Məhkəmə qərarları › İş №2(060)-2663/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2663/2021

08.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2663/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, vəkili və nümayəndəsi Mahmudov Elmin Polad oğlunun, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 3-cü mkr, 14/15 saylı evin 2 saylı mənzilinə cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 3-cü mkr, 14/15 saylı evin 2 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə onun adına 27.03.2017-ci il tarixdə çıxarış da verilmişdir. Cavabdehlərin onun mənzilində pasport qeydiyyatında olması ona bir sıra çətinliklər yaradır. Belə ki, o, cavabdehlərin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bununla yanaşı bir mülkiyyətçi kimi öz mülkiyyəti üzərində sahiblik, sərəncam və istifadə hüququnu həyata keçirə bilmir. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olub. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlər onun qardaşlarıdır. Cavabdehlər 1990-cı illərdən Rusiya Federasiyasına getmişlər. Uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar. Eləcə də cavabdehlərin özlərinə məxsus başqa daimi yaşayış yerləri vardır, ailə qurub başqa ünvanlarda yaşayırlar. Cavabdehlərin ona məxsus formal qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur. İddiaçının vəkili və nümayəndəsi iddiçının göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərdi ki, iddianı qəbul edir, mübahisəli mənzilə istifadə hüququnun itirilməsinə etirazı yoxdur. Həmin mənzillə bağlı heç bir tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, anadan olduğu vaxtdan, yəni 1973-cü ildən göstərilən ünvanda yaşamışdır. 2010-cu ildə bacısı olan İddiaçı ona 11.800 ABŞ dolları məbləğində pulu mənzildən çıxması qarşılığında təklif etmiş və o, həmin məbləği götürərək evdən çıxmışdır. Bundan sonra Saray qəsəbəsi ərazisində torpaq sahəsi almış və üzərində hazırda ailə üzvləri ilə yaşadığı fərdi evi tikmişdir. Mübahisəli fərdi yaşayış evi anası tərəfindən bacısına bağışlanıb, həmin vaxt evin bağışlanmasına razılıq vermişdir. Lakin hesab edir ki, həmin vaxt verilən pul evin indiki dəyəri ilə uyğun deyil, buna görə də evə düşən payı verilməzsə qeydiyyatdan çıxmayacaq. Odur ki, göstərilənlərin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 3-cü mkr, 14/15 saylı evin 2 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 158 nömrəli vərəqində 27.03.2017-ci il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti MKTİB-nin 18 saylı MKSnin 09 fevral 2021-ci il tarixli, 126 saylı arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 3-cü mkr, 14/15 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır, ancaq yaşamır. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 06.05.2021-ci il tarixli 59 saylı arayışından görünür ki, Cavabdeh2 Saray qəsəbəsi, Yeni məhəllə (Üzümlük) ərazisində 3 nəfər ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayırlar. Məhkəmə ilk öncə qeyd edir ki, məhkəmə iclasında Cavabdeh1 ona qarşı olan iddianı etiraf etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələblərinə əsasən iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edildiyindən iddia ona aid olan hissədə təmin edilməlidir. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid olan hissəsində isə aşağıdakıları qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan ev xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının qardaşı olan Cavabdeh2 ev onların istifadəsində olduğu vaxtdan, yəni 1970-ci illərdən bu mənzildə yaşamış, 2010-cu ildən mənzili iddiaçıdan müəyyən məbləğdə pul alaraq tərk etmiş, həmin vaxtdan mübahisəli evdə yaşamır və istifadə etmir, başqa ünvanda daimi yaşayış yeri vardır. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin və 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin hallarından göründüyü kimi cavabdeh mübahisə predmeti olan mənzildə yaşamır. Başqa ünvanda daimi yaşayış yeri olmaqla cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. 27 mart 2017-ci il tarixdə mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçməklə yaşayış evinin tərkib hissəsindən istifadənin yeni hüquqi əsası yaranmışdır. Bununla belə məhkəmə hesab edir ki, həmin hüquqi əsas yaşayış evinin tərkib hissəsindən istifadə hüququ olan cavabdehdən yeni mülkiyyətçi ilə müqavilə bağlamağı tələb etmir. Belə ki, mülkiyyətçinin dəyişməsi həmin mənzildə istifadə hüququ olan ailə üzvünün (araşdırılan mübahisə üzrə cavabdehin) həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur (Mülki Məcəllə 158.3m). Azərbaycan Respublikasının Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, mülkiyyətçi həmin mənzildə istifadə hüququ olan şəxsə kompensasiya verməklə istifadə hüququna xitam verilməsini tələb edə bilər. Hazırkı halda iddiaçı kompensasiya təklif etmədən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Məhkəmənin həmin Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məhkəmə qeyd olunan Qərarda göstərmişir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmədə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh mübahisəli evdən köçüb getmiş və davamlı olaraq başqa yaşayış sahəsində yaşayır, könüllü olaraq mübahisəli evdən istifadə etmir. Özünün də izahatından göründüyü kimi 11.800 ABŞ dolları məbləğində pul alaraq mübahisəli mənzili tərk etmişdir və daimi yaşayır yeri vardır. Məhkəmə şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, hüququn əldə edilməsini zəruri edən əsaslar aradan qalxdığından iddiaçının Cavabdeh2 istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı hissədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 3-cü mkr, 14/15 saylı evin 2 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar