Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2731/2020 10.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Mehdiyeva Şəbnəm Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiasıüzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur. O, həmin mənzili xx.xx.1999-cu ildə X2 alqı-satqı müqaviləsi ilə almışdır. Cavabdeh1 keçmiş ev sahibinin oğludur. O, bugünə kimi həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdeh1 yetkinlik yaşına çatmayan oğlu xx.xx.2015-ci il təvəllüdlü X7 da ona məxsus mənzildə qeydiyyatdadır. Digər cavabdeh X5 isə onun keçmiş gəlinidir. Belə ki o, 2011-ci ildə oğlu X8 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, ona məxsus mənzilə gəlin gəlmiş və ona məxuss mənzilə qeydiyyata düşmüşdür. xx xxxx 2018-ci ildə oğlu vəfat etmişdir. Oğlunun vəfatından sonra cavabdeh yaşadığı mənzili tərk etmişdir. Cavabdehin yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 da ona məxsus mənzildə qeydiyyatdadırlar. Cavabdehlərin və onların yetkinlik yaşına çatmayan uşaqlarının ona məxsus mənzilə qeydiyyatları formal xarakter daşıyır, bu isə öz növbəsində onun mülkiyyət hüququna əsassız müdaxilədir. Ona görə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vərəqəsinintəsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə Sumqayıt şəhər İcra Hakimiyyəti 5 №-li DNK-nın 3m-2/1Q1 №-li, xx.xx.1999-cu il tarixli əmri əsasında alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydə alınmışdır. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, 32706016 №-li arayışdan görünür ki, Cavabdeh1, onun yetkinlik yaşına çatmayan uşağı xx.xx.2015-ci il təvəllüdlü X7, Cavabdeh2, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X1 şəhəri, 41-ci məhəllə, ev 2, mənzil 12-də qeydiyyatdadırlar. Beləliklə, işin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, mübahisə predmeti olan ev iddiaçının mülkiyyətindədir. İddiaçı həmin mənzili X2 alqı-satqı müqaviləsi əsasında almışdır. Cavabdehlərdən Cavabdeh1 və azyaşlı oğlu Tofiq Mayılov keçmiş mənzil mülkiyyətçisinin ailə üzvü olmaqla həmin ünvanda qeydiyyatdadır. Lakin mənzil satıldığı vaxtdan oradan köçüb getmişlər, orada yaşamırlar. İddiaçı Cavabdeh1 və onun azyaşlıövladının mənzilə qeydiyyatının formal olduğunu iddia edərək istifadə hüququna xitam verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Keçmiş mülkiyyətçi ailə üzvləri ilə birlikdə köçüb başqa yaşayış yerinə getmiş, lakin keçmiş mülkiyyətçinin oğlu Cavabdeh1 mənzildən qeydiyyatdan çıxmamışdır. Mənzildə cavabdehə məxsus hər-hansı əmlak yoxdur. Cavabdeh qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehin həmin ünvanda qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılmasıüçün mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan oğlunun mənzildən istifadə hüququ alqısatqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Məhkəmə digər Cavabdeh2 münasibətdə iddia tələbini əsassız hesab edir. Belə ki, göründüyü kimi Cavabdeh2 2011-ci il tarixdə iddiaçının oğlu ilə ailə quraraq qeydiyyata götürülməklə həmin evə gəlin köçmüş və orada yaşamışdır. İddiaçı Cavabdeh2 əri öldükdən sonra, 2018-ci ildə azyaşlı övladı ilə birlikdə evdən köçüb getdiyini orada yaşamadığını iddia edərək istifadə hüququna xitam verilməsini tələb edir. Hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri cavabdehin mənzilə köçdüyü 2011-ci il tarixdən yaranmışdır. Azərbaycan RespublikasıMülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Şərh olunan maddənin məzmunundan da göründüyü kimi mülki hüquqlar və vəzifələrin əmələ gəlməsi üçün qanunla nəzərdə tutulan əsaslar olmalıdır. Əgər belə bir əsas yoxdursa bu hüquq yaranmır, mövcud olmayan hüquq isə ləğv edilə və ya xitam verilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə hazırkı məsələnin düzgün həlli üçün cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması əsaslarının mövcud olub-olmaması məsələsi araşdırılmalı, yalnız bu huququnun mövcud olduğu müəyyən edildiyi halda onun xitamı üçün əsasların olub-olmadığına qiymət verilməlidir. İşin hallarından göründüyü kimi cavabdeh mübahisəli mənzilə xx xxxxxxx 2009-cu il tarixdən etibarən qüvvədə olan Mənzil Məcəlləsinin və xx xxxxxxxx 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin qüvvədə olduğu vaxtda köçmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailəüzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1dən sonra yarandığından məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ ilə bağlı (istifadə hüququnun yaranıb-yaranmaması, istifadə hüququnun xitam verilməsi üçün əsasların olub-olmaması) məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailəüzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. 30.2-ci əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailəüzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri həmin yaşayış sahəsindən təyinatıüzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsi qeyd olunan qərarında qeyd etmişdir ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə şərh olunan hüquq normalarına əsasən işin faktiki hallarına qiymət verib hesab edir ki, Cavabdeh2 mübahisə predmeti olan evin mülkiyyətçisi İddiaçı gəlini olmaqla, qayınatadan (İddiaçı) ailə qanunvericiliyinə əsasən özünün saxlanılmasını tələb etmək hüququna malik olmadığından ailə üzvü hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, cavabdehin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də yaranmır.Yəni Cavabdeh2 həmin mənzilə istifadə hüququ yaranmamışdır. Mövcud olmayan hüquqa isə xitam verilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh2 və onun azyaşlıövladlarının mübahisəli evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi üçün hüquqi əsası yoxdur. Məhkəmə iddia tələbini Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından da araşdırmışdır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailəüzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailəüzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailəüzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailəüzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailəüzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Məhkəmə bu qənaətə gəlir ki, cavabdehin mülkiyyətçiyə (İddiaçı) məxsus əmlakdan istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə olmadığından, cavabdehin həmin əmlakdan istifadə edə bilməsi üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə yuxarıda şərh olunan Mülki Məcəllənin 228 və Mənzil Məcəlləsinin 30-cu maddəsində ifadə olunan hüquq normalarına əsasən bu qənaətə gəlir ki, tərəflər arasında mənzilə istifadə hüququn yaranması ilə bağlı hüquq münasibəti əmələ gəlməmişdir. Cavabdeh2 iddiaçı tərəfindən mülkiyyətçisi olduğu mənzilə köçürülərək bir müddət orada yaşaması və yaşayış sahəsindən ailə üzvü kimi bərabər istifadə etməsi faktına gəldikdə isə məhkəmə bununla bağlı qeyd edir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. “İstifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Bu hüququn məzmunundan görünür ki, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu imkanı təmin edən əmlak hüquqlarını hər bir halda “istifadə hüququ” adlandırmaq olmaz. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Bu baxımdan məhkəmə qeyd edir ki, Mənzəil Məcəlləsinin 30-cu maddəsinə nəzərdə tutulan istifadə hüqüqu anlayışı məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilmə formasıdır. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlıümumi məqsədindən irəli gələn hüquq olmaqla, ailə münasibətlərinin mövcudluğu ilə şərtlənir və yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Cavabdehin həmin mənzildə qeydiyyatda olmasına gəlincə isə məhkəmə hesab edir ki, qeydiyyat hər hansı bir əmlak hüququ yaratmır. Belə ki, "Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmamışdır. Məhkəmə işin hallarına sadalanan hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə hüquqi əsası olmadığından rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işüzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə 10 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 azyaşlı uşağı 2015-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanına istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2731/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2731/2020
10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver