Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2605/2025 12.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət mərkəzində qeydiyyat şöbəsi) doğumun qeyd edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx xxxxxxx 1960-cı il tarixində Ermənistanın Yexeqnadzor rayonunun Qovuşuq kəndində doğum qeydi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi xx xxxxxxx 1960-cı il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Qovuşuq kəndində doğumunun qeydə alınması faktının və doğum haqqında akt qeydi aparılarkən ata qrafasında ata adının X7, ana qrafasında ana adının X1 qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 1960-cı il tarixində Ermənistanın Yexeqnadzor rayonunun Qovuşuq kəndində anadan olmuşdur. Atası həmin kənd sakini X7, anası isə X3r. Azərbaycana köçüb gələndən sonra doğum haqqında şəhadətnaməsini itirmişdir. Onun Ermənistanda verilmiş 42 saylı, 25 oktyabr 1960-cı il tarixli doğum qeydi arayışı, HZ ******* saylı, 7 may 1979-cu il tarixli hərbi bileti, 25 fevral 1984-cü il tarixində verilmiş nikah haqqında şəhadətnaməsi var. Uşaqlarının Sevinc və Reyhanın doğum haqqında şəhadətnamələri var, hansılar ki, orada onun ad, soyadı kimlik məlumatları tam olaraq göstərilir. Doğum haqqında şəhadətnaməsi itdiyinə görə şəhadətnaməni yenidən almaq, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Azərbaycan Respublikası ƏN 1 saylı Sumqayıt Regional "Asan Xidmət" Mərkəzində qeydiyyat şöbəsnə müraciət etdi. Lakin qeydiyyat şöbəsi 28 fevral 2025-ci il tarixli cavabla şəhadətnamə verməkdən imtina etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar" a əsasən onun 1960-cı il tariixində Qovşuq kəndində anadan olduğunu aşağıda adları qeyd edilən şahidlər də təsdiq edə bilərlər: 1. X6 - Sumqayıt şəhəri, Corat qəsəbəsi. 2. X8 - Sumqayıt şəhəri, Corat qəsəbəsi. Onun bütün sənədlərində adının Oktay kimi qeyd olunmasına baxmayaraq şəxsiyyət vəsiqəsində səhv olaraq adını Oqtay kimi yazıblar. Bu isə ona problemlər yaradır. Şəxsiyyət vəsiqəsində yazılan səhvi düzəltmək üçün də doğum haqqında şəhadətnamə almalıdır. Doğum haqqında şəhadətnamənin olmaması onun hüquq və vəzifələrini tam həcmdə həyata keçirməyinə, uşaqlarının lazımi sənəd almalarına maneçilik törədir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960cı ildə anadan olmuşdur.
7. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilmədiyindən müraciətinin təmin edilməsindən imtina edilmiş və doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
8. V-CЛ 356678 və Vİ-CЛ 330747 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X9 xx.xx.1987-ci ildə, X10 xx.xx.1986-cı ildə anadan olmuşdurlar. X4, anaları X2r.
9. İİ- CЛ 336210 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxxx 1960-cı ildə Yexeqnadzor rayonu, Qovuşuq kəndində doğulmuş X13 ilə Şahbazova (Məmişova) Elmira Süleyman qızı arasında xx.xx.1984-cü il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 3 nömrəsi ilə qeydiyyat aparılmışdır.
10. 11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi təfindən verilmiş Ərizəçi şəxsiyyət vəsiqəsinin fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi 11 iyul 2005-ci il tarixdə AZE seriyalı 03406711 nömrəli, xx.xx.2010-cu il tarixdə AZE seriyalı 08828883 nömrəli, xx.xx.2021-ci il tarixdə AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Qovuşuq kəndində doğulmuşdur.
Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
- 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır: - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
14. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı
- Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. - Doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
18. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.
19. Göstərilən normaların və Plenum Qərarının məzmunundan göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin bir neçə şərtləri vardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür.
20. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını öz növbəsində iki qrupa bölmək olar - hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar.
21. Hazırki iş üzrə doğum faktının müəyyən edilməsi başqa qaydada mümkün olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl doğum haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyəti orqana müraciət edilmiş, lakin həmin orqan tərəfindən doğum haqqında akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədlər təqdim edilmədiyindən ərizəçinin müraciətinin təmin edilməsindən imtina edilmişdir.
22. Məhkəmə qeyd edir ki, ərizəçinin Ermənistanda doğulması səbəbindən hüquqmüəyyənedici sənədin bərpası hazırki vəziyyətdə qeyri-mümkündür. Göründüyü kimi, ərizəçinin doğum haqında akt qeydinin bərpası mümkün olmadığından həmin fakt yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.
23. Yuxarıda adı qeyd edilən Plenum qərarına əsasən doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
24. Ərizəçiyə məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və məhkəməyə sorğu əsasında daxil olmuş fərdi uçot kartoçkasından görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Qovuşuq kəndində anadan olmuşdur. Beləliklə, sözügedən sənədlərlə iddiaçının doğum akt qeydinin əvəllər mövcud olduğu müəyyən edilir. Belə ki, həmin sənədlərin məhz ərizəçiyə məxsus doğum haqqında akt qeydi əsasında verilməsi mümkündür ki, sonrakı sənədin, yəni şəxsiyyət vəsiqəsinin mövcudluğu artıq vaxtilə doğum akt qeydinin tərtib edildiyini və onun əsasında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparıldığını sübut edir.
25. Məhkəmə qeyd edir ki, ərizəçinin izahatı, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla ərizəçinin xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Qovuşuq kəndində doğulması faktı tam sübuta yetirilir.
26. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Qovuşuq kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməlidir.
Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1960-cı ildə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Qovuşuq kəndində doğumunun qeydə alınması faktı və doğum akt qeydi aparılarkən ata qrafasında ata adının X7, ana qrafasında ana adının X1 qeydə alınması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva