Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2718/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətdə olan mənzildən əmlakların çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 may 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı şəxsi mülkiyyətdə olan mənzildən əmlakların çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan əmlakların onun mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1 b-də yerləşən 108 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 18, mənzil 108-də yerləşməklə yaşayış sahəsi 53,1 kv.m. olan 4 otaqdan ibarətdir. Mənzil onun anası Mahmudova Qəndaf Cavad qızının mülkiyyətində olmuş və o da xx.xx.2016-cı ildə ona bağışlamış və AR DƏDRX 2 saylı Sumqayıt ərazı idarəsində onun mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla çıxarış verilmişdir. Cavabdeh onun qardaşı V.Mahmudovun keçmiş həyat yoldaşıdır. Belə ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)-466/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onlar boşanmış, birgə nikahdan olan uşaqları X4 və X6 analarının himayəsinə verilmiş və qardaşı V.Mahmudovdan uşaqların saxlanılması üçün aliment tutulmuşdur. Cavabdeh onun ailə üzvü deyildir və o bir müddət uşaqları ilə bu mənzildə yaşasa da, sonradan mənzili tərk etmiş, yaşamır, lakin özünə məxsus olan əmlaklarını ona məxsus mənzildən çıxarmır. O, dəfələrlə bununla bağlı ona xəbər göndərsə də, o əmlaklarını mənzildən çıxarmayaraq onun mülkiyyət hüquqlarını pozur, nəticədə o, öz mənzilindən rahat şəkildə istifadə edə bilmir. Cavabdehə məxsus əmlaklar yataq mebel dəsti, televizor, paltaryuyan, divar saatı, jurnal stolu, yorğan döşək dəsti, mətbəxt qab-qacağı, pərdə, tozsoran, çörək bişirən soba və s. əmlaklardan ibarətdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsini məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi şəxs mənzilin mülkiyyətçisidir. Mənzil Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşir. Cavabdeh mənzilin hazırki mülkiyyətçisinin qardaşı arvadıdır. Cavabdehlə iddiaçının qardaşı 15 yanvar 2024-cü il tarixində boşanmışdır. Cavabdeh hazırda qeyd edilən mənzili tərk edib və orada yaşamır. Lakin, cavabdehə məxsus olan əmlaklar hələ də iddiaçının mənzilindədir. Bununla bağlı cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin cavabdeh bu xəbərdarlıqlara məhəl qoymamışdır. Cavabdehin əmlaklarının həmin mənzildə qalması nəticəsində iddiaçı öz mənzilindən rahat istifadə edə bilmir və nəticədə onun hüquqları pozulur. Hesab edir ki, bu səbəbdən də cavabdehə məxsus əmlaklar iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçının qardaşı ilə 2011-ci ildə ailə həyatı qurub. 2024-cü il 15 yanvar tarixində isə boşanıblar. Onun da qarşı tərəfə iddiaları var. Birgə nikah dövründə alınmış maşından pay istəyir, həmçinin qızıllarını da tələb edir. Qarşı tərəfdən dəfələrlə qızılların qaytarılmasını tələb etsə də, heç bir nəticəsi olmayıb. Qeyd edir ki, ev əvvəl qaynanasının adına idi, daha sonra isə evi öz qızının adına keçirmişdir. Haızrda həmin mənzildə onun uşaqları qeydiyyatdadır. Övladlarının qeydiyyatdan çıxarılmasına razı deyil. Lakin əmlaklarının onun özünə verilməsini istəyir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 108 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 28 nömrəli reyestr kitabının 178 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Mahmudova Qəndaf Cavad qızı ünvan 1, 108 saylı mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli 11/437 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 19 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 505 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N°-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Mahmudova Qəndaf Cavad qızının adına qeydiyyata alınmış, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2016-ci il tarixli bağışlanma müqaviləsi əsasında mənzil üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeharasında 23 dekabr2010-cu il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şöbəsində bağlanmış 2230 saylı nikah qeydinın pozulması, nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalması, xx.xx.2023-cü il tarixdən başlayaraq iddiaçı X2 xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının qardaşı X5 Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan iki övladları var. Cavabdeh ailə qurduqdan sonra valideynləri tərəfindən ona verilmiş cehiz əmlaklarını – hazırkı iş üzrə İddiaçı məxsus ünvan 1, 108 saylı mənzilə yerləşdirmişdir. Bir müddət sonra tərəflər arasında ər-arvad münasibətləri Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-466/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh mənzili tərk etmiş, lakin onun cehiz əmlakları İddiaçı məxsus ünvan 1, 108 saylı mənzildə qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.2) Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin qanuni əsasları vardır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1, mənzil 108 İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh ailə qurarkən əvvəllər qaynanasına, hazırda isə iddiaçıya məxsus mənzilə köçməklə həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hal-hazırda cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus evdə yerləşir. İddiaçı cavabdehdən məhkəmədənkənar qaydada həmin əşyaların çıxarılmasını tələb etmiş, cavabdeh həmin əşyaları evdən könüllü çıxarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçıya məxsus mənzildə qalması onun mənzil və mülkiyyət hüquqlarına maneə yaradır. Belə olan halda Cavabdeh məxsus cehiz əmlaklarının İddiaçı mülkiyyətində olan ünvan 1, 108 saylı mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus cehiz əmlakları İddiaçı mülkiyyətində olan ünvan 1, 108 saylı mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus cehiz əmlakları İddiaçı mülkiyyətində olan ünvan 1, 108 saylı mənzildən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2718/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2718/2024
20.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver