Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2638/2024 02.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh Həsənova (Sayadova) Şahnaz Şafnat qızının iştirakı ilə İddiaçı cavabdeh Həsənova (Sayadova) Şahnaz Şafnat qızına qarşı payın açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Həsənova (Sayadova) Şahnaz Şafnat qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400D saylı bağ evinin açıq hərracda satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 18 mart 2008-ci il tarixdə cavabdeh Həsənova (Sayadoxa) Şahnaz Şafnat qızı ilə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 2 övladları dünyaya gəlmişdir: xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah ləğv edilmiş, birgə nikahdan olan övladları cavabdeh Həsənova (Sayadova) Şahnaz Şafnat qızının himayəsinə verilmiş və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün onun qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 26 oktyabr 2021-cı il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400D saylı bağ evi onunla cavabdeh Həsənova (Sayadova) Şahnaz Şafnat qızı arasında 1\2 hissədə olmaqla bərabər paylara bölünmüşdür. İddiaçı cavabdeh Həsənova (Sayadova) Şahnaz Şafnat qızına qarşı "payların naturada bölünməsi və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə ümumi birgə mülkiyyətlərində olan Sumqayıt şəhəri Corat qəsəbəsində verləşən 400D saylı bağ evindən onun - İddiaçı payının naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, Sumqayıt Şəhər Məhkməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-1400/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin müvafiq rəyinə uyğun olaraq mübahisəli yaşayış evini texniki cəhətdən naturada ayrılması mümkün deyil. Cavabdehə tərəflərindən yazılı bildiriş göndərilsə də, 45 gündən çox keçməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirlər. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli evi o, atası ilə birlikdə almışdır. Cavabdeh evdar qadın olub. Yalnız boşandıqdan sonra işləməyə başlayıb. O vaxt evi 52000 manata almışdılar. Hazırda evin dəyəri barədə onda Əmlak Komitəsindən verilən sənəd vardır. Mübahisəli evin hərracda satılmasını və ona düşən paya uyğun pulun bölünməsini istəyir. Onu da qeyd edir ki, məsələ ilə bağlı cavabdehə məhkəməyə qədər razılaşmağı təklif etsə də, cavabdeh razılaşmamışdır. Hazırda kirayədə qalır. İddiaçı qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Həsənova (Sayadova) Şahnaz Şafnat qızı iddia ərizəsinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırda mübahisəli evdə iki oğlan övladı ilə birlikdə yaşayır. Cavabdeh bir ata kimi iki övladının evsiz qalacağına görə narahat olmur. Yəqin ki, hərrac nəticəsində uşaqları çölə atılacaqdır. Onun qarşı tərəfə verməyə pulu yoxdur. O ev uşaqlarınındır. Evin satılmasına razı deyil. Bu səbəbdən cavabdeh iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli, 2(060)-4517/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Həsənova (Sayadova) Şahnaz Şafnat qızı arasında xx.xx.2008-ci il tarixdə Şamaxı rayon İHB-nın Saqiyan kənd Ərazi Vahidi üzrə Nümayəndəliyində bağlanmış 03 nömrəli akt qeydli nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2008-cı il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X2 anaları Həsənova (Sayadova) Şahnaz Şafnat qızının yanında qalmaları, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021 -ci il tarixdən başlayaraq İddiaçı qazancının və ya başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin Həsənova (Sayadova) Şahnaz Şafnat qızının xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(060)-7963/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 400D saylı bağ evi üzərində 1/2 hissədə İddiaçı və 1/2 hissədə Həsənova (Sayadova) Şahnaz Şafnat qızının payları müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinini Mülki Kollegiyasının 2(105)-850/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Sumqayıt şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(060)-7963/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(060)- 1400/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı cavabdeh Həsənova (Sayadova) Şahnaz Şafnat qızına qarşı payın naturada bölünməsinə dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı, ½ hissədə X1 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə edildiyinə görə məhkəmə qətnaməsinə əsasən həmin mənzil üzərində onların payı ½ hissə olmaqla müəyyən edilmişdir. İddiaçı paylı mülkiyyətdə olan həmin mənzilin real bölgüsü və payının naturada ayrılması barədə iddia qaldırsa da, Sumqayıt şəhər Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 2(060)-1400/2023 saylı qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Eyni zamanda cavabdeh iddiaçının payının dəyərini ödəməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı hazırda ½ pay hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evinin hərraca çıxarılaraq satılması və onunla cavabdehin hər birinin payına uyğun olaraq satış pulunun ½ hissədə aralarında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinin mənasına görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5). Mülki Məcəllənin 213-cü maddəsinin mənasına görə, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (maddə 213.1). Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2). Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (maddə 213.3). Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər (maddə 213.5). Həmin Məcəllənin 220-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər (maddə 220.1). Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər (maddə 220.2). Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (maddə 220.3). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər (maddə 220.4). Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir (maddə 220.5). Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq 6 hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (maddə 220.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qərarda həmçinin qeyd edilmişdir ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Beləliklə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzilin satılması və əldə olunmuş məbləğin aralarında paylarına uyğun olaraq bölüşdürülməsi barədə tərəflər qarşılıqlı razılığa gələ bilmədikdə, həmin mənzilin satılaraq əldə olunmuş gəlirin paylara uyğun olaraq bölünməsi ilə bağlı məhkəməyə müraciət edə və ya öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi, yəni cavabdeh tərəfindən ona ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə paylı mülkiyyətdə olan mübahisəli evin real bölgüsü qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mümkün olmadığından, iddiaçı paylı mülkiyyətində olan həmin mənzildən istifadə edə bilmədiyindən, iddiaçı tərəfin kompensasiya ödənilməsi ilə bağlı təklifinə cavabdeh tərəf razı olmadığından (cavabdehin məhkəmə iclasında verdiyi izahatına əsasən) tərəflərin ümumi paylı mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evi açıq hərracdan satılmalı, satışdan əldə edilən pul cavabdehlə iddiaçı arasında paylarına mütənasib surətdə bölünməlidir. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Lakin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən ekspert baxışı zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evi cavabdeh tərəfindən təqdim edilmədiyindən mənzilə baxış keçiriməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evinin xx.xx.2022-ci il tarixə bazar dəyəri 76000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh ekspertiza keçirilməsinə mane olduğundan mübahisəli evin açıq hərracda ilkin satış qiyməti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evi açıq hərraca çıxarılaraq satılsın. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 76000 (yetmiş altı min) manat müəyyən edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 400d saylı fərdi yaşayış evinin açıq hərracdan satışından əldə olunan vəsait tərəflərin hər birinin payına uyğun olaraq, ½ hissədə İddiaçı, ½ hissədə cavabdeh Həsənova (Sayadova) Şahnaz Şafnat qızına verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2638/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2638/2024
02.09.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver