Məhkəmə qərarları › İş №2(060)-287/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-287/2021

23.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-287/2021 23.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçı Ərizəçi və onun nümayəndəsi, Vəkil, üçüncü şəxs X3 iştirakı ilə, iddiaçı Ərizəçi cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - iddiaçı) Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, atası X4 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar sahəsində yerləşən 288 saylı, sahəsi 0,225 hektar olan bağ sahəsinin və Quba rayonu, Uzunmeşə kəndində olan 0,24 hektar torpaq sahəsinə dair miras əmlakın qəbulu müddətinin buraxılmasını üzürlü hesab edərək, həmin müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X7 xx.xx.2015-ci ildə, anası X5 isə xx.xx.1975-ci ildə vəfat etmişlər. Sumqayıt şəhər Bağ Təsərrüfatı birliyi ilə mərhum X13 oğlu arasında bağlanmış icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağlar sahəsində yerləşən 288 saylı, sahəsi 0,225 hektar olan bağ sahəsi icarəyə verilmiş və torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatından keçirilmişdir. Quba rayonu, Uzunmeşə kəndində X12 qərarına əsasən 0,24 hektar pay torpağı atasının adına ayrılmış və onun mülkiyyətinə verilməsi ilə bağlı şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi hazırda iddiaçının idarəçiliyindədir. İddiaçı həmin əmlakın qəbulu məqsədi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh isə şifahi şəkildə iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İşin məhkəmə baxışı zamanı X8 məhkəmə tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmişdir. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində yalnışlığın aradan qaldırılaraq ərizəçi kimi qeyd edilmiş Ərizəçi “iddiaçı”, maraqlı tərəfin isə “cavabdeh” kimi tanınmasını və miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirdi ki, Novxanı qəsəbəsində və Qubada rayonunda yerləşəən sözügedən torpaq sahələri hal-hazırda onun idarəçiliyindədir. Mirasın qəbulu ilə bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur. Sadəcə vərəsəlik hüququ ilə bağlı notariat orqanına müraciət etdikdə, ona bildirdilər ki, mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məhkəmə qərarı olmalıdır. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi. İddiaçı həmçinin qeyd etdi ki, atasının vəfatından sonra miras qalan əmlakları faktiki olaraq qəbul etmişdir və hazırda da bu bağ və torpaq sahələri onun istifadəsindəsindədir. Miras əmlaka vərəsəlik hüququ barədə şəhadətnamə verilməsi ilə bağlı Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna müraciət etmiş, lakin, notariat orqanı mirasın qəbul edilməsi müddətinin uzadılması ilə bağlı məhkəmə qərarının olmasını bildirmişdir. Vərəsələr arasında mirasın qəbulu ilə bağlı mübahisə yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs qismində cəlb edilmiş X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, qardaşına etibar edir və atasından qalan miras əmlakın onun adına keçməsi ilə bağlı heç bir etirazı yoxdur. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və orada yaşayır. Torpağın mülkiyyətə verilməsinə dair JN-077F saylı, 30306038 kodlu şəhadətnamədən görünür ki, Quba rayonu X12 xx.xx.1997-ci il tarixli, 08 saylı qərarına əsasən 0,24 hektar torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir. xx.xx.1977-ci il tarixli, 224 saylı icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 288 saylı, sahəsi 0,225 ha olan bağ sahəsi X4 icarəyə verilmiş və həmin torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatından keçirilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 241945 saylı torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 288 saylı, sahəsi 0,225 hektar olan bağ sahəsi ilə bağlı plan və ölçü xx.xx.2010-cu ildə 3170 nömrəsi ilə Dövlət Torpaq Kadastrı kitabında qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən iddiaçının atası X7 xx.xx.2015-ci ildə, anası X6 isə xx.xx.1975-ci ildə vəfat etmişlər. Doğum haqqında şəhadətnamənin surətinə əsasən iddiaçının atası X7, anası isə X1r. xx.xx.2019-cu il tarixli, 214 saylı nikah akt qeydinə əsasən müəyyən olunur ki, X7 ilə X11 xx.xx.1961-ci ildə Quba rayon Alpan İƏD üzrə icra nümayəndəliyində nikah bağlamışlar. xx.xx.2020-ci il tarixli tədiyyə bildirişindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 288 saylı, sahəsi 0,225 ha olan bağ sahəsi üçün 2015-2020-ci illər üçün vergi ödənişi ilə bağlı bildiriş Ərizəçi adına qeyd edilmişdir. İddiaçı vərəsəlik haqqında şəhadətnamə verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin xx.xx.2019-cu il tarixli məktubunda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçıya imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər (1248.1). İşin müəyyən edilmiş hallarından göründüyü kimi Quba rayonunun Uzunmeşə kəndində 0,24 hektar torpaq sahəsi torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməyə və Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 288 saylı, sahəsi 0,225 ha olan bağ sahəsinin X4 icarəyə verilməsi və həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından keçirilməsi barədə sənədlərə əsasən iddiaçının atası X4 məxsus olmuşdur. X7 vəfat etdikdən sonra iddiaçı torpaq və bağ sahəsi üzərində vərəsəlik hüququnun tanınması üçün notariat orqanına müraciət edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin, iddiaçının qardaşı torpaq sahəsinin və bağ sahəsinin iddiaçının adına keçirilməsinə etiraz etməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Quba rayonunun Uzunmeşə kəndində 0,24 hektar torpaq sahəsi və Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 288 saylı, sahəsi 0,225 hektar olan bağ sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün iddiaçı tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək uzadılmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN-077F saylı, 30306038 kodlu nömrəli torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə əsasında verilmiş Quba rayonunun Uzunmeşə kəndində yerləşən 0,24 hektar torpaq sahəsinin və Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 288 saylı, sahəsi 0,225 hektar olan bağ sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar