Məhkəmə qərarları › İş №2(060)-2798/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2798/2025

01.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2798/2025 01.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi ilə, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron-Xızı regional şöbəsi olmaqla) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron-Xızı regional şöbəsi olmaqla) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, mediasiya prosessi keçirilmiş, qarşı tərəf isə iştirak etməmişdir. Zəng də edilmiş, lakin götürülməmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, mediasiya prosessi ayın 4-ü olmuş, lakin bildiriş onlara ayın 7-i çatmışdır. Mediasiya prosessi ilə bağlı onlara rəsmi məlumat daxil olmamışdır. Ona görə də, məhkəmədən ərizələrinin təmin edilməsini, mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi aşağıda göstərilən əsaslara görə baxılmamış saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 18 dekabr 2020-ci il tarixli Qanununa əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu 01 iyul 2021-ci il tarixdən qüvvəyə minmişdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2-ci və 149.2.4-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən, iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələb riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmək tələbi mütləqdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinə 09 sentyabr 2024-cü il tarixli əmrlə xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə işə bərpa tələbi üzrə mübahisəyə dair mediasiya təklifi isə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Halbuki həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hələ xitam verilməmişdi. Bundan başqa ilkin mediasiya sessiyası barədə xx.xx.2025-ci il tarixli bildiriş cavabdehə göndərilsə də, həmin bildiriş cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmişdir. Halbuki, mübahisə üzrə ilkin mediasiya sessiyası xx.xx.2025-ci il tarixdə keçirilmişdir. Eyni zamanda arayışın məzmunundan görünür ki, həmin gün bildirişin cavabdehə çatdırılmadığı, yəni hələ poçt məntəqəsinin mübadilə məntəqəsinə daxil olduğu mediatora məlum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış iddia ərizəsi üzrə mediasiya prosesində iştirakı təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. (21.9.1) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron-Xızı regional şöbəsi olmaqla) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Abşeron-Xızı regional şöbəsi olmaqla) əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar