Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2773/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X14 oğlunun katibliyi, iddiaçının nümayəndəsi, atası X7 və iddiaçının nümayəndəsi, Vəkil2, Cavabdeh1, Cavabdeh2 Əlihüseyn qızının və onun nümayəndəsi, Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlihüseyn qızına qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 Əlihüseyn qızına (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı övladları 28 avqust 2008-ci il təvəllüdlü X4, 25 mart 2010cu il təvəllüdlü X5 və 12 avqust 2018-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30, mənzil 67 ünvanına köçürülməkləri, mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2007-ci ildə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Rəsmi nikahdan 28 avqust 2008-ci il təvəllüdlü X4, 25 mart 2010-cu il təvəllüdlü X5 və 12 avqust 2018-ci il təvəllüdlü X6 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 238/2022 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, birgə nikahdan anadan olmuş hər 3 övladılarının iddiaçının yanında saxlanması qət edilmişdir. Cavabdehlər iddiaçını qeydiyyatda olduğu ünvandan məcburi çıxarmışdır. 2008-ci ildə cavabdehlərə məxsus Sumqayıt şəhəri, 3-cü mikrorayon ünvanında yerləşən, ev 27, mənzil 17-ə pasport qeydiyyatına düşmüşdür. Həmin ev 2012-ci ildə satılmışdır. Həmin ev satılandan 1 ay sonra hal-hazırda qeydiyyatda olduğu və yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30, mənzil 67 ünvanına ailəsilə birlikdə köçmüşdür. Həmin ev cavabdeh olan Cavabdeh2 Əlihüseyn qızına məxsusdur. Münasibətlər korlanandan sonra cavabdehlər iddiaçının həmin mənzildə yaşamağına imkan vermir. İddiaçıya məxsus əşyalar mənzilin bütün otaqlarında yerləşir. Dəfələrlə həmin ünvana qayıdıb orada yaşamaq istəsə də, cavabdehlər buna mane olmuşlar. İddiaçı azyaşlı 3 övladı ilə qeydiyyatda olduğu Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30, mənzil 67 ünvanına məcburi köçürülmək istəyir. İddiaçının və uşaqlarının digər bir yerdə yaşayış yerləri yoxdur. Yeganə yaşayış yerlərində isə yaşamağa cavabdehlər imkan vermir. Hal-hazırda yaşdığı mənzilin alınmasına görə valideynləri 15000 manat pul vermişdir. Həmçinin mənzilin alınmasına görə iddiaçı qızılzinət əşyalarını sataraq mənzilin alınmasına sərf etmişdir. İddiaçının nümayəndəsi, Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı xx.xx.2007-ci ildə cavabdehlərdən Cavabdeh1 ilə rəsmi nikaha girməklə ailə qurmuş və həmin ildə də order əsasında digər Cavabdeh2 Əlihüseyn qızının adına olan ünvan 1 ünvanında yerləşən 35 saylı 1 otaqlı mənzilə gəlin köçmüşdür. İddiaçı 2008-ci ildə həmin mənzilə qeydiyyata düşmüşdür. xx.xx.2012-ci ildə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil tərəflərin razılığı ilə satılmış və 1 ay sonra iddiaçının valideynləri 15000 manat pul yardımı etməklə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30 ünvanında yerləşən 67 saylı 3 otaqlı mənzil alınmışdır. Həmin mənzil də iddiaçının xəbəri olmadan mülkiyyət hüququ üzrə cavabdehlərdən Cavabdeh2 Əlihüseyn qızının adına qeydiyyata alınmışdır. Yəni, hazırda iddiaçının köçürülməsini tələb etdiyi mənzil ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin satılması hesabına alındığı üçün əslində mübahisəli hüquq münasibəti 2007-ci ildə yaranmışdır. 35 saylı mənzillə bağlı isə həmin vaxt yalnız order mövcud olduğundan mübahisəyə köhnə mənzil məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin qanunvericiliyə əsasən də iddiaçının mübahisəli mənzilə istifadə hüququ vardır. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi, atası X11 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, ümumilikdə sonuncu evin alınmasına cavabdehə onlar tərəfindən 15000 manat pul verilmişdir. Həmin məbləğin 11000 manatını onun həyat yoldaşı Mahirə əlbəəl verib. Qızı da qızıl-zinət əşyalarını sataraq 4000 manat pul verib. Daha sonra Mahir qardaşına toy edib, həmin məbləğin 4000 manatını onlara qaytarıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o heç kimi evdən qovmamışdır. İddiaçı özü evdən çıxıb getmişdir. O, uşaqların saxlanması üçün nzərdə tutulan aliment öhdəliyini də vaxtı-vaxtında yerinə yetirmişdir. Qızıl-zinət əşyalarını da birgə nikah dövründə almışlar. Eyni zamanada mənzilin alınmasına o, iddiaçının anasından heç bir pul almamışdır. Mənzil onun anasının mülkiyyətindədir. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, ona heç kim mənzilin alınması üçün pul verməyib. O, öz maddi vəsaiti ilə mənzili almışdır. İddiaçını heç kim evdən çıxarmayıb, özü çıxıb gedib. Dəfərlərlə iddiaçıya evinə qayıtmnası təklif edilsə də, o, qayıtmayıb. Mənzil onun mülkiyyətindədir və iddiaçının mənzilə heç bir hüququ yoxdur. Qeyd edilənlərə əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi, Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, mübahisəli mənzil Cavabdeh2 mülkiyyətindədir. İddiaçının həmin evə hər hansı hüququ yaranmır. Cavabdeh oğlu və gəlini ilə həmin evdə yaşamayıb. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edənlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci il tarixində, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh1 xx.xx.1985-ci ildə anadan olmuşdur. O, da Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30, mənzil 67 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 isə xx.xx.1965-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-238/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş 28 avqust 2008-ci il təvəllüdlü X1, 25 mart 2010-cu il təvəllüdlü X2 və 12 avqust 2018-ci il təvəllüdlü X3 iddiaçının yanında qalmaları, onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 140 manat olmaqla, ümumilikdə 420 manat miqdarında alimentin cavabehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 28 avqust 2008-ci ildə, X5 25 mart 2010-cu ildə, X6 isə 12 avqust 2018-ci il anadan olmuşdur. Uşaqların atası Cavabdeh1 , anası İddiaçıdır. İşdə olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30-da yerləşən 67 nömrəli mənzil (bundan sonra – mübahisəli mənzil) üzərində xx.xx.2012-ci ildə Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə göndərilmiş vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən 35 saylı mənzil Sumqayıt şəhər XDS İK mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, 41/311 saylı order, 18 saylı MİS tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 314 saylı mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında Cavabdeh2 Əlihüseyn qızının mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 14 iyun 2022-ci il tarixli məhkəmə iclasında ifadə vermiş şahid X8 ifadəsində bildirmişdir ki, iddiaçının anasıdır. İddiaçı ilk dəfə 3-cü mikrorayondakı evə gəlin köçüb. Onlar qızına maddi köməklik etmişlər. Beləliklə onlar 6-cı mikrorayondakı evi aldılar. Təxminən 2012-ci ilin iyun ayında özü şəxsən pulu öz evində cavabdeh Mahirə vermişdir. Pulu ona verəndə yanında baldızı Dilarə olub. Dilarə pulu Mahirə hansı məqsədlə verdiyini bildi. İlk dəfə onlara 10000 manat, sonra 4000 manat, daha sonra da notariusda 1000 manat pul vermişdir. Mahir ona olan borcunun 4000 manatını qaytarıb. 14 iyun 2022-ci il tarixli məhkəmə iclasında ifadə vermiş şahid X9 ifadəsində bildirmişdir ki, iddiaçının bibisidir. Təxminən 7-8 il əvvəl Hənifə Cavabdeh1 yeni ev almaları üçün pul vermişdir. Həmin vaxt o, qardaşıgilə qonaq gedmişdi. O, evdə olanda Mahir evə gəldi və Hənifə Fərəcova ona ev alınması üçün pul verdi. Hazırkı iddiada iddiaçı mübahisəli mənzilə köçürülməsini tələb edir. Bu səbəbdən onun mübahisəli mənzilə istifadə hüququnun olub-olmaması aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Cavabdeh1 ilə xx.xx.2007-ci ildə nikaha daxil olmuşdur. Mübahisəli mənzil xx.xx.2012-ci ildə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bu səbəbdən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsinin) müdəalarına uyğun qiymət verilməlidir. Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2.). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (30.4.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi iddiaçı Cavabdeh2, yəni mübahisəli mənzilin mülkiyyətçisinin keşmiş gəlini olmaqla, Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanmasını tələb etmək hüququna malik olan şəxslər sırasına aid deyildir. Bu səbəbdən onun mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. İddiaçının mübahisəli mənzilə istifadə hüququnun olmaması isə onun həmin mənzilə köçürülməsi tələbinin təmin edilməsini qeyri-mümkün edir. İddiaçı tərəfin əsas dəlilləri mübahisəli mənzilin Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 27, mənzil 17-nin satılması hesabına alınması, iddiaçının həmin mənzilə gəlin köçərkən mənzilin orderli mənzil olması və bu səbəbdən mübahisəyə 2009-cu ilədək qüvvədə olmuş mənzil məcəlləsinin müddəalarının tətbiq edilməli olması, eyni zamanda iddiaçının valideynlərinin hazırkı mənzilin alınması üçün maddi köməklik göstərmələri olmuşdur. Qeyd edilməlidir ki, mübahisəli mənzil 2012-ci ildə Cavabdeh2 mülkiyyətinə keçmişdir. Həmin mənzilin hansı vəsait hesabına, hansısa əmlakın satılması hesabına alınması və ümumiyyətlə həmin vaxta qədər baş verənlər mənzilə istifadə hüququ ilə bağlı tətbiq ediləcək hüquq normalarının müəyyən edilməsində heç bir rol oynamır. İddiaçı həmin mənzilin alınması üçün hər hansı vəsait sərf etmişsə, həmin vəsaitin geri qaytarılması barədə ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Hazırkı iddia isə əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlihüseyn qızına qarşı onun azyaşlı övladları 28 avqust 2008-ci il təvəllüdlü X4, 25 mart 2010-cu il təvəllüdlü X5 və 12 avqust 2018-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 30, mənzil 67 ünvanına köçürülmələri, mediasiya xərcinin əvəzi olaraq 25 manatın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2773/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2773/2022
07.07.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver