Məhkəmə qərarları › İş №2(060)-2541/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2541/2022

07.06.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2541/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun üzərinə xx.xx.2002-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək güzəştli şərtlərlə pensiya hüququ verən zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi çilingər peşəsində işləməyi barədə ona arayışın verilməsi vəzifəsinin həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1975-ci ildən «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunda əmək fəaliyyətinə başlamışdır. xx.xx.2002-ci ildən xx.xx.2014-cü ilədək həmin zavodda "zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi çilingər" peşəsində işləmişdir. Bu peşədə 10 ildən artıq işləyən kişilərin xx.xx.2006-cı il tarixinədək tələb olunan əmək stajına malik olduqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıya uyğun olaraq 52 yaşı tamam olduqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ vardır. "Əmək pensiyaları haqqında" qanunun tələblərinə uyğun olaraq zərərli və ağır işlərdə işləmiş işçiyə həmin müəssisə tərəfindən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşədə işləməyini təsdiq edən arayış - açıqlama verilməlidir. Əks təqdirdə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi vətəndaşa pensiya təyin etmir. Zavodun ayrı-ayrı vaxtlarda adının dəyişməsinə baxmayaraq o, 2014-cü ilədək qeyd olunan peşə üzrə fasiləsiz öz əmək funksiyalarını yerinə yetirmişdir. O, həmin peşədə işləməyini təsdiq edən arayışın verilməsi barədə müraciət etdikdə ona 2002-2010-cu illər üçün arayış verilmişdir. Halbuki, o, həmin peşədə 2014-cü ilədək işləmişdir. Bu faktı onun əmək kitabçası və zavoddakı şəxsi işləri təsdiq edir. Zavoda dəfələrlə müraciət etsə də ona 2014-cü ilədək zavodda işləməsi barədə arayış verilməmişdir. Zavodda 2002-ci ildən 2014-cü ilədək eyni peşədə işləməyinə baxmayaraq ona güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün arayışın verilməməsini əsassız hesab edir. Zavodun təqsiri üzündən o, vaxtında güzəştli şərtlərlə pensiyaya çıxa bilməmişdir. Zavod onun sonuncu müraciətinə xx.xx.2022-ci il tarixli məktubla arayışın verilməsindən imtina etmişdir. O, bu imtinanı əsassız hesab edir. Cavabdehin nümayəndəsi Nümayəndə1 etiraz ərizəsi vermişdir. Etirazda bildirilmişdir ki, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.2014-cü il tarixinə kimi “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə xx.xx.2002-ci il tarixindən xx.xx.2010cu il tarixinə kimi buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən siyahıya aid olduğuna görə iddiaçıya 216 №-li, xx.xx.2020-ci il tarixli arayış verilmişdir. İddiaçı “Etilen-Polietilen” zavodunda işlədiyi digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı” na (Vİİİ bölmə, Kimya istehsalatı) əsasən 1 və 2 nömrəli siyahıda nəzərdə tutulmadığına görə İddiaçı həmin dövr üçün güzəştli şərtlərlə pensiya hüququ verən arayışın təqdim olunması mümkün deyildir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, iddia əsassızdır və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiklərini, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmədə şahid X3 ifadə verərək bildirdi ki, o, İddiaçı ilə bir yerdə Sintetik-kauçuk zavodunda işləmişdir. O, zavodda çilingər, qaynaqçı, usta və sex rəisi vəzifələrində çalışmışdır. İddiaçı zərərli işlərdə çalışmış, kimyəvi maddələrlə məşğul olmuşdur. Məhkəmədə şahid X1 ifadə verərək bildirdi ki, o, SSRİ vaxtından 2014-cü ilə kimi iddiaçı birgə zavodda işləmişdir. Məhkəmə, tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını, şahidlərinn ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı məxsus ******* №-li əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2002ci il tarixdə, 262 №-li əmrlə “Etilen-Polietilen” zavodunda buxar, su təchizatı, su hazırlığı və kanalizasiya sexinə zavod kanalizasiyaları şəbəkələri üzrə 6-cı dərəcəli təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə, 905 №-li əmrlə su və kanalizasiya sexinə 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci il tarixdə, 1481 №-li əmrlə 26 nömrəli buxar, su təchizatı, su hazırlığı və kanalizasiya sexinə Y-25, Y-42 və P-9 (dövrü su sistemi) sahəsinə 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə, 102k №-li əmrlə su təchizatı, su soyutma və kanalizasiya sexinə 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə, 244ks №-li əmrlə ştat cədvəlinə edilmiş dəyişikliyə uyğun olaraq su təchizatı, su soyutma və kanalizasiya sexi sahə adlandırılır. İddiaçı xx.xx.2014-cü il tarixdə, 552k №-li əmrlə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə ləğv edilmişdir. - Cavabdeh təşkilatın iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.2014-cü il tarixinə kimi “Etilen-Polietilen” zavodunda işlədiyi müddətdə xx.xx.2002-ci il tarixindən xx.xx.2010-cu il tarixinə kimi buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işlədiyi dövr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən siyahıya aiddir. Digər dövrlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı” na (Vİİİ bölmə, Kimya istehsalatı) əsasən 1 və 2 nömrəli siyahıda nəzərdə tutulmadığına görə İddiaçı həmin dövr üçün güzəştli şərtlərlə pensiya hüququ verən arayışın təqdim olunması mümkün deyildir. - «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun verdiyi xx.xx.2021-ci il tarixli, 125 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilə kimi zavodda buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmişdir. - «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun verdiyi xx.xx.2020-ci il tarixli, 216 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2010-cu ilə kimi zavodda buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmişdir. - «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun verdiyi xx.xx.2021-ci il tarixli, 125 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilə kimi zavodda buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmişdir. - Sumqayıt “Sintez Kauçuk” Zavodunun xx.xx.2002-ci il tarixli, 262 №-li əmrindən görünür ki, İddiaçı Sumqayıt “Sintez Kauçuk” sexinin 6-cı dərəcəli çilingəri vəzifəsindən xx.xx.2002-ci il tarixindən sexə 6-cı dərəcəli zavod kanalizasiyaları şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) vəzifəsinə keçirilmişdir. - «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun verdiyi xx.xx.2021-ci il tarixli, 126 №-li arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2010-cu ilə kimi zavodda buxar, su təchizatı, hava və kanalizasiya sexində zavod kanalizasiyası şəbəkələri üzrə təmirçi çilingər (xəttin təmiri, təmizlənməsi və deqozasiyası, dərinliyi 3 metrdən çox olan) peşəsində işləmişdir. - «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun başqa işə keçirmə haqqında xx.xx.2010-cu il tarixli, 904 №-li əmrindən görünür ki, İddiaçı 6-cı dərəcəli təmirçi çilingər vəzifəsinə keçirilmişdir. - «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun başqa işə keçirmə haqqında xx.xx.2011-ci il tarixli, 1491 №-li əmrindən görünür ki, İddiaçı 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə keçirilmişdir. - «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun əmək müqaviləsinə dəyişikliyin rəsmiləşdirilməsi haqqında xx.xx.2013-cü il tarixli, 102-k №-li əmrindən görünür ki, İddiaçı 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə keçirilmişdir. - «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2014-cü il tarixli, 244-k №-li əmrindən görünür ki, İddiaçı zavodda 6-cı dərəcəli təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) vəzifəsinə işə qəbul edilmişdir. - «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2014-cü il tarixli, 552-k №-li əmrindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2011-ci il tarixli, 859 №-li əmək müqaviləsi xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən ləğv edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2002-ci il tarixindən xx.xx.2010-cu il tarixinə kimi buxar, su təchizatı, hava və kanalizasiya sexində güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən işdə çalışmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı” na əsasən Kimya istehsalatı üzrə kommunikasiyaların, deqazlaşdırma, istehsalat kanalizasiyası və tunellərin yuxarıda sadalanan istehsalatlarında və bölmələrində texnoloji avadanlığın və elektrik avadanlığının (nəzarət-ölçü cihazları və ventilyasiyadan başqa) təmiri, profilaktikası və xidmətilə məşğul olan sexlərin fəhlələri, ustaları və böyük ustaları, mexanikləri və energetiklərinin işlədiyi dövr güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsassızdır. Belə ki, iddiaçının xx.xx.2010-xx.xx.2014-cü illərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahədə və işdə çalışması işin faktiki halları ilə təsdiqini tapmadı və təqdim olunmuş sübutlarla təsdiqini tapmadı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh «Azərikimya» İstehsalat Birliyi “Etilen-Polietilen” zavoduna qarşı arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar