Məhkəmə qərarları › İş №2(060)-2606/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2606/2024

20.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2606/2024 20.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yusib oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yusib oğluna qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər, Cavabdeh3, Cavabdeh1 qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan Sumqayıt şəhəri, Mirəli Qaşqay küçəsi 7 ünvanında yerləşən ərazidə aldığı 0,06 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, X4 va Cavabdeh3 tərəfindən aparılmış özbaşına tikilinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 xx.xx.1970-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 27, mənzil 60da qeydiyyatda olan va 8-ci mikrorayon,ev 35, mənzil 8-ünvanında ailəsi ilə birlikdə yaşayır. 2002-ci ildə Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisindən öz ailəsi və bacısının ailəsi üçün hər biri 0,6 ha olmaqla fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi almışdır. Bacısı üçün aldığı torpağı bacısının əri Cavabdeh1 adına, özü üçün aldığı torpaq sahəsini isə öz adına almışdır. Onlar bir ailə kimi çox mehriban olduqlarına görə hər iki torpaq sahəsi ümumi daş hasarla əhatə olunsa da aralarında olan hissəni dəmir setka ilə hasara almışlar. İddiaçı özünə məxsus olan torpaq sahəsində ağaclar əkib becərsə də, uşaqları körpə olduğuna görə fərdi yaşayış evi inşa etmek istəməmişdir. Bacısı üçün aldığı torpaq sahəsində isə onlara fərdi yaşayış evi tikdirmişdir. 2018-ci ildə anası və 6 ay sonra bacısı ölmüşdür. Bacısı öldükdən sonra bacısının ailəsi tərəfindən iddiaçıya qarşı nədənsə aqressivlik yaranmağa başlamışdır. Bacısının ölümündən bir il sonra bacısının ailəsi iddiaçıya məxsus torpaq sahəsinin onlara verilməsini tələb etməyə başlamışlar. İddiaçı razılaşmayaraq özünün uşaqları olmasını və həmin torpağı onlara verəcəyini bildirmişdir. Narazı olmağına baxmayaraq iddiaçının razlığı olmadan ona məxsus torpaq sahəsində tələm-tələsik bir daxma tikilmişdir. Buna baxmayaraq, iddiaçı lazım gələndə öz torpaq sahəsinə gedib-gələ bilmuş,lakin 2021-ci ildə böyük qardaşı öldükdən sonra isə iddiaçını oradan qovmuşlar. Özlərinə məxsus 0,6 ha torpaq sahəsi, 3 mərtəbəli, 8 otaqlı villası olsa da, qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə va ya icarə hüququ olmadan iddiaçıya məxsus torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsinin üzərində özbaşına tikinti işləri aparmışdır. İki ildən artıqdır ki, iddiaçı öz torpaq sahəsinə gedə bilmir. Bir neçə dəfə həmin torpaq sahəsinə getmək istəsə də, bacısının əri Cavabdeh1 Bərdə sakini X4 ilə əlbir olaraq iddiaçıya maxsus torpaq sahəsinə qanunsuz soxularaq daxma tikdirib orada məskunlaşmışlar. İddiaçı özünə məxsus torpaq sahəsinə getmək istəyərkən, bir neçə dəfə Cavabdeh2 Yusib oğlu əlinə gah lom, gah da balta alıb hədələyərək oradan qovmuşdur. İddiaçı da qanunun aliliyini asas götürərək faciə baş verməsin deyə hələlik ora getmir. xx.xx.2023-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı va X15 Şəxsdən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən **********09 daşınmaz əmlakın dövlət reystr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış alaraq həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, yeznəsinin 2 övladı, 6 ha. torpaq sahasi və onun maliyyə dəstəyi ilə tikdirdiyi 3 mərtəbəli villası vardır. İddiaçının isə 3 övladı var və ona məxsus torpaq sahəsini övladları arasında bölmək istəyir. Cavabdehlər iddiaçıya məxsus torpaq sahəsinin 0,06 ha hissəsini qanunsuz olaraq zəbt etmiş, hasara alaraq tikili tikmişdirlər. İddiaçı dəfələrlə cavabdehlərə tikilini sökmələri və torpaqdan çıxmaları barəsində xahiş etsə da, nəticəsi olmamışdır. Beləliklə, torpaq sahasinin qanunsuz zabt edilməsi ilə bağlı Sumqayıt Şahar Polis İdaresinin 1-ci Polis Bölmesine müraciat edərək tadbir görülməsini xahiş etsə də, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində ərizəyə baxılaraq, xx.xx.2024-cü il tarixli, 58-1/2-H- 55051/11/24 saylı cavab məktubu ila müraciətin mülki xarakterli olması ila bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, Cavabdeh1 1978-1983-cü illərdə Azərbaycan Neft Kimya İnstitutunda təhsil almışdır. Təyinatla Sumqayıt şəhəri “Üzvi Sintez” İB-də işə başlamış və həmin birlikdə X1 rəisi işləmişdir. 1996-cı ildə birliyin bağlanması ilə əlaqədar işdən çıxmışdır. O, ölən arvadı ilə eyni ali məktəbi bitirmiş, eyni müəssisədə aparıcı mühəndis işləmişdir. 2002- ci ildə Bələdiyyədən 12 sot torpaq sahəsi götürmüşdür. 0,06 ha torpağı rəsmi olaraq öz adına və 0,06 ha torpaq sahəsini isə qaynı İddiaçı adına götürmüşdür. Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2002-ci il tarixli qərarı əsasında 0,06 ha torpaq sahəsi Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi ev tikmək üçün İddiaçı, Sumqayıt şəhər Bələdiyyə Şurasının 29.1 l .2002-ci il tarixli qərarı ilə həmin ünvanda 0,06 ha torpaq sahəsi Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində qızı Cavabdeh3 fərdi ev tikmək üçün İddiaçı adına götürmüşdür. Həmin 0,12 ha torpaq sahəsinin ətrafını hasarlamış və orada 0,06 ha torpaq sahəsində ev tikmişdir. Evin və onun ətrafındakı hasarın inşasını usta X7 icra etmişdir. Həmin 0,12 ha torpaq sahəsində bağ salmışdır. Qeyd edilənləri qaynı X8, qaynının arvadı X2, iddiaçının oğlu X18 oğlu və yaxından tanıdıqları X13 təsdiq edə bilər. Cavabdeh2 X9 ilə 2017-ci ildə nikaha girərək ailə həyatı qurmuşlar. O, ailə qurarkən ailədə gedən söhbətlərdən məlum olmuşdur ki, hal-hazırda yaşadıqları 0,12 ha həyətyanı torpaq sahəsi 2002-ci ildə Cavabdeh1 tərəfindən 0,06 torpaq sahəsi öz və oğlu üçün , 0,06 torpaq sahəsi isə qızı Cavabdeh3 qaynı İddiaçı adına götürmüşdür və yuxarıda qeyd olunan tikinti işləri Cavabdeh1 tərəfindən aparılmışdır.Lakin sonra məlum olmuşdur ki, İddiaçı adına rəsmiləşdirilmiş torpaq sahəsini Cavabdeh3n adına keçirməkdən imtina edir. Bu məsələ ilə bağlı Cavabdeh2 iddiaçı ilə görüşmüş və məlum olmuşdur ki, iddiaçının ailə vəziyyəti ilə əlaqədar olaraq, maddi vəziyyəti ağırdır və gəliri yoxdur.Sözügedən həyətyani torpaq sahəsini Cavabdeh3 adına keçirmək qarçılığında 0,02 torpaq sahəsini satıb xərclik etmək istədyini bildirmişdir. Cavabdeh2 əlavə olaraq qeyd etmişdir ki, O, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və xəstəliklə əlaqədar olaraq tərxis olmuşdur.Həmin xəstəliyin şəhadətləndirilməsi üçün və 2-ci qrup ümumi əllilliyin Qarabağ əlilliyi əvəz etməsi müqabilində torpağı Cavabdeh3 adına rəsmiləşdirmək barədə razılığa gəlmişdir.Bu məqsədlə xx.xx.2019-cu ildə 6 ay müddətinə Cavabdeh2 etibarnamə vermişdir. Əlilliyin təyin olunma meyarlarında dəyişiklik olduğuna görə onların razılıqları baş tutmamışdır. Razılaşma əsasında o, 0,06 ha torpaq sahəsində yaşamaq üçün ev inşa etmişdir.İddiaçı isə ərizəsində göstərmişdir ki, evin tikintisindən xəbəri olmamışdır.Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə razılaşma əsasında tikdiyi ev 45000 manata başa gəlmişdir.Evin tikilməsini şahid kimi usta X3 və X10 deyiləri təsdiq edə bilərlər.İddiaçı iddia ərizəsində göstərir ki, guya ona məxsus torpaqda razılığı olmadan cavabdeh həyətdə fərdi ev tikmişdir.Həmçinin cavabdeh bildirmişdir ki, 10 mart 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda izahatı alınmış İddiaçı bildirir ki, Bərdə rayon sakini bacısı qızı Aynurun həyat yoldaşı Qurban adlı şəxs onun icazə və razılığı əsasında tikdiyi həmin tikiliyə köçüb ailəsi ilə yaşamağa başlamışdır.İddia ərizəsində həmin torpaq sahəsində tikilən tikilinin cavabdehlər tərəfində tikilməsi göstərilsədə , qərarda guya həmin evin özü tərəfindən tikildiyi bildirilmişdir.Əslində həmin ev Cavabdeh2 tərəfindən tikilmiş və tikintisinə 45000 manat sərf olunmuşdur. Həmçinin qərarda o da qeyd olunmuşdur ki, Həmçinin qərarda o da qeyd olunmuşdur ki, Fərhadın heç bir hüquqi sənədi olmadığı halda Cavabdeh2 yaşadığı fərdi həyət evinin ərazisində 0,02 ha torpaq sahəsinin satılmasına etiraz etdiyi üçün aralarında narazılıq yaranması müəyyən olunmuşdur. Cavabdeh3 İİ qrup şəkər xəstəsidir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 0,12 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 atası Cavabdeh1 məxsus olmuşdur. Həmin torpaq sahəsi hal-hazırda atası tərəfindən cavabdehə gələcəkdə ev tikilməsi üçün alınmışdır və həmin torpaq sahəsini dayısı İddiaçı adına almışdır.Torpaq sahəsi Sumqayıt Bələdiyyə Şurası tərəfindən satılarkən hər bir vətəndaşa 0,06 ha torpaq sahəsi satılırdı. Bu səbəbdən də atası Cavabdeh1 torpaq sahəsini dayısının adına rəsmiləşdirmişdir.Lakin həmin torpaq sahəsi 22 ildən artıqdır ki, bizim istifadəmizdədir. Burdan da görünür ki, iddiaçının həmin torpaq sahəsi ilə bağlı iddiası əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, mübahisəli torpaq sahəsini özü almış və onun üzərində təmir xərclərini özü çəkmişdir. Odur ki, iddia tələbinin əsassız olduğu qənaətinə gələrək tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 0,06 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini özü üçün istəmiş, qalan 0,04 ha torpaq sahəsinin onda qalmasına razı olmuşdur. Bununla bağlı iddiaçı ilə razılığa gəlsələr də, iddiaçı daha sonra bu razılıqdan imtina etmişdir. Odur ki, iddia tələbinin əsassız olduğu qənaətinə gələrək tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Yusib oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilk öncə mübahisə edilən torpaq sahəsinin 0,02 ha hissəsini istəmişdir. Çıxarışı aldıqdan sonra iddiaçının fikri dəyişmiş və hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassızdır. Ona görə də tələbin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Mülki iş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyıtindədir. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, İddiaçı 22 fevral 2022-ci il tarixindən etibarən Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 27, mənzil 60-da qeydiyyatdır. - Azərbaycan Respublikası DİN Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, müraciətdə qeyd edilən xüsusatların mülki xarakterli olduğuna görə ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. - xx.xx.2024-cü il tarixli, 01/317 saylı "xxxx"-F MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 6 ünvanında yaşayır. - Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)-2089/2022 nömrəli qərarından görünür ki, Sumqayıt Bələdiyyəsinin 29 noyabr 2002-ci il tarixli, 60 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(105)-220/2023 nömrəli qərarından görünür ki, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(118)- 2089/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1444/2023 qərarından görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2023-cü il tarixli, 2-1(105)-220/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin qanuni əsaslarla ona aid olduğunu və cavabdehlər tərəfindən həmin torpaq sahəsinə müdaxilə olunaraq orada qanunsuz tikili tikildiyini iddia edir və cavabdehlərin həmin sahədən çıxarılmasını tələb edir. İddiaçı iddia tələbinin əsası olaraq “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışına istinad etmişdir. Göründüyü kimi hazırki mübahisənin obyekti qismində torpaq sahəsi və onun üzərində hüquqlar, fiziki şəxslər olan tərəflər arasında torpağa sahiblik, torpaqdan istifadə ilə bağlı münasibətlər çıxış edir. Bu baxımdan məhkəmə hesab edir ki, araşdırılan mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Torpaq Məcəlləsinin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 157.2 Mülki Məcəllənin müddəalarına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 238.1 daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 241.2 Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Torpaq Məcəlləsinin: 4-cü maddəyə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 5-ci maddəyə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri, dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 68-ci maddəyə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 80-ci maddəyə əsasən torpaq mülkiyyətçilərinin torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək hüquqları vardır. 111-ci maddəyə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yusib oğlu tərəfindən zəbt olunmuş ünvan 8 ünvanında yerləşən ərazidə 0,06 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsində inşa edilmiş özbaşına tikili sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 9 ünvanında 0,06 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yusib oğlu tərəfindən aparılmış özbaşına tikili sökülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yusib oğlu xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 9 ünvanında 0,06 ha torpaq sahəsindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar