Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-253/2024 22.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədirliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun uşaqları – xx.xx.2004-cü il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X19 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən iddia ərizəsində iddianın adı hissəsində (“köçürmə” əvəzinə “komürmə”, eləcə də və xahiş etdi hissəsində (“köçürülməyimiz” əvəzinə “köçürüləyimiz” orfoqrafik səhvlər olmaqla, müəyyən məna dəyişikliyi yaratdığı üçün həmin səhvləri aradan qaldıraraq iddia ərizəsinin yenidən məhkəmə təqdim etmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi. Cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək İddiaçı və onun azyaşlı övladları xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 ünvan 1-dan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil cavabdehə məxsusdur. O, cavabdehin oğlu Quliyev Rəşadla rəsmi nikah qeydiyyatından keçməklə ailə quraraq həmin mübahisəli mənzilə gəlin köçmüş və uzun illər həmin mənzildə yaşamışdır. Həmin dövrdə cavabdeh onu mənzilə qeydiyyata almadığına görə o, məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1308/2007 saylı qətnaməsinə əsasən onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə yaşayış (istifadə) hüququları tanınmaqla qeydiyyata alınmağı qət edilmişdir. Bundan bir neçə il sonra cavabdeh onun və uşaqlarının həmin mənzildə yaşamaq hüquqlarını tanımaq istəmədi, onları mənzildən çıxarmağa cəhd etmiş və sonda mənzilin bütün kommunal xətlərini (işıq, qaz, su) ayıraraq mənzili yaşamaq üçün yararsız vəziyyətə salmış, həmin vaxt müxtəlif orqanlara müraciət etsələr də, bir nəticəsi olmamışdır. O azyaşlı uşaqları ilə həmin şəraitsiz mənzildə yaşamağa imkan tapmadıqları üçün məcbur olmuş, valideynlərinin evinə köçmüşlər. Amma bütün cehiz və şəxsi əşyaları bu günə kimi də həmin mənzildədir. Artıq uşaqlar da böyüyüb və onlar atasının darısqal mənzilində yaşaya bilmirlər. Öz hüquqları olan mənzilə köçməyə isə cavabdeh onlara imkan vermir. Bu barədə iddiaçı ona mediasiya təklifi göndərmiş, sonra isə mediasiyaya müraciət etmiş mediator mediasiya seansı təyin etmiş, cavabdeh ora gəlməkdən imtina etmiş, mediator bu barədə arayış tərtib etmiş, mediasiya xərci olan 50 manatı isə o ödəmişdir. Ona görə də hazırda bu iddia ilə məhkəməyə müraciət etmişdir. Onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzildə yaşayış hüquqları məhkəmə qaydasında tanınmış və həmin qətnamə icra olunaraq onlar həmin mənzilə qeydiyyata düşmüşlər. Lakin cavabdeh onların bu hüquqlarını pozaraq mənzilə köçüb orada yaşamaqlarına maneə törədir. Bu halda onlar məhkəmə qaydasında həmin mənzilə köçürülməlidirlər. Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanında yerləşən 54 saylı evin 16-cı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. (xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış MH seriyalı, ******* saylı çıxarış). İlkin iddia üzrə İddiaçı onun keçmiş gəlinidir. X1 X13 2003-cü ildə nikaha girmişlər. Onların birgə nikahlarından X17 xx.xx.2004-cü ildə və X20 xx.xx.2010-cu ildə anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə R.Quliyevlə K.Quliyev arasında nikaha xitam verilmiş və həmin tarixdən sonra İddiaçı mülkiyyətçisi olduğu mənzili tərk edərək öz valideynlərinin yaşadığı ünvana qayıtmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun iki uşağının ünvan 1-da istifadə hüququ tanınmış və mülkiyyətçisi olduğu mənzildə qeydiyyata alınmışlar. Lakin 2016-cı ildən sonra nə K.Quliyevə, nə də onun iki uşağı sözügedən mənzildə yaşamamışlar. O keçmiş gəlini İddiaçı və azyaşlılar M.Quliyevanın və A.Quluzadənin mülkiyyətində olan ünvan 1-dan qeydiyyatdan çıxarılması öhdəliyinin Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahişi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etdikdən sonra ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadları ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İKnin xx.xx.2023-cü il tarixli, 2-1(105)-675/2023 saylı qərardadında göstərilmişdir ki, üçüncü şəxslərin mənzildə yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi ilk növbədə mülki qaydada araşdırılmalı, məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin istifadə hüququnun olmaması müəyyən edildiyi halda iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana, müraciət təmin edilmədiyi halda işə inzibati məhkəməyə müraciət edə bilər. Bildirir ki, ilkin iddia üzrə iddiaçı və onun azyaşlı uşaqları 2016-cı ildən mənzilindən çıxıb getmiş və orada yaşamamışlar. Yaşamaları üçün yeddi il ərzində heç bir vaxt müraciət etməmişdir. İddiaçı və onun iki azyaşlı uşaqlarının mülkiyyətçisi olduğu mənzildə 2016-cı ildən yaşamadığını 16 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli aktı təsdiq edir. O Sumqayıt İnzibati Məhkəməsinə İddiaçı və onun iki uşağının mənzilindən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsi barədə müraciətindən sonra qarşılıqlı iddia üzrə cavabdeh “mənzilə köçürülmə” tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında bildirdi ki, iddia tələbini müdafiə edir. Mənzilə köçürülməyini xahiş edir. Cehiz-əşyalarının tələb edilməsi ilk məhkəmədə olmuşdur. İcraçı gəlmiş və evdə olan əşyaların siyahısını tutmuşdur. O həmin əşyaları evdən götürməmişdir. O həmin əşyaların həmin ünvanda olması ilə bağlı akta imza atmışdır. Əşyaların sənədi vardır. Eyni zamanda məhkəməyə də təqdim etmişdir. Evdən nə götürülmüşdürsə, özləri götürmüş və satmışdır. Evdə olarkən və evdə olmadığı müddətlərdə əşyaları oğurlamış və satmışdır. Çantasını götürmüşdür. Lakin çantadan da dəyərli əşyalarını götürmüşlər. O isə məcbur olmuş çantanı götürmüşdür. Uşaqların paltarlarını da götürmüşdür. Başqa bütün əşyalar evdə qalmışdır. Hər dəfə getmiş və gəlmişdir. Bir neçə ildən sonra da qarşı tərəfin özü dediyi kimi, açarı dəyişmişdir. O səbəbdən də evə daxil ola bilməmişdir. İcraçıya bildirmiş, icraçı isə demişdir ki, onun üçün əlavə məhkəmə prosesi lazımdır. Səkkiz ildir ki, ona aliment ödənilmir. İki uşağı vardır. Ev isə atasının evidir. Digər şəxslər gəldikdə evdə səs-küy olur. Bu səbəbdən uşaq dərsini oxuyub, yazısını yaza bilmir. İki uşaq ilə qeydiyyata düşə biləcəyi yer yoxdur. Uşaqların hər ikisi oxuyur. Ev qaynatasına məxsudur. O zaman ev olarkən, qaynatası bildirmişdir ki, evi onlara verəcəkdir. Sonra da demişdir ki, uşağa verəcəkdir. İddia tələbini müdafiə edir. Evə köçmək istəyir. Qarşı tərəf bildirir ki, evi təmir edəcəkdir. Daha sonra isə gedib həmin mənzildə yaşayacaqdır. Baxış zamanı da müəyyən olunmuşdur ki, əmlaklar oradadır. Qarşılıqlı iddianı isə qəbul etmir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, İddiaçı özü ərizə yazaraq, məhkəmənin qərarı ilə boşanmışdır. Onu evdən çıxartmamışdır. Əgər yaşamaq istəsə idi, yaşayardı. Atasının evinə getmiş və orada yaşamışdır. On iki ildən sonra ərizə yazmış və evə gəlməyini xahiş edir. Atasının evinə getdiyi üçün orada da yaşasın. İddiaçı həmin mənzilə köçməsinə icazə verməmişdir. Həmin mənzildə əvvəl oğlu yaşayırdı. İndi özü köçməli və yaşamalıdır. Həmin mənzildə servant, kreslo, divan və paltarlar qalmışdır. Bir həftənin içərisində bütün əmlaklar aparılmalı idi. Hər həftə bir əmlak aparmışlar. Bu on iki ildə qalan əşyaları aparmamaq səbəblərini bilmir. İlkin iddiaçının mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Onun mənzilə köçürülməsinə razı deyildir. Belə ki, qanun ona icazə vermir. Məhkəmənin qətnaməsi ilə ayrılmışdırsa, yenidən geri qayıtmağa qanun icazə vermir. O 2007-ci il tarixdə olan məhkəmə iclasında iştirak etməmiş və xəbəri olmamışdır. Bu səbəbdən də ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş edirlər. İş materialları. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası, Bərdə rayonu, Borsunlu kəndində xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsi ilə iddianın təmin olunması, X3 azyaşlı uşaqları ilə birgə Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54, mənzi 16-a olan yaşayış hüquqlarının tanınması və həmin mənzilə qeydiyyata alınmaları qət edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı 06 avqust 2007-ci il tarixdən ünvan 1 ünvanına qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər – X15, X8, X18, Cavabdeh, X19 və X10r. Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 noyabr 2016-cı il tarixli, AZ-İ seriyalı, 223425 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin noyabr ayının 10-cu günündə 238 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Quliyeva soyadı verilmişdir. Sumqayıt Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 03 avqust 2004-cü il tarixli, AZ-İ seriyalı, 515519 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2004-cü ilin avqust ayının 03-cü günündə 2391 nömrə ilə qeyd edilmişdir. X2, anası isə İddiaçıdır. Sumqayıt Şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2010-cu il tarixli, AZ-İİ seriyalı, 544645 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2010-cu ilin oktyabr ayının 13-cü günündə 4336 nömrə ilə qeyd edilmişdir. X2, anası isə İddiaçıdır. 19 sentyabr 2023-cü il tarixli MŞS/MT030/2023-01868 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ünvanına bildiriş məktubu, telefon nömrəsinə bildiriş sms-i göndərilmişdir. Tərəflə telefon əlaqəsi saxlanılmış, lakin tərəf İMS-də iştirak etməkdən imtina etmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında mediasiyaya dair ödənilmiş xərci təsdiq edən qəbz mövcuddur. Ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə ilkin iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabında 51 (əlli bir) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sorğunun nəticəsinə aid cədvəldən görünür ki, Cavabdeh xx.xx.1947-ci il tarixdə anadan olmuş, Ş/C-nin seriyası AZE, nömrəsi *******-dir. Ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən məhkəmədə qarşılıqlı iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, Cavabdeh 22 iyul 2005-ci il tarixdən ünvan 1 ünvanına qeydiyyatdadır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda istifadədə olan 0.099 ha torpaq sahəsində yerləşən 54 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 3-cü mərtəbəsində yerləşən 54.07 kv.m ümumi, 32.93 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 16 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli qonşuların birgə iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, ünvan 1-da qeydiyyatda olan İddiaçı və övladları X16 və X20 2016-cı ildən yuxarıda qeyd edilən ünvanda yaşamırlar. Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2364/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim: İ.Quliyev). Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-675/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(118)-2364/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardad ilə müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həllinin mülki məhkəmə icraatı qaydasında həllini tapmaması əsası ilə iddianı mümkün saymamış və iddiaçıya üçüncü şəxslərin mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə biləcəyi ilə bağlı hüququ izah edilmişdir. Hazırkı işdə üçüncü şəxslərin mənzildə yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi mülki qaydada araşdırılmalı, məhkəmə qətnaməsi ilə üçüncü şəxslərin mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyi halda iddiaçı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana, müraciəti təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət edə bilər. xx.xx.2016-cı il tarixli aktın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X5 icra vərəqəsində göstərilən əmlaklar İddiaçı verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin qərarı icra olunması üçün ünvan 1 ünvanında olmuşlar. İcra vərəqəsində göstərilən əmlaklar tələbkar İddiaçı verilmişdir. İcraata xitam verilməsi haqqında təqdimatdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş 1 ədəd kondisioner – 390 manat, 1 - ədəd musiqi mərkəzi – 600 manat, 1 ədəd televizor -420 manat, 1 ədəd (dvd) 45 manat dəyərində olan əmlaklar X11 ilə İddiaçı arasında bərabər payda bölünmüşdür. X4 icra vərəqəsində göstərilən əmlakların İddiaçı verilməlidir. İcra sənədi akta əsasən icra olunmuşdur. Beləliklə, icra sənədi icra olunduğu üçün icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və “İcra Haqqında” AR Qanununun 20.1.5- və 21.1-ci maddələrini rəhbər tutaraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi məsələsinə baxıb müvafiq qərar verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X15 ilə İddiaçı arasında olan 07 may 2004-cü il tarixdə Sumqayıt Şəhər Nikah evində bağlanmış və 457 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, xx.xx.2004-cü il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü X9 anaları İddiaçı himayəsinə verilmələri, X5 hər ay bir uşağa 117 (bir yüz on yeddi) manat olmaqla, iki uşağa görə 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində alimentin xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 yetklinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı verilməsi, birgə nikah dövründə əldə edilmiş 1 ədəd kondisioner – 390 manat, 1 ədəd musiqi mərkəzi – 600 manat, 1 ədəd televizor – 420 manat, 1 ədəd (dvd) – 45 manat dəyərində olan əmlaklar X15 ilə İddiaçı arasında bərabər paylara bölünməsi, X5 1 ədəd paltaryuyan maşın – 570 manat, 1 ədəd televizor – 50 manat, 1 ədəd tozsoran 170 manat, 1 ədəd şirə çəkən maşın – 50 manat, 1 ədəd ətçəkən maşın – 50 manat, 1 ədəd çörək sobası – 50 manat, 1 ədəd mikser – 20 manat, 1 ədəd ütü- 30 manat, 1 ədəd blender – 15 manat, 1 ədəd kofe üyüdən – 15 manat, 1 ədəd divan dəsti – 440 manat, 1 ədəd mebel (stenka) – 680 manat, stol-stul- 250 manat, 1 ədəd yataq dəsti – 430 manat, 1 ədəd televizor altı – 110 manat, 1 ədəd büllur qablar – 130 manat, 1 ədəd servizlər – 170 manat, xalçalar – 175 manat, pərdələr – 200 manat, qaşıq dəsti – 70 manat, 1 ədəd su qızdırıcı – 100 manat dəyərində olan cehiz əmlakların İddiaçı qaytarılması qət edilmişdir. Tətbiq edilən hüquq. Maddə 13. Mülkiyyət. I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.... Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.... 152.11. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Maddə 154. Fiziki və hüquqi şəxslərin mülkiyyət hüququ 154.1. Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.... 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 255. Servitut anlayışı ...255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Maddə 262. Servituta xitam verilməsi 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. 262.3. Fiziki və ya hüquqi şəxsə mənsub daşınmaz əşya servitutla yüklü olma nəticəsində öz təyinatına uyğun istifadə edilə bilmədikdə mülkiyyətçi servituta xitam verilməsini məhkəmə yolu ilə tələb edə bilər.... Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;... “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən 16 nömrəli mənzil iddiaçının mülkiyyətindədir. Sumqayıt Şəhər Məhkəməsinin 2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsi ilə üçüncü şəxs Əmikişiyeva (Quliyeva) Könül Fikrət qızının azyaşlı uşaqları ilə birgə sözügedən mənzilə yaşamaq hüququ tanınmış və mənzilə qeydiyyata alınması qərara alınmışdır. Hazırda İddiaçı, X17 və X19 iddiaçının mülkiyyətində olan həmin mənzildə qeydiyyatdadırlar. Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2016-cı il tarixli, 2(060)-6206/2016 nömrəli qətnaməsi ilə İddiaçı ilə cavabdeh X15 arasında Sumqayıt nikah evində bağlanmış 457 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması qət edilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsi ilə üçüncü şəxslərin sözügedən mənzilə istifadə hüquqları tanınmış və onlar həmin qətnamə əsasında mənzilə qeydiyyata alınmışlar. Bundan sonra isə 2016-cı il tarixli məhkəmə qətnaməsi ilə iddiaçının oğlu ilə keçmiş gəlini arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 16 nömrəli mənzil ilkin iddia üzrə cavabdehin mülkiyyətindədir. İlkin iddia üzrə iddiaçı 2004-cü ildə ilkin iddia üzrə cavabdehin oğlu ilə ailə həyatı qurmuş və bu nikahlarından iki uşağı dünyaya gəlmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X17 və xx.xx.2020-ci il təvəllüdlü X12 anaları Əmikişiyeva (Quliyeva) Könül Fikrət qızının yanında saxlanılmış və hazırda onunla birlikdə yaşayırlar. İlkin iddia üzrə iddiaçı cavabdehin oğlu ilə rəsmi nikah pozulduqdan sonra mənzili tərk edib getsə də mənzildə qeydiyyatda qalmışdır. Məhkəmə ilkin iddia üzrə qeyd edir ki, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alına bilən yaşayış sahəsinə dair digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun həll olunmalıdır. Məhkəmə tərəflərin iştirakı ilə yerində baxış keçirərək müəyyən etdi ki, otağın birində iddiaçıya məxsus divar-mebel dəsti, divan-kreslo dəsti və yorğan-döşək mövcuddur. Əmlakların hamısı istifadəyə yararsız vəziyyətdədir. Ümumillikdə mənzil təmirsiz, şəraitsiz və yaşamaq üçün yararsızdır. Digər otağda zibil kisələri və bir ədəd çarpayı mövcuddur. Qaz, su və işıq xətti mövcud deyil. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin oğlu ilə ilkin iddia üzrə iddiaçının nikahları 2016-cı ildə pozulmuşdur. Bu səbəbdən də, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinə əsasən həll edilməlidir. Hazırkı işdə ilkin iddia üzrə iddiaçının köçürülməsini tələb etdiyi mənzil iş materiallarına əlavə edilmiş məhkəmə aktları ilə tərəflərin birgə nikah dövründə əldə edilmiş mülkiyyət hesab edilməmişdir. İlkin iddia üzrə iddiaçı cavabdehin ailə üzvü olaraq 2007-ci ildən cavabdehə məxsus mənzilə köçmüş və ordan onun istifadə hüququ yaranmışdır(məhkəmə qətnaməsinə əsasən). İş materialları ilə ilkin iddia üzrə iddiaçının həmin mənzildə bir müddət yaşaması təsdiq edilsə də, sonradan özü evi tərk edərək yaşamaq üçün başqa yerə köçmüşdür. Araşdırılmış sübutlarla müəyyən olunur ki, ilkin iddia üzrə iddiaçı öz valideynlərinə məxsus mənzildə uşaqları ilə yaşayır. Bununla əlaqədar olaraq qeyd olunur ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı və cavabdeh arasında yaşayış sahəsindən istifadəsinə dair razılaşma mövcud deyil. İlkin cavabdehin oğlu ilə nikahı pozulduqdan, ilkin iddiaçı ilə cavabdehin oğlunun ailə münasibətlərinə xitam verilmişdir. Uşaqların mübahisəli evə köçürülməsi ilə bağlı məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6206/2016 saylı, 30 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 nikah pozulduqdan sonra İddiaçı yanında qalması müəyyən olunmuşdur. Qanunvericiliyin tələblərinə əsasən isə yetkinlik yaşına çatmayan fiziki şəxslər öz valideynləri və ya qəyyumları (himayəçiləri) ilə birlikdə yaşamalıdırlar. Məhkəmə qətnaməsi ilə uşaqların analarının yanında qalması müəyyən olunduğundan, uşaqlar ondan ayrı yaşaya bilməzlər. Eyni zamanda, qanunvericilikdə nəzərdə tutulmuş hallarda, keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilərdi. Belə ki, məhkəməyə buna əsas ola sübut təqdim edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2007-ci il tarixli, 2-1308 nömrəli qətnaməsi ilə üçüncü şəxs Əmikişiyeva (Quliyeva) Könül Fikrət qızının azyaşlı uşaqları ilə birgə sözügedən mənzilə yaşamaq hüququ tanınmış və mənzilə qeydiyyata alınması qərara alınmışdır. Lakin xx.xx.2023-cü il tarixli qonşuların birgə iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, ünvan 1-da qeydiyyatda olan İddiaçı və övladları X16 və X20 2016-cı ildən yuxarıda qeyd edilən ünvanda yaşamırlar. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı mübahisəli yaşayış yerinə köçürülməsini tələb etsə də, bu tələbinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə qarşılıqlı iddia ilə bağlı bir də qeyd edir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qarşılıqlı iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı arasında yaşayış sahəsindən istifadəsinə dair razılaşma mövcud deyil. Tərəflərin nikahı pozulduqdan, onların ailə münasibətlərinə xitam verilmişdir. Buna görə də, qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətində olan mənzildən qarşılıqlı iddia üzrə cavabdehin istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi əsaslıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilərək, Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən 16 nömrəli mənzildən İddiaçı və onun övladları xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı qeyd edir ki, ilkin iddia tələbi təmin edilmədiyindən ilkin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, qarşılıqlı iddia tələbi təmin edildiyindən, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənildiyindən, ilkin iddia üzrə iddiaçıdan 100 manat dövlət rüsumu alınaraq ilkin iddia üzrə Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən 16 nömrəli mənzildən İddiaçı və onun övladları xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X9 istifadə hüquqları itirilmiş hesab edilsin. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 100 (bir yüz) manat dövlət rüsumu alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-253/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-253/2024
22.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver