Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2743/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaq və aliment tələbinə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaq və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında olan 14 may 2019-cu il tarixdə rəsmiləşdirilən nikahın pozulması, 27 avqust 2019-cu il təvəllüdlü X3 onun yanında qalması və himayəsində saxlanılması və cavabdehdən hər ay onun saxlanılması üçün yetkinlik yaşına çatanadək 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 may 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurub. Nikah dövründə 1 (bir) övladları doğulmuşdur: 27 avqust 2019-cu il təvəllüdlü X4. Nikahın pozulması barədə ərizə verməyinin səbəbi xasiyyətlərinin uyğun gəlməməsidir. Qeyd edir ki, uşağın onun himayəsində qalmasını istəyir, qızı körpədir, azyaşlıdır, ana qayğısına ehtiyacı var. Aralarındakı məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya prosesinə gəlmədiyi üçün mediasiya prosesinin davam etdirilməməsi qərara alınmışdır. Qeyd edir ki, gəlirləri ilə bağlı əlində sənədlər olmasa da, birgə ailə təsərrüfatı idarə etdikləri üçün bilir ki, övladına aliment verməyə kifayət qədər vəsaiti var. Yuxarıda qeyd etdiklərinə görə hesab edir ki, aralarındakı nikah pozulmalı, uşaq onun yanında qalmalı və himayəsində saxlanılmalı, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 235 manat sabit pul məbləğində aliment təyin edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, boşanmaq fikri dəyişməyib. Cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh ustadır, ev tikintisində işləyir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinin kötüyünə imza etdirilməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-İİ 338130 saylı nikahhaqqında şəhadətnamədən görünür ki, X2 ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə 4 saykı Bakl Asan Xidmət X6 nikaha girərək ailə qurmuşlar və bu nikah 1037 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Xuduyeva soyadı verilmişdir. İşdə olan AZ-İV 365873 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 27 avqust 2019-cu il təvəllüdlü X4 adlı bir övladları anadan olmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların birgə nikahından 27 avqust 2019-cu il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan bir uşaqları anadan olmuşdur. Onlar artıq ər-arvad münasibətlərini kəsməklə, birgə təsərrüfat aparmırlar. Ailənin bərpası mümkün deyil. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Məhkəmə tərəflərə barışmaq üçün 3 ay vaxt verməklə işi təxirə salsa da, bu müddət ərzində tərəflər arasında hər hansı bir barışıq olmamışdır. Hazırki iş üzrə tərəflər arasında barışıq olmadığı üçün məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmalıdır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə ər-arvad arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığı, uşaqların… saxlanması üçün vəsaitin ödənilmə qaydası və miqdarı və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsi barədə saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların kiminlə qalması barədə saziş olmadığına görə onların birgə nikahından olan uşağının kiminlə qalması məsələsini həll edərkən məhkəmə uşağının hazırda anası ilə yaşadığını və cavabdehin uşağın onun himayəsinə verilməsi ilə bağlı tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, 27 avqust 2019-cu il təvəllüdlü X4 anası İddiaçı ilə qalmalı, aliment Cavabdeh tutulmalıdır. Məhkəmə iddianın alimentin məbləği ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, Cavabdeh 27 avqust 2019-cu il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçıilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 4 saylı Bakı Asan Xidmət X6 bağlanmış 1037 saylı nikah qeydi pozulsun. Nikah pozulduqdan sonra 27 avqust 2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında qalsın. xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh 27 avqust 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətiverilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2743/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2743/2024
13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver