Məhkəmə qərarları › İş №2(060)-2525/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2525/2022

16.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2525/2022 16.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndənın, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Əzimova X1 Yusif oğlu Əzimovla 22 iyul 2020-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin tarixdən ünvan 1 ünvanında yerləşən, qayınanası Cavabdeh1 sahibliyində olan evə gəlin köçərək 2022-ci ilin yanvar ayına kimi həmin evdə əri və qayınanası ilə birgə yaşayıb onlarla ümumi təsərrüfat aparmışdır. X5 13 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Qayınanası ahıl yaşında olduğu üçün o gəlin olaraq daima onun qulluğunda durmuşdur. X16 keçmiş həyat yoldaşı Cavabdeh2 məhkəmə qətnaməsi əsasında mübahisə predmeti olan evə köçürüldükdən sonra bilərəkdən yaxın qohumlarını evə dəvət etmiş, evin və həyətin giriş qapılarını içəridən bilərəkdən kilitləyib onun evə daxil olmağına və həmin evdə yaşamağına süni maneələr yaratmışdır. Dəfələrlə tərəfindən Cavabdeh2 yaradılan maneələrin aradan qaldırılmasına dair edilmiş xəbərdarlıqlara baxmayaraq o, öz məkrli əməllərini davam etdirmiş və qanunazidd hərəkətləri ilə onun mənzil hüquqlarını aşkar şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən onun ünvan 1 ünvanında yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddia tələbinə qarşı məhkəməyə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı mübahisələndirilən fərdi yaşayış evinə hər hansı hüququ olmadığı halda, həmin evə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçının özünün də etiraf etdiyi kimi, iddiaçı onun keçmiş əri mərhum X11 ilə 2020-ci ilin iyul ayında nikaha daxil olsa da, onların nikahı cəmi 6 ay çəkmiş və 2020-ci ilin dekabr ayında X11 vəfat etmişdir. Onun ölümündən sonra iddiaçı qeyd edilən fərdi yaşayış evini tərk edərək başqa yaşayış sahəsinə köçüb yaşamışdır. Yalnız onun öz övladları ilə birlikdə sözügedən yaşayış sahəsinə köçürülməyindən sonra keçmiş qaynanası və bu iş üzrə formal olaraq cavabdeh kimi göstərilmiş X2 “xeyir-duası” ilə İddiaçı adından belə bir iddia tələbi ilə məhkəməyə maraciət olunmuşdur. Keçmiş həyat yoldaşı mərhum X11 ilə nikahlarına xitam verildikdən sonra o, 2013-cü ildən etibarən birgə nikah dövründə tikib yaşadıqları evindən iki azyaşlı qızı ilə birlikdə çıxarıldığından 2019-cu ilin ortalarında keçmiş qaynanası X4 və keçmiş həyat yoldaşı mərhum X7 qarşı Sumqayıt şəhəri, 49-cu məhəllə ərazisində yerləşən mübahisələndirilən fərdi yaşayış evinə köçürülməyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 ilə yaxın davam edən məhkəmə çəkişmələrinin sonunda onun iddia tələbləri təmin edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1078/2020 saylı, 01 sentyabr 2020ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 aprel 2021-ci il tarixli, 2(102)-1590/2021 saylı qərarı əsasında onun övladları ilə birlikdə qeyd edilən fərdi yaşayış evinə köçürülmələri qət olunmuşdur. Lakin Cavabdeh1 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icarısından imtina etməsi və həmin qətnamənin icrasına hər vəchlə maneçilik törətməsi səbəbindən onun övladları ilə həmin fərdi yaşayış evinə köçürülmələri yalnız 2022-ci ilin fevral ayının 10-u tarixində baş tutmuşdur. Məcburi icra tədbirlərinin həyata keçirildiyi zaman, yəni 10 fevral 2022-ci il tarixdə fərdi yaşayış evinə daxil olarkən iddiaçıya məxsus hər hansı əşyanın evdə olmadığı müəyyən edilmişdir. Adı çəkilən qətnamə icra olunduqdan sonra məlum olmuşdur ki, Cavabdeh1 tərəfindən həmin fərdi yaşayış evi qeyri-rəsmi şəkildə bağlanılmış alqı-satqı müqaviləsi əsasında başqa bir şəxsə satılmış və Cavabdeh1 həmin evdən köçüb getmişdir. Onun uşaqları ilə birlikdə evə köçürülməyindən sonra evi almış şəxs belə bir mübahisənin mövcudluğundan xəbər tutaraq evdən imtina edərək alqı-satqı məbləği olaraq verdiyi pul vəsaitini Cavabdeh1 geri almışdır. Bundan sonra 17 fevral 2022-ci il tarixdə İddiaçı Cavabdeh1 ilə birlikdə yaşadığı evə gəlmiş, o işdə olduğundan tək qalmış uşaqlarına baxmaq üçün evdə olan anası X3 iki azyaşlı qızının gözləri qarşısında hücum edərək evdən çıxamalarını, bu evdə onun yaşamağa haqqının olmadığını bildirmiş və anasına xəsarətlər yetirmişdir. Anasına yetirilmiş xəsarətlərlə bağlı İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işinə başlanılmış və Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 1 (060)-347/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur.Hal-hazırda da bu şəxs onun iki azyaşlı qızı ilə birlikdə yaşadığı və keçmiş həyat yoldaşı ilə birgə nikahda olduqları dövrdə inşa edilmiş fərdi yaşayış evinə köçürülməsini tələb edir. İddiaçı cəmi 6 ay müddətində yaşadığı və sonradan yaşamaq üçün başqa yaşayış sahəsinə köçdüyündən könüllü olaraq tərk etdiyi fərdi yaşayış evinə köçürülməsini tələb etməkdədir. Halbuki, mübahisəli fərdi yaşayış evinin iddiaçıya hər hansı aidiyyətinin olmaması və həmin evin onun nikahda olduğu dövrdə inşa edildiyi qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə tam sübuta yetirilmişdir. Eyni zamanda iddiaçı onun ailə üzvü olmadığından, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından onun sözügedən fərdi yaşayış evindən istifadə etmək ixtiyarı da ola bilməz. İddiaçı nə Cavabdeh1, nə də onun ailə üzvü deyil və aralarında xoş olmayan gərgin münasibətlər mövcuddur. Mübahisəli evdə o, iki azyaşlı uşağı ilə birlikdə yaşayır və iddiaçının yaşamaq üçün həmin evə köçürüləcəyi təqdirdə, onların təhlükəsiz şəraitdə və hər hansı bir arzuolunmaz hadisə olmadan yaşayacaqlarının mümkün olmayacağı aydındır. Buna görə də hesab edir ki, İddiaçı iddia tələbləri təmin olunmamaqla onun və azyaşlı uşaqlarının uzun illərdir yaşadığı fərdi yaşayış evində rahat yaşamaları təmin edilməlidir. Qeyd olunanlara əsasən bir daha bildirir ki, İddiaçı mübahisələndirilən fərdi yaşayış evinə hər hansı hüququ yoxdur, həmin evə cəmi 6 ay yaşamış və sonradan yaşamaq üçün başqa yaşayış yerinə köçüb getmişdir. Sözügedən iddia tələbləri keçmiş qaynanası Cavabdeh1 onun və uşaqlarının evdən uzaqlaşmaları və evdən çıxıb getmələri üçün hazırladığı bir oyunun parçasıdır. Bu məsələdə də iddiaçıdan bir vasitəçi kimi istifadə edilməkdədir. Məqsəd də onun övladları ilə birlikdə yuxarıda qeyd edilmiş fərdi yaşayış evinə köçürülmələri barədə qanuni qüvvəsini almış Sumqayıt Apelyasiya Məhkəməsinin Mlüki Kollegiyasının 2(105)-1078/2020 saylı,01 sentyabr 2020ci il tarixli qətnaməsinin hüquqi nəticələrinin aradan qaldırılmasıdır. Bu səbəbdən İddiaçı ona və qeyrisinə qarşı “evə köçürülmə tələbinə dair” iddia ərizəsini tamamilə əsassız hesab edərək həmin tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, evin sahibi Qalinadır. Ülviyyə məhkəmə qətnaməsi ilə həmin evə köçürülüb. Qalina evi satmış, 2013cü ilə qədər Qalinaya məxsus 3 otaqlı evdə yaşamışlar. Bu barədə qətnamələr mövcuddur. Şahidlər də təsdiq edə bilər ki, ev, həmçinin torpaq Qalinanın vəsaiti hesabına alınıb. İddiaçı və Qalina mənzilə daxil olarkən Ülviyyənin anası tərəfindən ona kim olduğu sual olunduğu üçün Pərvanə ilə Ülviyyənin anası arasında mübahisə yaranmışdır. Ülviyyə necə köçübsə Pərvanə də o qaydada evə köçürülməsini istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, o, həmin ünvanda yaşayır, lakin cavabdeh iddiaçını evə yerləşməyə qoymur. Ona iddiaçı baxır. Evdə davadalaş olmasını istəmir. Ülviyyə ilə yaşaya bilmir. Ülviyyənin uşaqları da onun nəvələridir. Pərvanə də gəlnidir. Hamıya imkan verilsin yaşasınlar. Ülviyyə ondan pul istəmiş, o da evi satmış, 25 min pul təklif etmiş, Ülviyyə istəməmişdir. Sonra ondan 55 min istəmiş, daha sonra 45 minə düşmüşdür. Ülviyyənin qonşusuna 20 min borcu var. Ondan pulu alıb qonşusuna olan borcunu ödəmək istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddia tələbini əsassız sayır. Belə ki, Qalina İngiltərədə olmuş, 2013-cü ildən 2015-ci ilə qədər qayınatasına Ülviyyə baxmışdır. Qalina iddiaçının ona baxdığını bildirsə də, o tam sağlamdır. Özü dayədir, uşaqlara baxır. 4 otaqlı evin 1 otağına 2 qızı ilə köçürülmüş qadını evdən çıxarıb evi satmaq istəmişdir. Cinayət işi ilə bağlı Apelyasiya Məhkəməsi tərəfindən hökm çıxarılmış, həmin iş üzrə xasiyyətnamə də təqdim olunmuşdur. Evdən onu Ülviyyə çıxarmamış, özü öz əmlakı ilə evdən çıxmışdır. İddiaçı həmin ailənin üzvü deyil. Qeydiyyatda olduğu yerdə yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə İddiaçı arasında nikah 22 iyul 2020-ci il tarixdə Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1141 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əzimov, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh X7 qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilərək, iddiaçı Cavabdeh2 himayəsində olan övladları xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X9 ilə birlikdə cavabdeh X6 yaşadığı birgə nikah dövründə tikilmiş Sumqayıt şəhəri, Çerkasi küçəsi 49-cu məhəllə, keçid 5 saylı (Yaşıldərə deyilən ərazi) evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan AR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1590/21 saylı qərarının surətindən görünür ki, cavabdehlər X11 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1078/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-347/2022 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməklə təqsirli bilinmiş və o, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh1 qeyriləri ilə birlikdə ünvan 3anında qeydiyyatdadırlar. İş materiallarından da göründüyü kimi mübahisəli ünvan özbaşına tikili olduğu üçün İddiaçı ünvan 2 ünvanında, Cavabdeh1 isə ünvan 3anında qeydiyyatdadırlar. Məhkəmə iş materiallarını iddiaçının məhkəmə iclasında verdiyi izahata uyğun araşdıraraq hesab edir ki, İddiaçı iddianın əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli ev Mülki Məcəllənin 180.1ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)- 1078/2020 saylı qətnaməsinə əsasən mübahisəli mənzilə köçürülmüşdür. İddiaçı mənzildə yaşaması, həyat yoldaşı vəfat etdiyi vaxtdan sonra mənzildə yaşaması sübut olunmayaraq, iş materiallarında olan qeydiyyatda olduğu ünvanda yaşaması Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən müəyyən edilmişdir. Bundan əlavə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 347/2022 saylı hökmünə əsasən ünvan 4 ünvanında olması İddiaçı şəxiyyəti müəyyən edilərkən qeydiyyatda olduğu ünvanda yaşaması məhkəmənin hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun tikintisi üçün lazımi icazələr mövcud deyildir. İddiaçı həmin mənzilə köçürülməsi tələbinin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur.Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180-ci maddəsinə əsasən özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən ilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Həmin Məcəllənin 27.ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin iddiaçının da vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Cavabdeh tərəfindən qeyd olunan halların mövcüdluğunu təkzib edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim olunmamış, iddia tələbinin əsasını təşkil edən hallar öz təsdiqini tapmamışdır. Bütün qeyd olunanlar məhkəmənin iddia tələbinin hüquqi əsası olmamaqla, yalnız mülhazələrdən ibarət, əssasız iddia olmaqla, iddia tələbinin rədd olunması nəticəsinə gəlməsinə səbəb olur. Həmçinin işin mübahisə olunmayan halı onu göstərir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların təkrar mübahisələndirilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Ona görə də iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü bəndinə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsinin ikinci cümləsində “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəllarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. (MM-183.3) Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın 19 fevral 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Məhkəmə iddia tələbini işdə olan sübutlara uyğun əsaslandırıb və qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar