Məhkəmə qərarları › İş №2(060)-2519/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2519/2024

14.06.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2519/2024 14.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh hazırda uşaqlarla birlikdə həmin mənzildə yaşayır. İddiaçının həmin otaqdan istifadə hüququ isə cavabdeh tərəfindən qeyri-qanuni şəkildə məhdudlaşdırılır. Sözügedən mənzildə xeyli müddətdir ki, yaşayır. İddiaçı cavabdehlə xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları vardır: X1 xx.xx.2015-ci il təvəllüdlü və Şahbazlı Nurlan Pərvin oğlu xx.xx.2017-ci il təvəllüdlü. Cavabdeh iddiaçını otağa buraxmır, yaşamağına maneçilik törədir. Bütün əmlakları hal-hazırda həmin otaqda yerləşir. Bu səbəbdən cavabdehin qeyri-qanuni hərəkətlərinin qarşısının alınması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən iddiaçının övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü Şahbazlı Nurlan Pərvin oğlu ilə birlikdə ünvan 4-ə köçürülmələri barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasınıməhkəmədən xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 25 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İ № 893717 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Mustafayeva Maral Zakir qızı 25 sentyabr 2013-cü il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 611 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Şahbazova soyadı verilmişdir.

8. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X1 16 yanvar 2015-ci ildə anadan olmuşdur.

9. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Şahbazlı Nurlan Pərvin oğlu 09 sentyabr 2017-ci ildə anadan olmuşdur.

10. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin 562 saylı, 27 fevral 2024-cü il tarixli “ailə tərkibi haqqında” arayışından görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh və oğlu Şahbazlı Nurlan Pərvin oğlu, qızı X1 ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar.

11. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri Publik hüquqi şəxsi tərəfindən 04 iyun 2024-ü il tarixli, 3-21-3-02/2-7014/2024 saylı “məlumatın təqdim edilməsi” barədə müraciətə cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 75 nömrəli otağın hüquqi statusuna dair məlumatın təqdim edilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsində mövcud arxiv materiallarına əsasən qeyd olunan ünvanda yerləşən dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

12. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır.

13. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB-MT030-2024-00340 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı mübahisəli mənzilə gəlin köçmüş və cavabdeh ilə birlikdə orada yaşamışlar. Həmin nikahdan iki övladları olmuş, sonradan tərəflərin münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Hazırda iddiaçı sözügedən mənzilə övladları ilə birlikdə köçürülmələrini tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. ünvan 2 ünvanında yerləşən 75 nömrəli otağa dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, həmin evin mövcudluğu, habelə mübahisəli evdə iddiaçının yaşamış olduğu mübahisəsiz haldır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan mülki qanunvericilik daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə yaşayış evlərində yaşayan şəxslərin tikili ilə bağlı hüquqi münasibətini tənzimləmir.

17. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

19. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

20. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının azyaşlı uşaqları ilə birlikdə başqa yaşayış yeri olmadığından, mənzildə qeydiyyatda olduğundan, cavabdehlə mübahisəli mənzildə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.

21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

22. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü Şahbazlı Nurlan Pərvin oğlu ünvan 2 ünvanında yerləşən 75 nömrəli otağa köçürülməlidirlər.

23. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

29. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü Şahbazlı Nurlan Pərvin oğlu ilə birlikdə ünvan 2 ünvanında yerləşən 75 nömrəli otağa köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar