Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2490/2021 08.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, Ərizəçi (maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti) öhdədə olma faktının müəyyən edilməsi barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) öhdədə olma faktının müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, anası xx.xx.1952-ci il təvəllüdlü X1 onun öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və əlavə edilmiş sənədləri nəzərdən keçirərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən (bundan sonra - MPM) məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır (305.1.1.). Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.2.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur (3.). Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir (3.1.). Qərarın qeyd edilən müddəalarından görünür ki, şəxs hər hansı sağ olan şəxsin onun öhdəsində olması faktının deyil, özünün vəfat etmiş şəxsin öhdəsində olması faktının müəyyən edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. İşdən göründüyü kimi ərizəçi anasının onun öhdəsində olma faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin həmin fakt məhkəmə qaydasında müəyyən edilə bilməz. Yəni, hazırkı ərizəyə məhkəmə qaydasında baxıla bilməz. MPM-ə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1.). Məhkəmə hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 153-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : Ərizəçi (maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti) öhdədə olma faktının müəyyən edilməsi barədə ərizənin qəbulundan ərizənin yolverilməzliyinə görə imtina olunsun. Ərizə və ona əlavə edilmiş sənədlər əriçəçiyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2490/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2490/2021
08.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver