Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-248/2025 05.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2, Cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızının və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızına, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu Nərmin Gülməmmədovaya və Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı ləyaqətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızına, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu Nərmin Gülməmmədovaya, Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı ləyaqətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi və cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızının ləyaqətsiz vərəsə sayılaraq atalarının birinci növbədə vərəsələri olmaqla onların faktiki olaraq tam şəkildə qəbul etdikləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik hüququndan məhrum edilməsi, cavabdehin əməlində cinayət əlamətləri aşkara çıxarılcağı təqdirdə bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum ataları - ünvan 2 ünvanda qeydiyyatda olmuş xx.xx.1970-ci il təvəllüdlü X13 06 iyul 1996cı il tarixdə anaları - xx.xx.1974-cü il təvəllüdiü Nümayəndə2 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 - doğulublar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə valideynlərinin nikahı pozulmuş və xx.xx.2013-cü il tarixdə 185 saylı akt qeydi ilə Nəsimi rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. X2 anaları ilə boşandığı tarixdən adına çıxarışı olan, onların doğulub bu gün də yaşadıqları, yaşayış sahəsi 29,9 kvm, köməkçi sahəsi 47,0 kvm olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini onların sahibliyinə buraxaraq çıxıb getmiş, bir daha həmin ünvana qayıtmamış və onlarla yaşamamışdır. Onlara məlum olduğuna görə, X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxıb getdikdən sonra Abşeron rayonu, Saray qəsəbəsi, X15 küçəsində yerləşən fərdi evdə X5 ilə qeyri-rəsmi yaşamış və 18 fevral 2024-cü il tarixdə həmin evdə dəm qazının sızması nəticəsində dəm qazının toksik təsiri səbəbindən vəfat etmişdir. Cavabdeh atalarının ölümündən sonra onun vərəsəsi kimi tanınması və şəhadətnamə alınması üçün 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisınin Xüsusi notariusu Nərmin Gülməmmədovaya ərizə ilə müraciət edərək həqiqiliyi şübhə doğuran sənədlər, o cümlədən guya ataları ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olması barədə arayış (nikah haqqında şəhadətnamə yox!) təqdim etməklə atalarının birinci növbədə vərəsələri olmaqla onların faktiki olaraq tam şəkildə faktiki qəbul etdikləri ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə vərəsəlik haqqında şəhadətnamə almaqlarına birbaşa maneə törətmişdir. Ona görə də cavabdeh X1 ləyaqətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasma dair xahişlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İddiaçılar qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdirlər.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, atası şəxsiyyət vəsiqəsini dəyişəndə ailə vəziyyəti subay yazılmışdır. Atasının ölüm kağızında və ekspertiza kağızında da atası subay olaraq qeyd edilmişdir. Cavabdeh aprel ayının 30-dan sonra soyadını dəyişərək Xəlilova edib. İlk məhkəmədə cavabdeh sadəcə arayışla məhkəməyə gəlmişdi. İndi isə cavabdeh hansısa yolla əldə etdiyi nikah haqqında şəhadətnamə ilə məhkəməyə gəlmişdir. Atası vəfat etməmişdən əvvəl atası təxminən 1 həftə əvvəl onunla danışmışdır və atasına gəlib onların evində onlarla qalmasını bildirmişdir. O, Nailə haqqında məlumatı əmisindən öyrənmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, atasının ölümünə sevinməyib. O, atası öldükdən sonra hadisənin necə baş verdiyi ilə maraqlandıqda ona heç kim Nailəni hadisə yerində gördüyünü bildirməmişdir. O, Nailəni atası öldükdən sonra tanıyıb. Əgər Nailənin əlində nikah haqqında şəhadətnamənin əsli var idisə elə ilk iclasda onu gətirərdi. Nailə isə ilk iclasda sadəcə arayış təqdim etmişdir. Atasının ailə vəziyyəti barədə notarius və digər orqanlara göndərdikləri sorğularda atasının ailə vəziyyəti həmişə subay olaraq göstərilib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mərhum X16 Xəlilovanın birgə nikahlarından Kənan və Əli adlı övladları olmuşdur. Tərəflər arasında nikah 2012-ci ildə pozulub. Həsən Xəlilov o vaxt evi iddiaçılara qoyub və evi tərk edib. Həsən evi tərk etdikdən sonra Nailə adlı xanımla qeyri rəsmi nikah münasibətlərində yaşamışdır. Həsənin ölümündən sonra Nailə özünü Həsənin vərəsəsi kimi tanıtmış və şəhadətnamə almışdır. Nailə Notariat ofisinə Həsənlə guya 2015-ci ildə rəsmi nikahda olmasına dair şəhadətnamə təqdim etmişdir. Lakin övladları isə həmişə ataları ilə ünsiyyət saxlayarkən ataları həmişə yaşadığı qadınla qeyri-rəsmi nikah münasibətlərində olduğunu bildirmişdir. Mərhumun keçmiş sənədlərinə baxdıqda bütün sənədlərdə subay olaraq görünür. O, Ədliyyə Nazirliyi və Qeydiyyat şöbəsinə müraciət etdikdə qeyd edilən məlumatların fərdi məlumatlar olması səbəbilə yalnız məhkəmə sorğusuyla verilməsinin mümkün olduğu bildirilmişdir. Ehtimal vardır ki, Nailə vərəsə deyil. Məhkəmə gedişatında araşdırma zamanı da məlum olacaqdır ki, Nailə ləyaqətsiz vərəsədir. Həsən ölüm haqqında şəhadətnamədə də subay olaraq göstərilmişdir. Nikah haqqında şəhadətnamənin həqiqiliyinə şübhə edir. Belə ki, cavabdeh və mərhum rəsmi nikahda olmayıblar. Lazimi orqanlara vaxtı ilə müraciət etdikdə məlum olub ki, mərhum subaydır. Həsən öldükdən sonra cavabdeh Xəlilova soyadını götürüb. Həsən sağlığında da həmişə övladlarına qeyri-rəsmi olaraq cavabdehlə birlikdə olduğunu bildirib. Şəxsin nikahı rəsmiləşdirilən kimi ailə vəziyyəti hər yerdə ailəli olaraq qeyd edilir. Mümkün deyil ki, hər hansı sənəddə mərhumun adı subay olaraq qalsın. Bundan başqa ekspert rəyi ilə razı deyil, hesab edir ki, verilmiş rəy mübahislədir. Nailə əri vəfat edən kimi Behbudova soyadını deyişərək, Xəlilova olmuşdur. Daxili İşlər Nazirliyi Ədliyyə Nazirliyinin bazasına istinad edib və həmin bazada mərhum subay görünüb. Hesab edir k, ekspertiza aparılması üçün texnologiya olmamasının əsas gətirilməsi ilə ekspert işi başından edib. Şəhadətnaməyə ən azından dublikat yazıla bilərdi. Məhkəməyə təqdim edilmiş şəhadətnamə 2015-ci ildə hazırlanmış şəhadətnaməyə oxşamır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi. 6.Məhkəmə iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 bildirdi ki, hazırda tək istəyi uşaqlarının haqqının tapdalanmamasıdır. Həsən onlarla yaşamasa da, həmişə onlarla əlaqədə olmuşdur. Həsənin əmisi uşaqları demişdir ki, Həsən ölüb. Hadisə yerində olan polis Nailədən soruşduqda Nailə Həsənlə nikahlarının olmadığını deyib. O, Həsən vəfat etdikdən sonra oğlu Əli ilə ekspertizadan rəy aldıqda elə həmin rəydə də keçmiş ərinin ailə vəziyyəti subay yazılmışdır. O, mart ayında Asan Xidmətə getmiş və oradan onu Abşeron qeydiyyat şöbəsinə göndərmişdirlər. Ona Abşeron qeydiyyat şöbəsindən də Həsənin subay olduğu deyilmişdir. O, Asan Xidmət mərkəzinə yaxınlaşmış və mərkəzdə sistemə vurduqda Həsənin vərəsə kimi yalnız anası və uşaqları çıxmışdır. Ərinin doğum haqqında şəhadətnaməsini axtarmış, lakin tapa bilməmişdir. O, Həsənin yaşadığı evin sahibinə zəng etmiş və ev sahibi Həsənin mütəmadi olaraq heç kimlə yaşamadığını, sadəcə arada bir nəfər xanımın evə gəlib getdiyini bildirmişdir. Nailə “zaks” kağızı olmadan ayın 5-də vərəsə olmaq üçün müraciət edib. Müraciət zamanı isə sadəcə arayış təqdim etmişdir. Nailə ilk prosesdə də sadəcə arayışının olduğunu bildirmişdi, lakin sonradan nikah haqqında şəhadətnaməni gətırdi. Şəhadətnamə sonradan dəyişdirilmişdır. Baş vermış hadisələr onun övladlarına çox pis təsir etmişdir. Övladı asma xəstəsidir. Hazırda uşaqlarının hər ikisi keçirdiyi streslərlə əlaqədar işləyə bilmir. O, Asan Xidmət mərkəzinə ölüm kağızı almaq üçün 16 mart tarixində getmişdi. Notarius vərəsələrin nənə və 2 uşaq olduğunu bildirmişdi. Ona şəhadətnaməni tapmaq üçün 10 gün vaxt verilmişdi. O və qaynı da şəhadətnaməni tapa bilmədilər. O, 30 aprel tarixində 54 saylı notariusa getdikdə Nailənin məlumatlarının dəyişdiyini öyrənmişdir. Cavabdeh əvvəlkı məhkəmə iclasında şəhadətnaməni itirdiyıni etiraf etmişdi. Cavabdehin nikah haqqında şəhadətnaməsı olmadan vərəsə kimi qeydiyyata necə düşdüyünü başa düşə bilmir. Həmin sənədi notariat orqanına təqdim etmədən vərəsə kimi çıxış etməsi sual doğurur. DİN cavab məktubunda Ədliyyə Nazirliyinin bazasında olan məlumata istınad edib. Daxili İşlər Nazirliyindən gələn gələn məktub sübut etdi ki, onun əri əslində subay olmuşdur. Nailə heç vaxt əri ilə rəsmi nikahda olmayıb. Cavabdeh keçən məhkəmə iclaslarında şəhadətnamənin gah əmisigildə, gah da qaynıgildə olduğunu demişdi. Nəsimi rayon Qeydiyyat Şöbəsinin rəisi də iclasda şəhadətnaməni onun vermədiyini bildirdi. Bir daha bildirir ki, polislər ünvana gələndə Nailə Həsənlə nikahlarının olmadığını bildirmişdir. Nümayəndə qeyd edilənlərə əsasən ədalətli qərar qəbul edilməsini və iddia tələbinin təmin edilməsini məhkəməsən xahiş etdi. 7.Məhkəmə iclasında iştirak edən cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızı iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, xx.xx.2015-ci ildə Həsənlə nikah bağlayıblar. 2015-ci il tarixdən Xəlilova soyadını alıb. Ölüm baş verəndə evdə olmayıb. Həsən ona 2 günlük işinin olduğunu demiş və atasıgilə getməyini bildirmişdir. O, təsadüfən evə gəlmişdir. Qapını bir neçə dəfə cəhd etsə də, aça bilməmişdir. Qaynına zəng edib ərinin onun yanında olub-olmadığını soruşmuşdur. Qaynı isə ərinin Saraya getdiyini bildirmişdir. Bu vaxt da ərinin öldüyünü öyrənmişdir. Sonradan hadisə yerinə polislər gəlmişdir. Əri vəfat edəndə sənədləri də itmişdi, nikah haqqında şəhadətnamənin əslini sonradan tapmışdır. Yoldaşı vəfat edəndən sonra qeydiyyat şöbəsinə getdikdə, ona qeydiyyat şöbəsindən nikahı ilə əlaqədar yalnız arayış verilə bilinəcəyi bildirilmişdir. Qeyd edir ki, o, ilk məhkəmədə nikahını təsdiq edən arayış verib və proses zamanı şəhadətnaməni itirdiyini demişdir. Çünki qeydiyyat şöbəsi ona yeni şəhadətnamə verilməsinin mümkün olmadığını demiş və arayış vermişdi. Lakin sonradan şəhadətnaməni qayınanasıgildə tapıb. Onu da bildirir ki, əri vəfat etdikdən sonra ərinin oğlanları vatsap sosial şəbəkəsində status paylaşaraq qeyd etmişdilər ki, “çoxdandır gözlədiyimiz an oldu”. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. 8.Məhkəmə iclasında iştirak edən cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Nailə və Həsən əslində çoxdan birlikdə yaşayıblar, lakin nikaha gec daxil olublar və birlikdə qeyri-rəsmi deyil, rəsmi nikaha daxil olaraq yaşayıblar. Birinci iclasda bacısı şəhadətnamənı tapa bilməmişdi və əlində arayışı olduğunu demişdir. Daha sonra isə bacısı şəhadətnaməni tapıb gətirmişdir. Bacısı “zaksda” olarkən soyadı Xəlilova idi və nikaha daxil olduqdan sonra soyadını dəyişmişdir. Verilən şəhadətnamədə heç bir saxtakarlıq yoxdur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu və Nəsimi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, hər iki üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Məhkəmə hazırlıq iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nəsimi rayon Qeydiyyat Şöbəsinin rəisi X10 bildirmişdir ki, mərhum Həsən və Nailə arasında olan nikah 2015-ci il tarixdə qeydə alınmışdır. Qeyd edilən məlumata dair Ədliyyə Nazirliyinin elektron bazasında akt mövcuddur. Nikah haqqında şəhadətnamənin akt qeydlərini saxlayırlar. Nikah haqqında şəhadətnamədə təkrar olduğu qeyd edilməmişdir. Bütün nikah haqqında şəhadətnamələr seriya nömrəsinə görə qeydiyyata alınır. Köhnə tarixlə şəhadətnamə verilməsi mümkün deyil. Cavabdehin əvvəlki iclasda niyə özündə şəhadətnamə olmadığını dediyini bilə bilməz. Ailə vəziyyəti ilə bağlı məlumatlar sistemə inteqrasiya edilmişdir. Şəxs, idarəyə nikaha daxıl olmaq istədiyinə dair ərizə verir və beləcə bu şəxsin ailə vəziyyəti məlumatları bazada yoxlanılır.
11. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
12. İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2(006)- 1593/2012 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin edilmiş, X14 ilə Nümayəndə2 arasında 06 iyul 1996-cı ildə bağlanmış və Nəsimi rayon VVAQ Şöbəsində nikahın bağlanması, haqqında akt qeydləri kitabında 289 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx xxxx 1997-ci il təvəllüdlü İddiaçı2 və xx xxxx 1999-cu il təvəllüdlü İddiaçı1 anası Nümayəndə2 yanında saxlanılmaları, 19 mart 2012-ci il tarixdən başlayaraq xx xxxx 1997-ci il təvəllüdlü İddiaçı2 və xx xxxx 1999-cu il təvəllüdlü İddiaçı1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X6 hər bir uşaq üçün ayda 87 manat, cəmi 174 (yüz yetmiş dörd) manat sabit pul məbləğində alimentin Nümayəndə2 xeyrinə tutulması qət edilmişdir. 13.İşdə olan AZ-İİ 384228 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 339 nömrə ilə qeyd edilmişdir. 14.İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X14 və X9 xx.xx.1996-cı ildə Nəsimi Rayon Qeydiyyat şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 289 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. 15.İşdə olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki,Nümayəndə2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. 16.İşdə olan AZ-İ 042503 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuşdur. X4, anası Nümayəndə2dır. 17.İşdə olan XX-JQ 407290 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuşdur. X4, anası Nümayəndə2dır. 18.İşdə olan AZ-İ 484753 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və Nümayəndə2 arasında olan nikah Bakı şəhəri Nəsimi ayon Məhkəməsinin 25 iyul 2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 185 nömrə ilə qeyd edilmişdir. 19.İşdə olan İİ SL-024609 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1974-cü ildə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuşdur. X3, anası X7r. 20.İş materiallarında olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi 1-ci döngə, ev 30 X8 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. 21.İşdə olan Bakı şəhər Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən veirlmiş arayışdan görünür ki, X14 və X5 xx.xx.2015-ci ildə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdurlar və bu barədə 95 nömrəli akt qeydi tərtib olunmuşdur. 22.İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 vəfat etdiyi günə kimixx.xx.2024-cü il tarixədək ona məxsus evdə həyat yoldaşı Nümayəndə2, övladları İddiaçı1 və İddiaçı2 yaşamışdırlar. 23.İşdə olan ********* saylı, xx.xx.2015-ci il tarixli nikah haqqında akt qeydindən görünür ki, X14 və X5 xx.xx.2015-ci il tarixdə Nəsimi rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdurlar. 24.İş materiallarında olan AZ-İİ 019539 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X14 və X5 xx.xx.2015-cı ildə Nəsimi Rayon Qeydiyyat şöbəsində nikaha girərək ailə qurmuşlar və bu nikah 95 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. 25.İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X21 Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X13 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin elektron bazasına uyğun olaraq ailə vəziyyəti qrafasında “subay” qeyd olunmaqla xx.xx.2015-ci il tarixdə AZE 15633794 və xx.xx.2020-ci il tarixdə AA ******* nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilib.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
26. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X14 (iddiaçıların atası) və X9 (iddiaçıların anası) xx.xx.1996-cı ildə Nəsimi Rayon Qeydiyyat şöbəsində nikaha girərək ailə qurmuşdurlar. Həmin nikah Bakı şəhəri Nəsimi ayon Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2(006)-1593/2012 saylı qətnaməsinə əsasən pozulmuşdur. Daha sonra X14 (iddiaçıların atası) hazırkı iş üzrə cavabdeh X5 xx.xx.2015-cı ildə Nəsimi Rayon Qeydiyyat şöbəsində nikaha girərək ailə qurmuşdur. Hazırda iddiaçılar X14 və cavabdeh X5 arasında bağlanmış nikahın və həmin nikaha dair Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 019539 saylı nikah haqqında şəhadətnamənin saxta olduğunu iddia edərək cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızının ləyaqətsiz vərəsə sayılmasını xahiş edirlər. Cavabdeh isə iddia tələbini qəbul etmir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
27. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.
28. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir.
29. Mülki Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
30. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.
31. Göründüyü kimi mülki qanunvericilikdə vərəsənin ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı konkret şərtlər müəyyənləşdirilmişdir: miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneənin törədilməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərilməsi; vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətin törədilməsi.
32. Məhkəmə hesab edir ki, hazırki iş üzrə belə halların mövcudluğu müəyyən edilmir.
33. Belə ki, iddiaçılar cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızının ləyaqətsiz vərəsə olmasına dair iddialarını onun X2 ilə rəsmi nikahda olmaması, H.Xəlilovun şəxsiyyət vəsiqəsi məlumatlarında subay olması və Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızı ilə X13 arasında xx.xx.2015-cı ildə Nəsimi Rayon Qeydiyyat şöbəsində bağlanmış, 95 saylı akt qeydilə rəsmiləşdirilmiş nikaha dair Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ 019539 saylı nikah haqqında şəhadətnamənin saxta olması ilə əsaslandırırlar.
34. Qeyd edilən halın araşdırılması ilə əlaqədar məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş ********* saylı, xx.xx.2015-ci il tarixli nikah haqqında akt qeydindən görünür ki, X14 ilə X5 xx.xx.2015-ci il tarixdə Nəsimi rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşdurlar və onlara həmin Qeydiyyat şöbəsi tərəfindən AZ-İİ 019539 saylı nikah haqqında şəhadətnamə verilmişdir.
35. Göründüyü kimi iddiaçıların iddia tələblərinin əsası kimi istinad etdiyi yeganə hal təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
36. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
38. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
40. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 3.1-ci maddəsinə əsasən nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən həyata keçirilir.
41. Göründüyü kimi Qeydiyyat şöbələri ölkədə nikahı qeydə alan əsas orqanlardan biridir. Bu səbəbdən məhkəmə hesab edir ki, şəxsin nikahda olması barədə məlumatın başqa orqanların məlumat bazasında mövcud olmaması, o cümlədən şəxsin nikahda olması barədə məlumatın bu və ya digər səbəbdən digər orqanların informasiya sisteminə inteqrasiya olunmaması həmin nikahın saxta olması barədə nəticəyə gəlmək üçün əsas ola bilməz.
42. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızına, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu Nərmin Gülməmmədovaya, Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı ləyaqətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. 43.Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində iddiaçılar həmçinin cavabdehin əməlində cinayət əlamətləri aşkara çıxarılacağı təqdirdə bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsini xahiş etmişdir.
44. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
45. Məhkəmə hesab edir ki, hazırki iş üzrə xüsusi qərardad çıxarılması üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olmadığından iddiaçıların ərizəsi həmin hissədə də təmin edilməməlidir.
46. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçıların məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir.
47. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçılara aid edilməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, hazırki iş üzrə ekspertiza xərci 80 manat təşkil etmişdir.
48. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi: 49.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Xəlilova (Behbudova) Nailə Bəxtiyar qızına, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin Xüsusi notariusu Nərmin Gülməmmədovaya və Nəsimi rayon Qeydiyyat Şöbəsinə qarşı ləyaqətsiz vərəsə sayılaraq vərəsəlik hüququndan məhrum edilmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının xərci olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 80 (səksən) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva