Məhkəmə qərarları › İş №2(060)-2616/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2616/2021

03.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2616/2021 03.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi, tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh adına 18.08.2020-ci ildə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, qanunsuz olaraq inşa edilən tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 9600 kvadrat metr torpaq sahəsi istehsal və kommersiya sahələri tikintisi məqsədilə iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsini cavabdeh qanunsuz olaraq zəbt etmiş və çıxarış almışdır. Həmin torpaq sahəsinin cavabdehin adına hansı əsasla rəsmiləşdirilməsi iddiaçıya məlum deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, 1990-cı ildən qeyd olunan torpaq sahəsində qarajı olmuşdur. Həmin qarajı daimi olaraq istifadə etmişdir. Həmin qaraj atasına məxsus olub və atası vəfat etdikdən sonra onun adına sənədləşdirmişdir. Bundan sonra qarajın qarşısındakı sahəni alqı-satqı vasitəsi ilə bələdiyyədən alaraq mülkiyyət hüquqlarını qeydiyyata aldırmışdır. Qeyd olunan halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, 1990-cı ildən qeyd olunan torpaq sahəsində cavabdehin qarajı olmuşdur. Həmin qarajı daimi olaraq istifadə etmişdir. Həmin qaraj cavabdehin atasına məxsus olub və atası vəfat etdikdən sonra cavabdehin adına sənədləşdirilmiş və çıxarış almışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -Sumqayıt Şəhər Bələdiyyəsinin 18 avqust 2005-ci il tarixli qərarından görünür ki, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini nəzərə alaraq Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 9600 kvadrat metr torpaq sahəsi istehsal və kommersiya sahələri tikintisi məqsədi ilə İddiaçı ayrılmışdır. -25.08.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14.02.2017-ci il tarixdə ölmüş X10 oğlu vərəsələri X2, Cavabdeh, X1 Könül Əli qızı və X3 onlar miras əmlakdan 1/5 hissədə pay almalıdırlar. -25.08.2017-ci il tarixli miras payın bağışlama müqaviləsinin surətindən görünür ki, X2, X6, X8 və X3 onlara düşəm miras paylarını Cavabdeh bağışlamışlar. -ƏMDK yanında DƏDRX-nin verdiyi 18.08.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Nürəddin Babayev küçəsi 47-də yerləşən 0,0344 hektar torpaq sahəsinin mülkiyyətçisi Cavabdehdur. -Sumqayıt Bələdiyyəsinin 05.09.2018-i il tarixli 10 nömrəli qərarından görünür ki, Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi şöbəsinin rəylərini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** №-li 25.07.2018-ci il tarixli çıxarışını, arayışım, torpaq sahəsinin plan və ölçüsünü nəzərə alaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 11A mikrorayon ərazisində sahəsi 344 (üç yüz qırx dörd) kv.m. olan həyətyanı torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı və 23-cü maddələrinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 30, mənzil 6-da qeydiyyatda olan vətəndaş Cavabdeh mülkiyyətinə ayrılmışdır. -04.10.2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, Nürəddin Babayev küçəsi 47-də yerləşən 0,0344 hektar torpaq sahəsini 787,76 manat Cavabdeh satmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Bələdiyyəsinin 05.09.2018-i il tarixli 10 nömrəli qərarı ilə Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi şöbəsinin rəylərini, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən ********** №-li 25.07.2018-ci il tarixli çıxarışını, arayışın, torpaq sahəsinin plan və ölçüsünü nəzərə alaraq Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə, yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan 11A mikrorayon ərazisində sahəsi 344 (üç yüz qırx dörd) kv.m. olan həyətyanı torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı və 23-cü maddələrinə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 30, mənzil 6-da qeydiyyatda olan vətəndaş Cavabdeh mülkiyyətinə ayrılmışdır. 04.10.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə Sumqayıt Bələdiyyəsi Sumqayıt şəhəri, Nürəddin Babayev küçəsi 47-də yerləşən 0,0344 hektar torpaq sahəsini 787,76 manat Cavabdeh satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(152.1). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır(152.2). İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər(152.3). Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (152.4).Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(152.5). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Göründüyü kimi, dövlət qeydiyyatının hüquqi əhəmiyyəti yalnız dövlət tərəfindən tanınma və təsdiq etmədən ibarətdir, yəni hüququn əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və hüquqa xitam verilməsi dövlət tərəfindən tanınır və təsdiq edilir. Məhkəmə iddianın əsasını nəzərə alaraq qeyd edir ki, cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsi etibarsız hesab edilmədən hüququn əmələ gəlməsinin tanınması və təsdiqi (yəni dövlət qeydiyyatı və həmin qeydiyyatın əsasında verilən reyestrdən çıxarış) ləğv edilə bilməz. Torpaq Məcəlləsinin 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsasları müəyyən edilmişdir: 1) müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; 2) hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; 3) məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; 4) vərəsəlik hüququ və qanunvericiliklə müəyyən edilmiş digər əsaslar. İddiaçı cavabdehin mülkiyyət hüququnun əmələ gəlməsininin əsasını (qərarı, əqdi və s.) mübahisələndirməmişdir. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də məhkəmə hazırkı işdə çıxarışın ləğv edilməsinə dair tələbi təmin edə bilməz. Beləliklə, 1-ci tələb, yəni reyestr çıxarışının ləğv edilməsi barədə tələb təmin oluna bilməz. 2-ci və 3-cü tələblər, 1-ci tələbdən asılı olduğuna görə həmin tələblər də təmin oluna bilməz. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən iddiasının əsası kimi istinad etdiyi halları sübut etməyə borclu olsa da, Sumqayıt şəhəri, Nürəddin Babayev küçəsi 47-də yerləşən 0,0344 hektar torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini, bununla da onun mülkiyyət hüquqlarının pozulmasını sübut edə bilməmişdir. Çünki, iddiaçının təqdim etdiyi sənədlərdən sözügedən tikili və ya onun yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət və ya digər hüquqlarının olması müəyyən edilmir. Məhkəmə həmçinin iddiaçının öz iddia tələblərini əsaslandırmaq üçün Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci və 157-ci maddələrinə istinad etməsini tam əsassız sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələri mülkiyyətin toxunulmaz olmasını... və xüsusi mülkiyyət hüququnun qanunla qorunmasını...., Mülki Məcəllənin 152-ci və 157-ci maddələri mülkiyyət hüququnun - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olmasını..., mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilməsini...., ehtiva edir ki, hazırki iş üzrə mübahisələndirilən torpaq sahəsinə dair bu hüquqların heç biri İddiaçı Fərəc oğlunda mövcud deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh adına 18.08.2020-ci ildə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, qanunsuz olaraq inşa edilən tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Cavabdeh adına 18.08.2020-ci ildə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, qanunsuz olaraq inşa edilən tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar