Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-254/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və onların etibarnamə üzrə səlahiyyətli nümayəndələri Vəkil1, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və oğlanları - xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2005-ci il təvəllüdlü İddiaçı2 ünvan 1 ünvanına istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin oğlu Seyfullayev Elçin Ağadadaş oğlu ilə xx.xx.1998-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon ev 21B, 70 saylı mənzilə gəlin gəlib. Birgə nikahdan həmin ünvanda xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2005-ci il təvəllüdlü oğlu İddiaçı2 doğulmuşlar. Son iki il, yəni 2023-cü ilin axırlarında ondan xəbərsiz nikah pozulduqdan sonra mənzildən cavabdeh tərəfindən məcburi qaydada qovulana kimi övladları, digər iddiaçılar İddiaçı3 və İddiaçı2 ilə həmin ünvanda yaşayıblar. Cavabdehin oğlu başqa qadınla nikahdan kənar yaşadığından evə gəlmirdi. Cavabdeh oğlunun evə gəlməməsindən istifadə edərək, onu və övladlarını, digər iddiaçılarla birlikdə evdən qovmuşdur. O, kirayə yaşamaq zorunda qalmış, xx.xx.2023-cü il tarixində Sumqayıt şəhər məhkəməsinin qətnaməsinə əsasən onlardan xəbərsiz nikah qeydləri pozulmuşdur. Onun və övladlarının, digər iddiaçıların qeydiyyatı həmin ünvanda olduğundan məhkəmə bildirişləri və qətnaməsi ona çatdırılmamışdır. O, son vaxtlar nikah qeydinin pozulması barədə məlumat almış və məhkəməyə ərizə ilə müraciət edərək qətnaməni əldə etmişdir. Buna kimi ümid edirdi ki, yəqin cavabdehin oğlu, keçmiş həyat yoldaşı oğlanlarından utanaraq ailəni bərpa edəcəkdir. Artıq bunun mümkünsüz olduğunu başa düşmüşdür. İqtisadi durumun çətin olduğu bir zamanda iki oğlu ilə kirayədə yaşamaq, onların ailə həyatı qurması üçün evlə təmin etmək imkanları yoxdur. Hesab edir ki, övladları ilə birlikdə gəlin gəldiyi evə köçməli və övladlarının gələcəyini qurmalıdır. Qeyd edilənlərə əasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 1998-ci ildə ailə həyatı qurub. 2024-cü ilin mart ayına kimi həmin evdə yaşayıb. Nikahın pozulmasından xəbəri olmayıb. Bundan başqa qarşı tərəf onun xəbəri olmadan o, işdə olarkən əşyalarını çölə töküb. Amma həmin evdə hazırda ona məxsus soyuducu, şkaf və digər əşyalar qalıb. O, mübahisəli evdə yaşayarkən evin bir otağında uşaqları ilə birlikdə yaşamışdır. Hazırda bacısının evində yaşayır. Bundan başqa ona kompensasiya verilməsini istəmir, onun tək istəyi həmin evdə uşaqları ilə birlikdə yaşamaqdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. 4.Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. 6.Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 etibarnamə üzrə səlahiyyətli nümayəndələri Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Sədaqət və Elçin 1998-ci il tarixində nikaha daxil olmuş və Sədaqət mübahisəli evə gəlin gəlmişdir. Ev Elçinin anasının adına olub. Elçin və Sədaqət uzun müddət birlikdə yaşamışdırlar. 2023-cü il tarixdə tərəflər arasında boşanma olub. Boşanmadan sonra Elçin Sədaqətə evdən çıxmasını bildirib. Sədaqət hazırda kirayədə yaşayır. Hesab edir ki, iddia tam əsaslıdır və iddiaçı mübahisəli evə köçürülməlidir. Xüsusilə qeyd edir ki, tərəfi boşandıqdan sonra evdən qovulmuşdur. İddiaçı 2024-cü ilin mart ayına qədər iddiada qeyd edilən mənzildə yaşamışdır. Qadın oğlanlarını götürüb getdikdən sonra bir dəfə evə qayıdıb və gəldikdə evin açarlarının dəyişdirildiyini görüb. Qeyd edir ki, ev əvvəl 2 otaq olmuş, lakin sonradan 3 otaqlı edilmişdir. Otaqlardan birində Sədaqət əri ilə yaşayıb. Əri başqa qadınla yaşamağa başladıqdan sonra da Sədaqət o evdə yaşamağa davam edib. Qayınana da qeyd edilən evdə yaşayıb. 27 may 2008-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilir ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında münasibətlər 1998-ci ildən yarandığından hazırkı mübahisəyə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə olan halda hesab edir ki, iddiaçıların mübahisəli evdən istifadə hüquqları vardır. İddia tələbi tam qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. 7.Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, qeydiyyatdan çıxarılma məsələsi ilə əlaqədar Polis orqanını məhkəməyə veriblər. Hazırda iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Bir halı da qeyd edir ki, iddiaçılar özü könüllü olaraq evdən çıxıb gediblər. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, iddiaçı onun bacısı, cavabdeh isə onun atasının əmisi qızıdır. Bacısı 1998-ci ildə ailə qurub və mübahisəli evə gəlin gedib. Həmin evdə 2024-cü ilə kimi yaşayıb. Bacısı ilə qarşı tərəf arasında yaranam mübahisə nəticəsində bacısı evdən qovulmuşdur. Bu hadisə mart ayında olub. Bacısı onun çölə atıldığı barədə bildirdikdə onlarda yaşamağı bacısına təklif etmişdir. 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, iddaçı onların keçmiş gəlinləridir. Belə ki, iddiaçı onun qardaşının arvadı olub. Onlar 1998-ci ildə ailə qurub və gəlin kimi hazırkı mübahisəli evə gəlib. İddiaçı 2024-cü ilə kimi həmin evdə yaşayıb. Tərəflər aralarında yaranan söz söhbətlər nəticəsində boşanmışlar. Hazırda həmin evdə o, atası və qardaşı yaşayır. 10.Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 11.İş materiallarında olan MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. 12.İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı2, İddiaçı3, X3 qızı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21B, 70 saylı mənzilində qeydiyyatdadırlar.
13. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 05 dekab 2023-cü il tarixli, 2(060)- 469/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı1 ilə Seyfullayev Elçin Ağaqardaş oğlu arasında Sumqayıt şəhər nikah Evində xx.xx.1998-ci il tarixdə bağlanmış 266 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur.
14. İşdə olan Sumqayıt şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli iclasının 16.75.2 saylı qərarından görünür ki, Cavabdeh 4 nəfərlik ailə tərkibi nəzərə alınmaqla Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21B, 70 saylı mənzil ayrılmışdır.
15. İş materiallarında olan ərizənin surətindən görünür ki, X3 qızı Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21B, 70 saylı mənzilin Cavabdeh adına özəlləşdirilməsinə etiraz etməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 Cavabdeh oğlu Seyfullayev Elçin Ağaqardaş oğlu ilə xx.xx.1998-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və həmin vaxtan etibarən cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon ev 21B, 70 saylı mənzildə yaşamağa başlamışdır. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 anadan olduqları vaxtdan həmin mənzildə yaşamışdır. Daha sonra İddiaçı1 ilə Seyfullayev Elçin Ağaqardaş oğlu arasında olan nikah Sumqayıt şəhər Məhkəməsinin 05 dekab 2023-cü il tarixli, 2(060)-469/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddiaçılar 2024-cü ilin mart ayında mənzildən məcburi şəkildə çıxarılmışdır. Hazırda iddiaçılar həmin mənzilə istifadə hüququnun tanınmasını və mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaçıların könüllü olaraq evi tərk etdiklərini bildirərək, iddia tələbini qəbul etmir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 18.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 19.Məhkəmə hesab edir ki, İddiaçı1 ilə Cavabdeh arasında hazırki mənzillə bağlı hüquq münasibətləri 2001-ci ilin sentyabrın 1-dək əmələ gəldiyindən, mübahisəyə 1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir.
20. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanır.
21. Eyni zamanda “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, özəlləşdirilən mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin yaşadıqları mənzilin (evin) öz aralarından hər hansı birinin mülkiyyətinə verilməsi haqqında razılığın olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz.
22. Bundan əlavə ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir.
23. Beləliklə, ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar.
24. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir.
25. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı1 cavabdehin oğlu Seyfullayev Elçin Ağadadaş oğlu ilə xx.xx.1998-ci il tarixində rəsmi nikaha daxil olduqdan sonra gəlin kimi mübahisəli evə köçmüşdür. Həmin vaxt mənzil dövlət mənzil fonduna aid olmuş və iddiaçının da razılığı ilə 2010-cu ildə özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Mübahisəli mənzil 2024-cü ilin mart ayına kimi iddiaçılar tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Bu hal şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 göstərilən mənzildən istifadə hüququ vardır.
26. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edilsin. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır» müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin.
28. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı3 və İddiaçı2 da ünvan 1 ünvanından istifadə hüquqları vardır. Belə ki, həmin iddiaçılarla hazırki mülkiyyətçi arasında münasibətlər müvafiq olaraq 2001 və 2005-ci ildə yaranmışdır. Yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil həmin vaxt dövlət mənzil fonduna daxil olmuşdur. İddiaçılar həmin mənzildə pasport qeydiyyatındadır. 2010-cu ildə yetkinlik yaşına çatmayan sözügedən iddiaçıların anası İddiaçı1 ilə yanaşı, iddiaçıların atası Seyfullayev Elçin Ağaqardaş oğlu da mübahisəli mənzilin Cavabdeh adına özəlləşdirilməsinə razılıq vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı3 və İddiaçı2 da ünvan 1 ünvanına istifadə hüququ tanınmalıdır.
29. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.
30. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür.
31. Məhkəmə onu da qeyd edir ki, mübahisəli mənzilə iddiaçıların istifadə hüququnun tanınması həmin şəxslərin Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21B, 70 saylı mənzilə köçürülmələri üçün əsasdır.
32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanına istifadə hüququ tanınmalı və onlar həmin mənzilə köçürülməlidir.
33. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). 34.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi haları sübut etməlidir.
35. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
36. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21B, 70 saylı mənzilə istifadə hüququ tanınsın. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 21B, 70 saylı mənzilə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva