməyən gecikdirilmiş pulun 1%-i 2731 manat və 33 il ərzində ödənilməyən 273161 manat qalıq xəsarətə görə ödənc pulun, maddi və mənəvi ziyana görə hər ilə 1000 manat və 33 il ərzində hesablanıb ödənilməyən vurulmuş xəsarətə görə ödənc pulun ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh ASC-nin Marten sexində tökmə üzrə usta peşəsində işləyən İddiaçı xx.xx.1991-ci il tarixində istehsalatda baş verən bədbəxt hadisə nəticəsində xəsarət almış, Sumqayıt şəhər X10 Komissiyasının xx.xx.1991-ci il tarixli, 1768 saylı müayinə aktına əsasən 2-ci qrup əmək əlili kimi 1 il müddətinə 80% əmək qabiliyyətini itirilməsi müəyyən olunmuşdur. Bunun əsasında qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəssisə üzrə xx.xx.1991-ci il tarixli 1466 saylı əmr verilmiş və iddiaçıya 1 il müddətində 302 rubl məbləğində aylıq ödənc təyin edilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, ona 1992-ci il tarixindən 2007-ci ilin sentyabr ayınadək 93,54 manat (155,10x60%=93,54) ödənilmişdir. Bu həqiqəti əks etdirmir. Belə ki, 1991-ci ildən 2007-ci ilədək iddiaçının əmək qabiliyyətinin itirilmə faizinə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq Respublikada mövcud pul vahidi nəzərə alınmaqla aylıq ödənc ödənilmişdir. 2007-ci ilin yanvar ayında Cavabdeh ASC-də işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı olmuşdur. AR Nazirlər Kabinetinin xx.xx.2003-cü il 3 saylı Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi” Qaydalarının 3.5-ci bəndinə görə istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təsis edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) adı dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. İddiaçının işlədiyi Marten sexi 2003-cü ləğv edildiyindən kütləvi artım zamanı iddiaçının aylıq ödəncinin məbləği Marten sexinin əvəzində yaradılmış “Poladəritmə və yayma” sexinin ustasının 2007-ci il yanvar-fevral ayları üzrə orta aylıq əmək haqqından müəyyən edilmişdir (yanvar-131,80 manat+fevral-180 manat=311,80 manat/2=155,90 manat*60%=93,54 manat) və xx.xx.2007-ci il tarixli 335 saylı əmrlə iddiaçıya hər ay 93,54 manat məbləğində aylıq ödənc ödənilmişdir. Bundan narazı qalan iddiaçı 6 saylı bölgə üzrə X6 müraciət etmiş və Müfəttişlik tərəfindən aparılan araşdırmalar nəticəsində iddiaçının aylıq ödəncinin məbləği yenidən hesablanmışdır. DƏM-nin 003921 saylı xx.xx.2007- ci il tarixli göstərişinə əsasən iddiaçının aylıq ödəncinin məbləği 108 manat müəyyən edilmişdir. Bu göstərişin yerinə yetirilməsi barədə cəmiyyət üzrə xx.xx.2007-ci il tarixli 027-D saylı əmr verilmişdir. Həmin vaxtdan xx.xx.2019-cu il tarixinədək iddiaçıya ödənilən aylıq ödəncin məbləği DƏM-nin Göstərişinə əsasən müəyyən edilmişdir. 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2013-cü il tarixli 1422 saylı müayinə aktına əsasən iddiaçının 2-ci qrup əmək əlili kimi 80% əmək qabiliyyətini itirilməsi müəyyən olunmuşdur. Buna əsasən onun aylıq ödəncinin məbləği 108 manatdan 144 manata qaldırılmışdır. AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən - Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Həmçinin, AR Əmək Məcəlləsinin 15-ci maddəsinin 6-cı hissəsinə əsasən - Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin qərarlarından və göstərişlərindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. Həmin göstərişin ləğv edilməsi ilə bağlı iddiaçının qaldırdığı iddia mümkün sayılmamışdır. Belə ki, iddiaçı xx.xx.2013-cü il tarixdə qeyd olunan göstərişin ləğv edilməsi və ona ödənilən aylıq ödəncin məbləğinin Boruyayma sexinin ustalarının orta aylıq əmək haqqından hesablanması tələbi ilə Sumqayıt İnzibatı-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-200/2014 saylı xx.xx.2014-cü il tarixli qərardadı ilə iddia müddəti ötürüldüyü üçün iddia mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-237/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt Şəhər Məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qərardadından kassasiya şikayəti vermiş iddiaçının şikayəti yenə də təmin olunmamış və Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-153/15 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixində Respublikada minimum əmək haqqının artımı ilə əlaqədar olaraq müəssisədə əmək haqlarının artması nəticəsində iddiaçının aylıq ödəncinin məbləği həmin tarixdən 200 manat məbləğində müəyyən edilmişdir. Daha sonralar da minimum əmək haqqının artımı ilə əlaqədar olaraq müəssisədə əmək haqlarının artması nəticəsində iddiaçının aylıq ödənci müəssisə üzrə orta aylıq əmək haqqına uyğun olaraq hesablanıb ödənilmişdir. Belə ki, həmin dövrdə müəssisədə iddiaçının işlədiyi peşə və ya peşə qrupları mövcud olmamışdır. İddiaçının aylıq ödəncinin 1989-cu ilin avqust və sentyabr ayları üzrə orta əmək haqqından, yəni 760 manatdan hesablanıb ödənilməsi tələbi əsassızdır. Həmçinin, 1989-cu ildə ölkənin pul vahidi rus rublu idi. 1992-ci ildə respublikanın milli pul vahidi manat dövriyyəyə buraxılmışdır, xx.xx.2006-cı ildə Azərbaycanda manatın denominasiyası baş vermiş, nəticədə 1 yeni manat 5000 köhnə pul vahidinə bərabər olmuşdu. İddiaçının indiki aylıq ödəncin məbləğinin 1989-cu ildəki rus rublu ilə ödənilmiş əmək haqqının məbləğinə uyğun hesablanıb ödənilməsi tələbi ağlabatan deyildir. İddiaçı həmin dövrdən indiyədək respublikada baş vermiş pul islahatlarını nəzərə almamış və yaxud almaq istəməmişdir. Həmçinin, aylıq ödəncin yenidən hesablanması ilə bağlı olaraq iddiaçı tərəfindən müxtəlif illərdə (2012, 2015, 2017-ci illər) Cavabdeh ASC-yə qarşı 3 dəfə iddia qaldırılmış, bu işlərə Ali Məhkəmə səviyyəsində baxılmış, hər dəfə iddia təmin edilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-903/2012 saylı qətnaməsinə əsasən iddianın rədd edilməsi, Cavabdeh ASC istehsalat qəzası nəticəsində İddiaçı dəymiş ziyana görə ödənilməli olan 3780 manat ödənc pulunun ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
8. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli, 2(105)-837/2012 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 18 aprel 2012-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(85)-200/2014 saylı qərardadı ilə İddiaçı cavabdeh 7 saylı bölgə üzrə X2rşı 7 saylı bölgə üzrə Sumqayıt şəhər X2rşı 13 sentyabr 2007-ci il tarixli, 003921 saylı göstərişin ləğv edilməsi və vurulan ziyana görə ödənc pulunun 1-ci kateqoriyalı əsas sex olan boruyayma sexinin isti sahəsində 250-1 dəzgahının növbə ustaları Məmmədəli Zeynalovun və Valeh Məmmədovun orta əmək haqqından götürülməsinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona TSEK tərəfindən verilmiş TSE-01 seriyalı 152688 nömrəli arayışdan görünür ki, İddiaçı müddətsiz olaraq 2-ci qrup əlildir. xx.xx.2013-cü il tarixli müayinə aktına əsasən, İddiaçı baş beyin travma xəstəliyi kəllə daxili təzyiq ostenonevrotik sindrom mövcuddur. Əmək qabiliyyətini 80 faiz itirmişdir.
11. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 027-D saylı Əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixindən ömürlük hər ay 108 manat məbləğində ödənc ödənilməsi əmr edilmişdir. Əmrin mətnindən görünür ki, işçi İddiaçı əmək vəzifələrini yerinə yetirərkən xəsarət almışdır. Azərbaycan Respublikası 6 saylı ZTSEK-nin xx.xx.2000-ci il tarixli 3278 saylı qərarı ilə İddiaçı əmək qabiliyyətinin 60 % faiz itirilməsi müəyyən olunmuşdur.
12. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 55-D saylı Əmrin surətindən görünür ki, cəmiyyətin mühasibatlığına İddiaçı xx.xx.2007-ci il tarixli 027-D saylı əmr ilə ödənilən 108 manat xəsarət pulunun məbləğinin xx.xx.2013-cü il tarixindən dəyişdirilməsi, bu tarixdən ona hər ayda 144 manat məbləğində xəsarət pulunun ödənilməsinin tapşırılması əmr edilmişdir. Əmrin mətnindən görünür ki, Cavabdeh ASC-nin işçisi İddiaçı əmək vəzifəsini yerinə yetirərkən 1990-cı ildə cəmiyyətin keçmiş marten sexində əmək xəsarəti almışdır. Azərbaycan Respublikası 12 saylı TSEK-ın xx.xx.2013-cü il tarixli 1422 nömrəli müayinə aktına əsasən onun əmək qabiliyyətinin 80 % itirdiyi müəyyən olunmuşdur.
13. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 335 saylı əmrin surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2007-ci il tarixindən ömürlük müddətə hər ayda 93 manat 54 qəpik pul vəsaitinin ödənilməsi əmr edilmişdir. Əmrin mətnindən görünür ki, işçi İddiaçı əmək vəzifələrini yerinə yetirərkən xəsarət almışdır. Azərbaycan Respublikası 6 saylı ZTSEK-nin ona əmək qabiliyyətinin 60 % faiz itirilməsi barədə xx.xx.2000-ci il tarixli 3278 saylı Qərarı vardır.
14. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 97-D saylı Əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixindən ömürlük hər ay 200 manat məbləğində aylıq ödənc ödənilməsi əmr edilmişdir. Əmrin mətnindən görünür ki, İİ qrup əmək əlili X5 (№199) ərizəsi ilə cəmiyyətin rəhbərliyinə müraciət edərək ona ödənilən zərərə görə aylıq ödəncin məbləğinin artırılmasını xahiş etmişdir. AR 12 saylı TSEK-nin xx.xx.2015-ci il tarixli 3198 saylı müayinə aktı ilə İddiaçı əmək qabiliyyətinin müddətsiz olaraq 80 % itirilməsi təsdiq edilmişdir.
15. İş materiallarında olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2023-cü il tarixədək istehsalatda aldığı xəsarət ilə bağlı aylıq ödəncin məbləği – xx.xx.1991xx.xx.1992-aylıq 302 rubl; xx.xx.1992-xx.xx.1993-aylıq 1965 rubl; xx.xx.1993-xx.xx.1994aylıq 13456 rubl; xx.xx.1993-xx.xx.1994- aylıq 43.105 rubl; xx.xx.1994-xx.xx.1995- aylıq 9600 manat (köhnə); xx.xx.1994-xx.xx.1994- aylıq 19200 manat (köhnə); xx.xx.1995xx.xx.1995- aylıq 26400 manat (köhnə); xx.xx.1996 - xx.xx.1997- aylıq 26321 manat (köhnə); xx.xx.1996 - xx.xx.1997- aylıq 113207 manat (köhnə); xx.xx.1997-xx.xx.1998aylıq 118207 manat (köhnə); xx.xx.1998 - xx.xx.1999- aylıq 118207 manat (köhnə); xx.xx.1999 - xx.xx.2000- aylıq 118207 manat (köhnə); xx.xx.2000-ömürlük- aylıq 118207 manat (köhnə); xx.xx.2000-ömürlük- aylıq 161700 manat (köhnə); xx.xx.2005-ömürlük aylıq 34,56 manat; xx.xx.2005-ömürlük-37,44 manat; xx.xx.2007-ömürlük-93,54 manat; xx.xx.2007-ömürlük -108 mnat (DƏM göstəriş); xx.xx.2013-ömürlük-144 manat (80% göstəriş); xx.xx.2019-ömürlük-200 manat; xx.xx.2022-ömürlük-240 manat; xx.xx.2023ömürlük -276 manat təşkil etmişdir.
16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02405 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya və 10 manat məbləğində poçt xərci ödəmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməyən gecikdirilmiş pulun 1%-i 2731 manat və 33 il ərzində ödənilməyən 273161 manat qalıq xəsarətə görə ödənc pulun, maddi və mənəvi ziyana görə hər ilə 1000 manat pulun ona ödənilməli olduğunu bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir.
19. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
20. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
21. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
22. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
23. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
24. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
25. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
26. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş xəsarətə görə ödənc pulunun yenidən hesablanıb ödənilməsi tələbi”nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi:
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş xəsarətə görə ödənc pulunun yenidən hesablanıb ödənilməsi tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva