Məhkəmə qərarları › İş №2(060)-276/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-276/2021

18.03.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-276/2021 18.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçınun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi, vurulmuş maddə və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi, vurulmuş maddə və mənəvi zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 350.000 manat borc pulun və 10.000 manat maddi ziyanın, 10.000 manat mənəvi zərərin, cəmi 370.000 manat pulun, Cavabdeh2 60.000 manat borc pulun, 10.000 manat maddi ziyanın və 10.000 manat mənəvi zərərin, cəmi 80.000 manat pulun alınıb ona verilməsi, cavabdehlərin əməllərində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edilib prokurorluğa göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlərdən Cavabdeh2 2010-cu ildən Sumqayıt şəhəri, “Karvan ticarət mərkəzində” qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olan şəxs kimi tanımış, Şəbinə Kərəmovanı da xalası vasitəsi ilə 2019cu ilin fevral ayından qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğundan tanıyır. Özü qızıl-zinət əşyalarının fərdi satışı ilə məşğul olduğundan cavabdehlərlə 2019-cu ilin oktyabr ayına kimi dəfələrlə alver etmiş, onlar dəfələrlə ondan qızıl-zinət əşyalarını götürərək satıb pulunu hissə-hissə ödəmişlər. Cavabdehlərdən Cavabdeh1 ona 500.000 manat borcu qalmışdı. Cavabdeh1 ona olan 500.000 manat borcundan 150.000 manatını ödəmiş, qalan 350.000 manat borcunu ödəməmişdir. Cavabdeh2 isə ondan alıb satdığı qızıl-zinət əşyalarının pulundan 30.000 manatını ödəmiş, qalan 50.000 manat borcunu isə ödəməmişdir. Cavabdehlər 2019-cu ilin may ayında iş yerinə gələrək yaxşı müştərilərinin olmasını deyərək birlikdə qızıl əşyalarının alqı-satqısı ilə məşğul olmaqlarını təklif etmişlər. Cavabdehlərlə aralarında alış-veriş ayda 30-80 min manat təşkil edib, onlarla mütamadə işlədiyi üçün razılığa gəlmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh2 xahişi ilə Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən “VİP” Lombardından 585 və 750 əyarlı ümumi çəkisi 504.64 qr, dəyəri 26.000 manat olan qızıl zinət əşyalarını götürüb, müştəriyə göstərmək üçün Cavabdeh2 vermişdir. Maya həmin ziynət əşyalarını tanışı Zaurla götürərək getmiş, lakin onu aldadaraq həmin qızılları nə geri qaytarmış, nə də pulunu ödəməmişdir. O, elə həmin gün xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək, xx.xx.2019-cu ildə isə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək Cavabdeh2 onu aldatdığını, qızılları qaytarmadığını bildirərək, 504.64 qr qızıl zinət əşyalarının alınıb ona qaytarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də aparılan araşdırma zamanı Cavabdeh2 müştəriyə göstərmək üçün satış məqsədiylə ondan nisyə qızıl aldığını etiraf etmiş və bildirmişdir ki, həmən qızılı guya ona təsir vasitəsi kimi özündə saxlamış, guya ki, olan borcunu qaytarmamış və ona görə də qızılları qaytarmır. Cavabdehlərin ona qarşı törətdikləri qeyri-qanuni əməlləri barədə dərhal hüquqmühafizə orqanlarına məlumat versə də və sonradan ərizə və şikayət etsə də şikayəti Sumqayıt şəhəri Pİ-si 4-cü PB-də tam araşdırılmamış, məsələnin əsil mahiyyəti üzə çıxarılmamış, nəticədə cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Cavabdeh2 araşdırmaya ondan götürdüyü 504.64 qr qızılın 368.68 qramını təqdim etmiş, həmin əşyalar lombarda qaytarılmış, dəyəri 10000 manat olan 135.96 qram qızıl Maya tərəfindən mənimsənilmişdir. Beləliklə, 26000 manat dəyəri olan qızıldan 16000 manat qızılı lombarda qaytarılmış, çatmayan 135.96qr qızıla görə 10000 manatlıq qızılı lombarda qaytarmışdır. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd etmiş, ona isə mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. O, cavabdehlərdən verdiyi qızılın pulunu ala bilmədiyindən və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstərilən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona qarşı olan ilkin iddianın rədd edilməsi, İddiaçı 20.000 manat pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı S.Kərimova qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddianı qəbul etmir. Məhkəmənin nəzərinə çatdırır ki, ona və Cavabdeh2 qarşı dələduzluq cinayəti edərək pullarını mənimsədiyi üçün İddiaçı barəsində AR CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi qaldırılaraq ittiham verilmiş və hazırda həmin cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. O və Cavabdeh2 isə istintaq orqanı tərəfindən həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. İddiaçı həmin cinayət işinin acığına və öz işini asanlaşdırmaq üçün hazırkı əsassız iddia ilə məhkəməyə müraciət etməyi qərara almışdır. O, rəfiqəsi Cavabdeh2 ilə birlikdə qızıl alveri ilə məşğul olmuşdur. İddiaçı isə Sumqayıt şəhər Ticarət mərkəzində yerləşən ofisində vətəndaşlardan «lom» qiymətinə kiçik həcmlərdə qızıl-zinət əşyaları qəbul edirdi. Onların qızıl alveri ilə məşğul olduqlarını bildikdə Vüsalə təklif etmişdir ki, alıb satılan qızılın həcmini artırıb yaxşı gəlir əldə etmək olar. Lakin bunun üçün nağd pul lazımdır. Bundan sonra o və rəfiqəsi Maya özlərinə aid müxtəlif məbləğlərdə pulları ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə Vüsaləyə vermişlər. Bunun müqabilində o, mənbəyini bilmədikləri yerlərdən və şəxslərdən, «lom» qiymətinə qızıl-zinət əşyalarını alıb onlara satmağa verib. Satdıqları qızılların pulunu Vüsaləyə qaytarıb. Amma yenidən nağd pul lazım olduqda isə rəfiqəsilə özlərinə aid olan şəxsi qızıl-zinət əşyalarını, həmçinin də Vüsalədən aldıqları qızılların bir neçəsini Sumqayıt şəhərində yerləşən Lombardlara girov qoyub borca pul götürüb yenidən Vüsaləyə vemişlər. Lakin bir neçə ay əvvəl rəfiqəsilə onlara məlum olmuşdur ki, Vüsalənin onlara satmağa verdikləri qızıl-zinət əşyalarının bir neçəsi saxtadır. Daha doğrusu, həmin qızıl-zinət əşyalarını girov qoyub pul götürdükləri Lombardların əməkdaşları onlara zəng vurub bu barədə məlumat vermişlər. Vüsaləyə bu barədə bildirdikdə o, əvvəl onları sakitləşdirməyə çalışmış və demişdi ki, özü məsələni həll edəcək. Lakin sonradan onlar anlamışlar ki, Vüsalənin bu məsələni həll etmək fikri yoxdur və əvvəlcədən onlara satdığı qızılların saxta olduğunu bilib və onların etibarlarından suiistifadə edərək dələduzluq yolu ilə pullarını mənimsəmişdir. Çarəsiz qalıb hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalıblar. Ərizələri əsasında araşdırma başladılmışdır. Sonda Vüsaləyə ittiham verilmiş və onları zərərçəkmiş şəxs qismində tanımışlar. İddiaçı etibarlarından sui-istifadə etməklə etdiyi dələduzluq əməli nəticəsində rəfiqəsi ilə birlikdə Lombardlara saxta qızılların əvəzi olaraq ümumilikdə 5200 manat pul ödəmişlər. Bundan əlavə, Vüsalə ilə alveri zamanı o, şəxsən özü ümumilikdə nağd şəkildə 20.000 manat hesabı ilə 10.000 ABŞ dolları və 3.000 manat pul vermişdir, lakin bu günə kimi də həmin pulların taleyi bəlli deyil. İstintaqda ifadə verəndə Vüsalə ondan 10.000 manat aldığını və həmçinin onun tərəfindən o, İranda olanda 3.000 ABŞ dolları məbləğində pulu satıcısına verdiyini etiraf etmişdir. Buna baxmayaraq, həmin pulun ondan alınmasını etiraf etməsi kifayətdir ki, həmin pulu ondan geri tələb etmişdir. İddiaçı əvvəllər borcunun qaytarılmasına söz versə də, sonradan bundan qəti imtina etmişdir. Qarşılıqlı iddia üzrə iddidaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ondan aldığı 22.000 manat pulun tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı AR CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilmiş, həmin maddələrlə ittiham verilmişdir. Belə ki, rəfiqəsi Cavabdeh1 ilə birlikdə qızıl alveri ilə məşğul olublar. İddiaçı isə Sumqayıt şəhər Ticarət mərkəzində yerləşən ofisində vətəndaşlardan «lom» qiymətinə kiçik həcmlərdə qızıl-zinət əşyaları qəbul edirdi. Onların qızıl alveri ilə məşğul olduqlarını bildikdə Vüsalə təklif etmişdir ki, alıb satılan qızılın həcmini artırıb yaxşı gəlir əldə etmək olar. Lakin bunun üçün nağd pul lazımdır. Bundan sonra o və rəfiqəsi Maya özlərinə aid müxtəlif məbləğlərdə pulları ayrı-ayrı vaxtlarda bir neçə dəfəyə Vüsaləyə vermişlər. Bunun müqabilində o, mənbəyini bilmədikləri yerlərdən və şəxslərdən, «lom» qiymətinə qızıl-zinət əşyalarını alıb onlara satmağa vermişdir. Satdıqları qızılların pulunu Vüsaləyə qaytarıb. Amma yenidən nağd pul lazım olduqda isə rəfiqəsilə özlərinə aid olan şəxsi qızıl-zinət əşyalarını, həmçinin də Vüsalədən aldıqları qızılların bir neçəsini Sumqayıt şəhərində yerləşən Lombardlara girov qoyub borca pul götürüb yenidən Vüsaləyə verirmişlər. Lakin bir neçə ay əvvəl rəfiqəsilə onlara məlum olmuşdur ki, Vüsalənin onlara satmağa verdikləri qızıl-zinət əşyalarının bir neçəsi saxtadır. Daha doğrusu, həmin qızıl-zinət əşyalarını girov qoyub pul götürdükləri Lombardların əməkdaşları onlara zəng vurub bu barədə məlumat vermişlər. Vüsaləyə bu barədə bildirdikdə o, əvvəl onları sakitləşdirməyə çalışmış və demişdir ki, özü məsələni həll edəcək. Lakin sonradan onlar anlamışlar ki, Vüsalənin bu məsələni həll etmək fikri yoxdur. Çarəsiz qalıb hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizələri əsasında araşdırma başladılmışdır. Sonda Vüsaləyə ittiham verilmiş və onları zərərçəkmiş şəxs qismində tanımışlar. İddiaçı etibarlarından sui-istifadə etməklə etdiyi dələduzluq əməli nəticəsində rəfiqəsi ilə birlikdə Lombardlara saxta qızılların əvəzi olaraq ümumilikdə 5200 manat pul ödəmişlər. Bundan əlavə, Vüsalə ilə alveri zamanı o, şəxsən özü ona ümumilikdə nəğd şəkildə 22000 manat pul vermiş, lakin bu günə kimi də həmin pulların taleyi bəlli deyil. Daha doğrusu, istintaqda dindirmə zamanı Vüsalə həmin pulları ona verdiyini etiraf etmişdir. Lakin bildirmişdir ki, guya onun Vüsaləyə borcu olduğundan həmin pulları ona çıxmışdır. Təəssüflər olsun ki, Vüsalənin ona nə qədər borcu olduğunu, həmin borcun hansı zaman kəsiyində yarandığını özündə əks etdirən heç bir tutarlı sübutu istintaq orqanına təqdim edə bilməmişdir. Buna baxmayaraq, həmin pulun ondan almasını etiraf etməsi kifayətdir ki, həmin pulu Vüsalədən geri tələb etsin. İddiaçı AR CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət işi hazırda Sumqayıt şəhər Məhkəməsinin icraatındadır. İddiaçı iddiasına münasibətdə bildirmək istəyir ki, onun iddia tələbinin heç bir əsası və hüquqi bazası yoxdur. İddiaçı iddiasını sübut edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar ərizə təqdim edərək ilkin iddia və qarşılıqlı iddialara mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Məhkəmə ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Səbinə Kərimova izahatında göstərdi ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddianı isə müdafiə edir, qarşılıqlı iddia ərizəsində göstərilənləri izahatı kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahatında göstərdi ki, ilkin iddia tələbini qəbul etmir, qarşılıqlı iddianı isə müdafiə edir, qarşılıqlı iddia ərizəsində göstərilənləri izahatı kimi qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia üzrə iddiaçılar hər biri ayrı-ayrılıqda qarşılıqlı iddia tələbinin əsası olaraq İddiaçı cinayət araşırması zamanı vermiş olduğu ifadələrini sübut növü olaraq qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd, Cavabdeh1 qarşılıqlı iddiası qismən, Cavabdeh2 qarşılıqlı iddiası tam təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İlkin idddia üzrə iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız iddia ərizəsində göstərdiklərində ibarət olmaqla heç bir sübuta əsaslanmır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı işüzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz, məcmu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Qarşılıqlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların ərizələrində göstərdikləri faktlar məhkəmə araşdırması zərurəti ilə əlaqədar olaraq məhkəmə iclasında tədqiq edilən Sumqayıt Şəhər Məhkəməsinin şifahi sorğusu ilə əldə edilmiş 1(060)-304/2020 saylı iş üzrə cinayət işinin materialları ilə öz təsdiqini tapdı. Belə ki, cinayət işinin 145-146-cı vərəqələrində olan üzləşmə protokolundan görünür ki, İddiaçı Cavabdeh1 ona qızıl əşyalarına görə borcun əvəzində 3000 və 7000 manat, sonradan isə 3000 ABŞ dolları məbləğində pul verdiyini etiraf etmişdir. Həmin cinayət işinin 219-223-cü vərəqələrində olan təqsirləndirilən şəxsin dindirmə protokolundan görünür ki, İddiaçı izahatında göstərmişdir ki, Cavabdeh2 satılan qızıl əşyalarının pulunu 30.000 manat məbləğində ödəmiş, qalan borcu isə ona qaytarmamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı qeyd olan ödənişlərin ona olan borcun əvəzində verildiyini göstərsə də, məhkəməyə gələrək qarşılıqlı iddiaya etirazının bildirməmiş və göstərilən məbləğlərin ona olan borca görə ödənilməsini təsdiq heç bir sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək, hakimin verilmiş tələb daxilində işə baxması ilə bağlı göstərişini nəzərə alaraq bu nəticəyə gəlir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.000 manat və 3000 ABŞ dolları (ödəniş günü manata məzənnə ilə) iddiaçı Cavabdeh1, 22.000 manat isə Cavabdeh2 xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə iddiaçı S.Kərimovanın iddiası qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 30 manat tutularaq iddiaçı Səbinə Kərimovanın, 30 manat Cavabdeh2 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi, vurulmuş maddə və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10.000 (on min) manat və 3000 (üç min) ABŞ dolları (ödəniş gününə manata olan məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı Cavabdeh1 xeyrinə tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 22.000 (iyirmi iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat iddiaçı Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar