Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2823/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 70,8, yaşayış sahəsi 47.4 kv.m olan 35 saylı mənzil ataları İsmayılov Dadaş Hüseynqulu oğlunun mülkiyyətində olmuşdur. Mərhum ataları İsmayılov Dadaş Hüseynqulu oğlu xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Atalarının vəfatından sonra ondan miras qalmış həmin əmlakı qanun üzrə birinci növbəli vərəsələr olaraq onlar notariat kontoruna müraciət edərək, qəbul etmişlər. Cavabdeh isə, mirasın qəbulu barədə yazılı xəbərdarlıq edilsə də, miras əmlakı rəsmi şəkildə qəbul etməmiş, bu səbəbdən də onun payı açıq saxlanılmışdır. Hazırda ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil hər birinin payı 1/4 hissə olmaqla İddiaçı1, İddiaçı3 və İddiaçı2 mülkiyyətindədir. Cavabdeh isə, yuxarıda qeyd olunduğu kimi mirası faktiki qəbul etsə də, rəsmi şəkildə qəbul etməmiş, bu səbəbdən də onun payı (1/4 hissə) açıq saxlanılmışdır. Cavabdeh onların doğma qardaşı olsa da, mübahisəni məhkəmədən kənar qaydada həll etmək mümkün deyildir. Onlar miras əmlakın satılaraq payların bərabər bölünməsinə razı olsalar da, Cavabdeh buna razı deyildir və hələ də hesab edir ki, hazırda mənzildə faktiki olaraq o yaşadığı üçün mənzil ona məxsusdur. Bu səbəbdən də onlar mülkiyyətində olan mənzilə köçürülmək barədə iddia qaldırmışlar. Barışıq təklifi olaraq da bildirlər ki, cavabdehin payı olan ¼ hissəni ondan satın ala bilərlər. Qeyd olunanlara əsasən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, iddiaçıların mənzilə köçüb yaşamalarına etiraz etmir. Mənzil atasından qalıb, mənzildə o ailə üzvləri ilə birlikdə yaşayır. Atası mənzili onun adına keçirmək istəyib, lakin bacısı qoymamış, evin sənədlərini oğurlamışdır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə İddiaçı1 nümayəndəsi və vəkili X1 və Cavabdeh izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 2020-ci il tarixdə vəfat etmiş İsmayılov Dadaş Hüseynqulu oğlunun vərəsələri İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildən 1/4 hissədə pay almış, miras əmlakdan Cavabdeh çatası 1/4 hissə pay açıq saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 7 saylı evin 35 saylı mənzilin 1/4 hissəsi İddiaçı1, 1/4 hissəsi İddiaçı3 və 1/4 hissəsi İddiaçı2 xüsusi mülkiyyətindədir, 1/4 hissə pay açıq saxlanılmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, əşyaya mülkiyyət hüququnun başqa şəxsə keçdiyi hallarda, mülkiyyətçinin dəyişməsinə baxmayaraq əşya öz yüklülüyünü saxlayır və özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququ olan şəxs həmin hüquqdan istifadə etməkdə davam edir. Bunun hüquqi əsasını isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsi təşkil edir. Həmin maddəyə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Özgəsinin daşınmaz əşyasından məhdud istifadə hüququnun mülkiyyət hüququ ilə eyni üsulla müdafiə olunmasını da həmin hüquqa aid səciyyəvi xüsusiyyət kimi qeyd etmək olar. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 7 saylı evin 35 saylı mənzili İsmayılov Dadaş Hüseynqulu oğlundan miras qalmış, həmin mənzilin 1/4 hissəsi İddiaçı1, 1/4 hissəsi İddiaçı3 və 1/4 hissəsi İddiaçı2 xüsusi mülkiyyətindədir, 1/4 hissə Cavabdeh payı isə açıq saxlanılmışdır. Hazırda isə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 həmin mənzilə köçüb yaşamaq istəsələrdə, Cavabdeh onların mənzildə yaşamalarına maneçilik törədir. Ona görə də iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” işi üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli qərarında qeyd olunur ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə köçürülməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2823/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2823/2021
16.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver