Məhkəmə qərarları › İş №2(060)-2720/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2720/2024

20.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2720/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı sənədlərin verilməsi öhdəliyinin qoyulması tələbinə dair mülki işə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında 74 saylı müqaviləyə əsasən payçı olduğu Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 55B, 40 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə müvafiq sənədlərin verilməsinin "xxxx" MTK-nın üzərinə öhdəlik qoyulması və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2013-cü il tarixdə "xxxx" MTK ilə çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilə imzalamışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, «Kooperativ» inşa ediləcək binanın 1-ci girişində 9cu mərtəbəsində yerləşən 40 saylı mənzili «Payçı»ya təhvil verməyə öhdəsinə götürmüşdür. Tərəfindən xx.xx.2013-cü il tarixdə həmin mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı "xxxx" MYK-ya ərizə ilə müraciət edərək, "xxxx" MTK-nın inşa etdiyi Sumqayıt şəhəri, 5-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, 55B nömrəli binanın 1-ci blokunda, 9-cu mərtəbəsində yerləşən 40 saylı mənzilinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsindən çıxarışın alınması məqsədi ilə tələb olunan sənədlərin MTK tərəfindən ona verilməsinin təmin edilməsini xahiş etmişdir. Həmin ərizəni cavabdeh xx.xx.2024-cü il tarixində almışdır. Lakin bugünə kimi ərizəsinə rəsmi qaydada cavabdeh tərəfindən cavab verilmədiyinə görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddia ərizəsinə əlavə olunmuş Kooperativ mənzil tikintisi haqqında xx.xx.2013-cü il tarixli 74 nömrəli müqaviləyə əlavə olunmuş cavabdeh "xxxx" MTK-ya tərəfindən verilmiş kassa mədaxil qəbzindən də görünür ki, həmin mənzilin dəyəri 25325 manat vəsait MTK-ya tam şəkildə ödənilmişdir. Belə olan halda cavabdeh "xxxx" MTK-nın həmin mənzil üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı arayışın verilməsindən imtinasını əsassız hesab edir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mənzil üzərində miilkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinin cavabdeh "xxxx" MTK-nın üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Hesab edirlər ki, iddiaçı tərəfindən "xxxx" MTK-ya qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. İddiaçı ərizəsində göstərir ki, xx.xx.2013-cü il tarixdə "xxxx" MTK ilə çox mənzilli yaşayış binasının tikintisi haqqında müqavilə imzalamış və onun tərəfindən həmin tarixdə mənzilin pay haqqı tam şəkildə ödənilmişdir. Bildirmək istəyirlər ki, "xxxx" MTK xx.xx.2013-cü il tarixli 74 saylı müqavilə üzrə binanın tikintisi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş lakin, iddiaçı mənzilə köçüb orada yaşamasına baxmayaraq hələ də həmin müqavilənin 5.1.2 bəndində göstərilən öhdəlikləri pozur. Belə ki, su, elektrik, qaz sayğaclarını və dedektorlarını "xxxx" MTK öz vəsaiti hesabına quraşdırsa da, sifarişçi həmin sayğacların alınıb quraşdırılmasına çəkilən 450 manat civarında olan xərcləri ödəməkdən boyun qaçırır. Bundan əlavə onun yerinə "xxxx" MTK tərəfindən ödənilmiş 40 manat məbləğində olan mənzilin sığorta haqqının da onlara qaytarılmasından yayınır. Qeyd etmək istəyir ki, həmin binada yaşayan sakinlər onlara göstərilən kommunal xidmətlərə görə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirsələr də, iddiaçı həmin xidmətlərdən istifadə etsə də, bir manat da olsun ödəniş etməmişdir. Sərnişin liftlərinin rahat istifadə edilməsi, binanın ətrafını, blokun girişinin və mərtəbələrin işıqlandırılması, blokun ətrafında və daxilində təmizlik işlərinin görülməsi, su nasosunun, liftin, binanın işıqlanmasının işlək vəziyyətində saxlanması, binaətrafı ərazinin təmiz saxlanması və tullantıların xaric edilməsi həmin kommunal xidmətlərə daxildir. Buna görə də, hər bir mənzilin sahibi hər ay mənzilin hər 1 kv.m. üçün 0,20 manat olmaqla ödəniş edir. Dəfələrlə ona kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi təklif olunsa da, o, borcu ödəməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, mübahisəli mənzili 2013-cü il tarixində alıb. Mənzilin dəyərini tam şəkildə ödəyib. Hal-hazırda mənzilin çıxarışını almaq istəyir. Bununla bağlı MTK-ya müraciət etdikdə onlar sayğaca görə borcu olduğunu bildirirlər. O, qarşı tərəfə Baş Prokurorluğun əmrini göstərərək əmrdə sayğacların pulsuz olduğunu bildirmişdir. Lakin buna baxmayaraq yenə də həmin sənədlər ona təqdim olunmamışdır. Hazırda Baş Prokurorluğun məlumatını məhkəməyə də təqdim edir. Qanunvericilikdə də mənzilə quraşdırılan sayğacların pulsuz olduğu qeyd edilmişdir. Bundan başqa o, qeyd edilən mənzildə yaşamır. Mənzildə yaşamadığını kommunal ödənişlərə dair çıxarışlar da təsdiq eidr. Eyni zamanda mənzilin çıxarışını da almamışdır. Hesab edir ki, o yalnız çıxarış aldıqdan sonra kommunal ödənişləri etməlidir. Hazırda cavabdehin ondan tələb etdiyi məbləğ təxminən 600 manatdır. Birincisi, onun bu məbləği ödəmək üçün maddi imkanı yoxdur. Digər tərəfdən isə ondan bu məbləğlərin tələb edilməsi qanunsuzdur. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru Nümayəndə iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı mübahisəli mənzili 2013-cü ildə alıb. Mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilib. Lakin tərəflərindən həmin mənzilə sayğaclar da quraşdırılıb. İddiaçı ilə aralarında bağlanmış müqavilədə sayğacın quraşdırılması ilə bağlı xərclərin də iddiaçı tərəfindən ödəniləcəyi qeyd edilib, iddiaçı bununla razılaşaraq müqaviləyə qol çəkib. Yəni iddiaçı könüllü olaraq müqavilənin şərtlərini qəbul edib və imzalayıb. Mənzil həmçinin sığorta etdirilib və bununla bağlı 40 (qırx) manat pul ödənilib. Məhkəmənin nəzərinə çatdırır ki, evin alındığı müddətdən bu yana göstərilən kommunal xidmətlər, lift istifadəsinə, binanın təmizliyinə görə xərclərin heç biri iddiaçı tərəfindən ödənilməyib. Bundan başqa iddiaçının aldığı mənzildə yaşamaması onun tərəfindən 10 ildən çox müddətdə qeyd edilən ödənişləri etməmək üçün əsas ola bilməz. Qanunvericiliyə əsasən mənzil şəxsin adına qeydiyyata düşdüyü vaxtdan şəxs evin kommunal xərclərini ödəməlidir. Hazırda iddiaçıdan tələb etdikləri pulun 450 manatı sayğaclararla bağlıdır, 40 manat isə sığorta puludur. Bundan başqa şəxsin kommunal borcları da var. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan 18 iyun 2013-cü il tarixli, 164441 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinə 25325 manat məbləğində pul ödənilmişdir. İşdə olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında bağlanmış 18 iyun 2013-cü il tarixli, 74 nömrəli Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 55B, 40 saylı mənzili tikməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 50.65 m2, mənzilin qiyməti 25325 manatdır. İşdə olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında tərtib edilmiş 07 noyabr 2015-ci il tarixli, 40 nömrəli MMC-nin Binasında Mənzil Kommunal Xidmətləri Haqqında müqavilədən görünür ki, həmin müqaviləyə əsasən tərəflər Sumqayıt şəhəri, 5-ci mikrorayon-da inşa edilmiş 55B saylı yaşayış binasında sakinlərin mənzil kommunal xidmətləri barədə razılaşmışdırlar. Müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 55B, 40 saylı mənzilin tikilərək İddiaçı təhvil verilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı 25325 manat məbləğində pulu "xxxx" Mənzil Tikinti Kooperativinə ödəmişdir. Hazırda iddiaçı həmin mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı zəruri sənədlərin təqdim edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının xahişindən imtina etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 112-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Mülki Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.6-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarından biri mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) olmasıdır. Həmin qanunun 10-cu maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi əsasları Mülki Məcəllənin 14-cü maddəsində əksini tapmışdır. Mülki hüquq və vəzifələrin əmələ gəlməsi bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Həmçinin qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisələr hüquq və vəzifələrin yaranması əsaslarından biridir. Hazırki iş üzrə iddiaçının MTK-ya mənzilə görə müəyyən edilmiş məbləği tam ödəməsi, cavabdeh üçün mənzil-tikinti kooperativi binasında iddiaçıya məxsus mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə müvafiq sənədlərin iddiaçıya verilməsi vəzifəsi yaradır. İddiaçı cavabdehdən bu cür sənədin verilməsini tələb etmək hüququna malikdir. Lakin cavabdeh qanunla müəyyən edilmiş bu öhdəliyini icra etməmişdir. Məhkəmə iddiaçının MTK-ya kommunal ödənişlərə görə borcu olması barədə dəlilləri ilə əlaqədar isə bildirir ki, iddiaçının kommunal xidmətlərə görə hər hansı borcunun olması onun qanuni tələbinin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Kommunal xidmətlərə görə borcun mövcudluğu cavabdehin bu borcun ödənilməsi barədə ayrıca iddia qaldırması üçün əsas ola bilər. Bu baxımdan məhkəmə mənzilə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlərin iddiaçıya verilməsindən cavabdeh tərəfin imtinasını qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 55B, 40 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 100 manat dövlət rüsumu cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 55B, 40 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədlər cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar