Məhkəmə qərarları › İş №2(060)-2545/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2545/2022

01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2545/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın qəbul müddətinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, X9 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 14 ünvanında yerləşən 29 saylı, Yeni qaydalarla AZ 5022, ünvan 2 ünvanında yerləşən mənzil müvafiq mənzildən istifadə orderi əsasında X2nun istifadəsinə verilmişdir. X2 21 mart 2013-cü il tarixində vəfat etmişdir. Onun ölümündən sonra sözügedən 3 mənzil mərhumun vərəsələri olaraq onlar tərəfindən miras əmlak kimi faktiki qəbul edilmiş, mənzildə X1 yaşamış, o da mütəmadi olaraq anasına baş çəkərək, bir müddət də yanında yaşayaraq ona qulluq etmişdir. X1 05 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Qeyd edilən mənzil mülkiyyət hüququ əsasında nə atasının, nə də anasının adına daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçmədiyindən, order əsasında hələ də mərhum atasının adında qalmışdır. X1 vəfat etdikdən sonra yuxarıda qeyd edilən mənzilin sənədlərini qaydaya salmaq və mülkiyyət hüququna dair hüquq müəyyənedici sənəd əldə etmək məqsədi ilə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd edilən mənzil order əsasında mərhum atasının adında olduğundan və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən həmin mənzil üzərində X2nun mülkiyyət hüququ yarandığından, mənzil üzərində atasının mülkiyyət hüququ qeydiyyatdan keçirilmiş, X2nun adına qeydiyyat tarixi 18 fevral 2022-ci il, qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. Bundan sonra o, atasının mülkiyyyəti kimi dövlət qeydiyyatından keçirilmiş mənzili miras əmlak kimi öz adına keçirmək üçün vərəsəlik hüququ barədə şəhadətnamə almaq məqsədi ilə Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etdikdə, ona vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Belə ki, onun müraciətinə sözügedən qurumun notariusu B.M.Əhmədinin imzası ilə verilmiş 09 mart 2022-ci il tarixli, 669 saylı cavab məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü, bu səbəbdən vərəsəlik hüququ barədə şəhadətnamənin verilə bilmədiyi bildirilmiş və mirasın qəbulu üzrə qanunvericiliklə müəyyənləşdirilmiş müddətinin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. O, verilmiş bu cavabı tamamilə əsassız və qanunsuz sayır. Belə ki, ərizəyə əlavə etdiyi qeydiyyat nömrəsi ********** olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, miras əmlak olan mənzil üzərində mərhum atasının mülkiyyət hüququ yalnız 18 fevral 2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Bu səbəbdən onun həmin əmlakı 21 mart 2013-cü il tarixdən, yəni atasının ölümündən sonra miras olaraq 6 ay ərzində sənədləşdirməyi, o cümlədən vərəsəlik şəhadətnaməsi almağı qeyri-mümkün olmuşdur. Buna görə hesab edir ki, yalnız 2022-ci ilin fevral ayında mülkiyyət kimi dövlət qeydiyyatından keçirilmiş daşınmaz əmlakın miras olaraq qəbulu üçün 2022-ci ilin fevral ayında da edilmiş müraciətinə maraqlı şəxsin verdiyi cavabın əsassızlığı və məntiqsizliyi göz qabağındadır. Bütün bu sadaladığı halları nəzərə alaraq və maraqlı şəxs tərəfindən yol verilmiş qanun pozuntuları nəticəsində torpaq üzərində öz hüququnu dövlət qeydiyyatından keçirə bilmədiyindən məhkəməyə müvafiq ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən X2na məxsus olmuş Sumqayıt şəhəri, X9 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 14 ünvanında yerləşən 29 saylı, Yeni qaydalarla AZ 5022, ünvan 3 ünvanında yerləşən mənzilin miras kimi onun tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, ərizəçinin Ərizəçi atasının adına order əsasında mənzil olmuş, atası vəfat etdikdən sonra həmin mənzildən ərizəçi və anası istifadə etmişdir. Sonra anası vəfat etmiş, ərizəçi özəlləşdirmə üçün DƏDRX-ə müraciət ermiş, mənzil 18.02.2022-ci il tarixdə atasının adına qeydiyyata alınmışdır. Bundan sonra vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət etmiş, imtina məktubu almışdır. Həmin dövrdə mirası faktiki olaraq qəbul etsə də, rəsmi alması mümkün olmamışdır. Çünki hüquq 18.02.2022-ci ildə yaranmış, miras əmlak kimi həmin vaxt sənədləşdirilmişdir. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh AR Ədliyyə Nazirliyi Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə maraqlı şəxs Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə Ərizəçi nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan İİİ-РЭ seriyalı, 096650 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. X2, X1dır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X8 arasında bağlanmış nikah, 26.06.1987-ci il tarixində akt qeydləri kitabında 757 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada isə Xəlilova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 610347 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 21.03.2013-cü il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı 250562 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09.02.2022-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, X9 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 14, mənzil 29, Yeni qaydalarla AZ 5022, ünvan 2 ünvanı X5 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 18.02.2022-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında maraqlı şəxs Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinin Ərizəçi ünvanladığı 09.03.2022-ci il tarixli, 669 №-li cavab məktubundan görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Bu səbəbdən vərəsəyə AR MMnin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirimiş müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, 2013-cü ildə vəfat etmiş X5 vəfatından sonra həmin mənzildə ərizəçi və anası yaşamış, 09.02.2022-ci il tarixdə anası vəfat etmişdir. Bundan sonra ərizəçi DƏDRX-ə müraciət etmiş, 18.02.2022-ci il tarixdə mənzil mərhum X2nun adına qeydiyyata alınmışdır. Ərizəçi mərhum atasından qalmış mirasın qəbulu barədə ərizə ilə Sumqayıt Regional «ASAN xidmət» Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, imtina məktubu alaraq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də müddətin bərpası ilə bağlı olaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X7 məxsus olmuş Sumqayıt şəhəri, X9 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 14 ünvanında yerləşən 29 saylı, Yeni qaydalarla AZ 5022, ünvan 3 ünvanında yerləşən mənzilin miras kimi Ərizəçi tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 məxsus olmuş Sumqayıt şəhəri, X9 qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 14 ünvanında yerləşən 29 saylı, Yeni qaydalarla AZ 5022, ünvan 3 ünvanında yerləşən mənzilin miras kimi Ərizəçi tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar