Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2489/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildə yaşayış hüququnun bərpası tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu va daimi yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23 A, mənzil 86 ünvanlı mənzilə köçürülərək həmin mənzildə yaşayış hüququnun əldə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, faktiki olaraq Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23 A, mənzil 86 ünvanda pasport qeydiyyatındadır. xx xxxxxx 2004-cü il tarixdən - yəni doğulduğu tarixdən həmin ünvanda yaşayır. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23 A, mənzil 86 ünvanlı mənzil Cavabdeh məxsusdur. Cavabdeh onun babasıdır. Bildirir ki, atası X5 oğlu ilə anası Orucova Nuranə Hakim qızı 12 yanvar 2004-ci il tarixdə rəsmi nikaha girdikdən sonra babası Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23 A, mənzil 86 daimi yaşamışlar. Həmin mənzil yaşayış üçün yararsız vəziyyətdə olduğuna görə mənzil onların tərəfindən əsaslı tam təmir olunmuşdur. Cavabdehlə valideynləri arasında olan şifahi razılaşmaya görə həmin mənzil onlara daimi yaşayış üçün birdəfəlik verilmişdi. Lakin cavabdeh həmin dövrdə Rusiya Federasiyasında yaşadığına görə bu mənzili onlarlın adına sənədləşdirmək mümkün olmamışdır. Bildirir ki, qardaşı X2, anası Orucova Nuranə Hakim qızı ilə birlikdə 20 il 10 ay müddətində ünvan 2 ünvanında fasiləsiz daimi yaşayıblar. Cavabdeh uzun müddət Rusiya Federasiyasında yaşadığına görə bütün kommunal xərclər onlar tərəfindən ödənilmiş və mənzil onlar tərəfindən əsaslı təmir olunmuşdur. Cavabdeh Rusiya Federasiyasından gəldikdən sonra onlar evi tərk etməyə məcbur etmiş və məqsədinə nail olmaq üçün mənzilin açarını dəyişmiş, ona fiziki və psixoioji təzyiq göstərmişdir. Bu səbəbdən mənzildə yaşayış hüququnun bərpası və mənzildən istifadə hüququ əldə etmək üçün məhkəməyə müraciət edib. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında olan 2(060)-2489/2025 saylı iş üzrə İddiaçı mənzildə yaşayış hüququnun bərpası barədə iddia ərizəsi ilə razı deyil. Gəldiyi qənaəti aşağıdakılarla əsaslandırır. Oğlu X5 oğlu 2004-cü ildən Orucova Nuranə Hakim qızı ilə ailəlidir. Birgə nikahdan həddi-buluğa çatmış iki övladları vardır. Oğlu, Coca-Cola Şirkətində işləməklə ailəsini birtəhər dolandırırdı. Nuranə xahiş etdi ki, evinizi bir müddət kirəyə kimi onlara versin ki, orada yaşayasınlar. O, bildirdi ki, həmin evdə onun keçmiş həyat yoldaşı Nəzakət yaşayır ki, qızı daim anasının qulluğunda durur. Dedi hər cür şərtlərlə razıdır, kirayə pulunu çatdıra bilmirlər. “Ayağıma yer edim, sonra sənə nə edim” məsələsinə döndü. 5-6 ildən sonra gəlin, qızı – Cəfərova Aygünü evdən qovdu. Qızı məcbur olub Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək daimi qeydiyyatda olduğu evə köçürüldü. Evə köçürülmə olduqdan sonra Orucova Nuranə evdə dava-dalaş salmağa başladı. Dedi ki, “mən sizin nökəriniz deyiləm ki, oturam evdə xəstəyə baxım”. O, bildirdi ki, qızı Aygün öz anasına qulluq edir, “sənə ehtiyac yoxdur”. Dedi ki, uşaqları böyükdür, “siz çıxın ki, mən evə yerləşim, ailəmlə yaşayım, sənin keçmiş arvadın və qızın burada artıqdır”. O, dedi “əgər bu ev sənə uyğun deyilsə, özün ailəni götür çıx”. Oğlu Vüqar bildirdi ki, “sən çıxıb getsən, mən boşanmaya verəcəm”. Hazırda oğlu Vüqar nikahın pozulması üçün Mediasiya Şurasına müraciət etmişdir. Bundan hiddətlənən Orucova Nuranə Hakim qızı min bir böhtanla məhkəməyə müraciət etmiş və bildirmişdir ki, onu evdən qovublar. Bu ağ yalandır, o, onu evdən qovmayıb, bu gün də oğlu onu qəbul edirsə, birlikdə yaşasınlar. O, özü Rusiya Federasiyasında işləyərək öz evini təmir etdirib. 5-6 il bundan öncə təmir etdirib onları da evə yığıb. Nuranə heç yerdə işləməyib, heç vaxt gəlir əldə etməyib. Coca-Cola Şirkətində olan maaş 700- 800 manat təşkil edib. Bu pul isə onların dolanışığını güclə təmin edirdi. Keçmiş həyat yoldaşının ağır xəstə olmasını nəzərə alıb evi satdı ki, həyət evi alıb, rahat yaşasınlar. Hal-hazırda həyət evi alıb, gəlninin orada – burada kirayədə qalmasını istəmir, əri qəbul edirsə, gəlib onlarla birlikdə yaşasın. O, heç bir vaxt söz verməyib ki, evi “sizə verirəm, siz yaşayın”. Onlar gəncdirlər, özləri özlərinə ev ala bilərdi. Son 5 il kirayə haqqını isə o, Nuranədən tələb etmir- nəvələrinin xatirinə. Nuranə ilə aralarında heç bir şifahi və yazılı müqavilə olmayıb. Oğlu onu boşayır deyə, əsassız varlanmaq istəyir. Hazırda nəvəsinin anası Orucova Nuranə Hakim qızı eyni ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 2 (060)- 2111/2025 saylı işin baxılması Sumqayıt şəhər Məhkəməsinin hakimi cənab Elmir Hüseynovun icraatındadır və məhkəmə iclası xx.xx.2025-ci il saat 11:45-ə təyin edilmişdir. Hal-hazırda o, mübahisəli evi satıb, bir başqasının mülkiyyətindədir. Həmin pulla o, həyat yoldaşını və özünü müalicə etdirir. Bu səbəbdən İddiaçı iddia tələbi əsassız olduğundan onun iddia tələbinin rədd edilməsini xahiş edir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Belə ki, mübahisəli mənzil satılıb və artıq başqa şəxsin mülkiyyətindədir. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, arvadı xəstə idi. O, gəlininə arvadına baxmasını təklif etmiş, yoldaşına baxmayacağı halda evi satacağını bildirmişdir. Gəlini onun arvadına qulluq etməkdən imtina etmiş və evdən çıxıb getmişdir. Hazıda oğlu və gəlini boşanma ərəfəsindədirlər, iş məhkəmədədir. Əgər oğlu qəbul edirsə, gəlini onun mübahisəli mənzilin əvəzində aldığı həyət evində yaşaya bilərlər. Bundan başqa qarşı tərəfin evin təmirinə 12500 manat pul qoyduğu barədə fikirləri də yalandır. Evin orderi onun adına olub. O, evi yanvar ayında satıb və hazırda həmin evdə başqa adam yaşayır. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişən imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəblşəri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə hazırlıq iclaslarında iştirak etmiş İddiaçı bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh onun babasıdır. O mübahisəli evdə yaşayıb anadan olmuşdur. Anası, qardaşı və o evdən çıxarılmışdır. Evin təmirini əsaslı şəkildə anası edib və 12500 manat xərc çəkib, atası isə bununla əlaqədar heç bir vəsait qoymayıb. Mənzil onların payı verilmədən satılmışdır.
7. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X3 və Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23 A, mənzil 86-da qeydiyyatdadırlar. 9.İşdə olan 86 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Orucova Nuranə Hakim qızı ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. 10.İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 aprel 2025-ci il tarixli məktubundan görünür ki,ünvan 3 X1 adına qeydiyyata alınaraq xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının atası X5 oğlu ilə anası Orucova Nuranə Hakim qızı 12 yanvar 2004-ci il tarixdə rəsmi nikaha girdikdən sonra babası – hazırkı iş üzrə Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23 A, 86 saylı mənzilə köçərək daimi yaşamışdırlar. İddiaçı özünün və valideynlərinin mübahisəli mənzildə uzun müddət yaşamalarına istinad edərək həmin mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul etmir. Hazırda mübahisəli mənzil cavabdehin mülkiyyətində deyil.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 13.Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. 14.Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. 15.Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 16.Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. 17.Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı uzun müddət babası – Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 23 A, 86 saylı mənzildə yaşadığına istinad edərək, həmin mənzildən istifadə hüququnun tanınması barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, mübahisəli mənzil hazırda Cavabdeh deyil, iddiaçı ilə hər hansı qohumluq münasibəti olmayan X1 mülkiyyətindədir.
19. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 20.Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. 21.İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 22.MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 23.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. 24.Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması və köçürülməsi üçün hər hansı hüquqi əsas olmadığından İddiaçı Cavabdeh qarşı mənzildə yaşayış hüququnun bərpası tələbinə iddiası təmin edilməməlidir.
25. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi təmin edilmədiydən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
26. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
27. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı mənzildə yaşayış hüququnun bərpası tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva