Məhkəmə qərarları › İş №2(060)-2819/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2819/2024

13.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2819/2024 13.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh onun mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 85-də yerləşən 29 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 85-də yerləşən 29 saylı mənzil üzərində onun - İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adına xx.xx.2022-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh bu mənzildə qeyri-qanuni yaşayır, onun şəxsi mülkiyyətində ünvan 1 ünvanında 2 otaqdan ibarət olan 2 otaqlı 8 saylı mənzili vardır, o, həmin mənzili kirayəyə vermiş, lakin onun mülkiyyətində olan mənzili də zəbt edərək orada yaşayır. Dəfələrlə ondan mənzili boşaltmasını tələb etsə də, o mənzildən çıxmamış və bu da onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, həyat yoldaşı 9 ay əvvəl rəhmətə getmişdir. Cavabdeh baldızıdır, evdən çıxmır. Həyat yoldaşı evi bağışlama müqaviləsi ilə oğluna vermişdir. Qaynatası da vaxtilə eyni qaydada yoldaşına bağışlamışdır. Cavabdehin payı ödənilmişdir. Həmin ev cavabadehin ata evidir. Həmin mənzildə çoxdan yaşayır. Atasının sağlığından o evdə yaşayır. Cavabdehə məxsus evi kirayəyə verib onun dərmanlarını qarşılamışlar. Cavabdehə 2 otaqlı ev verilmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh izahatında bildirdi ki, O, həmin evdə doğulmuşdur. İddiaçı qardaşı dünyasını dəyişməzdən 1 ay əvvəl ondan boşanmışdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.

Tədqiq olunan sübutlar:

6. AZ-İ 715255 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci ildə anadan olmuşdur. Atası X6 oğlu, anası isə X1r.

7. AZ-İİ 361743 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 oğlu xx.xx.2022-ci ildə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 avqust 2022-ci ildə 143 nömrə ilə qeyd edilmişdir.

8. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 24 avqust 2022-ci ildə qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır.

10. X6 oğlu ilə İddiaçı arasında bağlanmış 09 avqust 2022-ci il tarixli, 4Ə-1219 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X6 oğlu ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 68,1 kv/m olan 3 otaqlı mənzili hədiyyə alan İddiaçı bağışlamışdır.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil ünvan 3yi xx.xx.1994-cü il tarixli, 3M/574 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına Sumqayıt şəhər Texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh xx.xx.2014-cü il tarixli müraciəti əsasında qeydiyyat vəsiqəsi ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışla əvəz olunmuşdur.

Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

-152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı:

-2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) yaşayış – istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

16. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu:

-1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

18. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Adıgözəlov Kərimbaba Sədrəddin oğluna 6 nəfər ailə tərkibi ilə 16 oktyabr 1973-cü ildə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 85-də yerləşən 29 saylı mənzilə dair order verilmişdir. Daha sonra Sumqayıt şəhər X2 bürosu tərəfinən verilmiş qeydiyyat vəsiqəsi əsasında Adıgözəlov Kərimbaba Sədrəddin oğlunun həmin mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. O, ona məxsus olan sözügedən mənzili oğlu X6 oğluna bağışlamışdır. Həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X6 oğlunun adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə notarial qaydada bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X6 oğlu həmin mənzili oğlu İddiaçı bağışlamışdır. Həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda İddiaçı bibisi Cavabdeh həmin mənzildən çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir.

19. Məhkəməyə sorğu əsasında daxil olmuş sənədlər əsasında müəyyən olunur ki, Cavabdeh 1974-cü ildən Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 85-də yerləşən 29 saylı mənzilə qeydiyyata düşmüş, 27 aprel 1990-cı ildə həmin mənzildən qeydiyyatdan çıxmışdır.

20. Məhkəmə hesab edir ki, ilk növbədə Cavabdeh həmin mənzildən istifadə hüququnun mövcud olub-olmaması məsələsinə qiymət verilməlidir. Belə ki, həmin mənzildə onun istifadə hüququnun olması onun həmin mənzildən çıxarılmasını istisna edir.

21. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda adı qeyd edilən sənədlərdən görünür ki, mübahisə predmeti olan mənzil cavabdehin atasına order əsasında məxsus olmuş və həmin order 6 nəfər ailə tərkibi ilə (Cavabdeh da daxil olmaqla) cavabdehin atasına verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında Cavabdeh başqa mənzili olsa da əvvəldən mübahisə predmeti olan iddiaçıya məxsus mənzildə yaşadığını bildirmişdir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarının 1-ci bəndinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

23. Beləliklə sözügedən mənzilin cababdehin atasına order əsasında məxsus olması və cavabdehin həmin mənzilə atasının razılığı əsasında köçməsi nəzərə alınaraq hazırki mübahisəyə əvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir.

24. Məhkəmə qeyd edir ki, bu xarakterli hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi ilə dəqiq şəkildə tənzimlənmişdir. Həmin Məcəllənin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

25. İcarədar ilə birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə etmək hüququna malik olması qanunda təsbit edilməklə yanaşı, bu hüququn aradan qalxma əsasları da nəzərdə tutulmuşdur.

26. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 30 oktyabr 2023-cü il tarixli məktubu ilə müəyyən olunur ki, ünvan 1 xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. Beləliklə 28 dekabr 1994-cü il tarixdən cavabdehin mülkiyyətində yaşayış evi vardır. Həmin mənzilin qeydiyyat vəsiqəsi cavabdehin müraciəti əsasında xx.xx.2014-cü ildə çıxarışla əvəz edilmişdir.

27. Məhkəmə hesab edir ki, cavabdeh atasına order əsasında məxsus olmuş mənzildə onun razılığı əsasında yaşamaqla onun yuxarıda qeyd olunan normaların tələblərinə uyğun olaraq həmin mənzildən istifadə hüququ yaranmışdır. Cavabdehin əvvəldən həmin mənzildə yaşaması iddiaçının nümayəndəsinin (cavabdehin qardaşının arvadının) izahatı ilə də öz təsdiqini tapmışdır. Lakin 28 dekabr 1994-cü il tarixdən cavabdehin mülkiyyətində ayrıca mənzilin olması ilə onun yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh mübahisə predmeti olan əmlak üzərində istifadə hüququnu itirmişdir.

28. Şəxsi servitut sayılan (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrindəki istifadə hüququ ilə oxşar məzmundan olan) mənzildən istifadə hüququ, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.

29. Beləliklə, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququ yaşayış sahəsinə olan ehtiyacın aradan qalxması əsası ilə itirildiyindən, eləcə də mənzillə bağlı hər hansı əşya hüququnun mövcudluğu müəyyən edilmədiyindən iddiaçının tələbi əsaslıdır.

30. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 85-də yerləşən 29 saylı mənzildən çıxarılmalıdır.

31. Nəticə:

1. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 85-də yerləşən 29 saylı mənzildən çıxarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar