Məhkəmə qərarları › İş №2(060)-287/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-287/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-287/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 63952,76 manat əsas borc, 16588,63 manat faiz borcu olmaqla, cəmi 80541,39 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 80 manat rüsumun cavabdehdən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinə yönəldilməsi, əmlakların ilkin satış qiymətinin müəyən edilməsi və həmin əmlakların açıq hərracdan satılması, satışından əldə olunan vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin bağ evinin və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının “Azadlıq” filialı ilə cavabdeh arasında 25 fevral 2020-ci il tarixli, ***-*******TK250220-01 saylı kredit müqaviləsi bağlanaraq cavabdehə 48 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 74900 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatları kimi tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsi ipotekaya qoyulmuşdur. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********265 saylı 08 may 2021-ci il tarixli və **********074 saylı 10 iyun 2021-ci il tarixli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. 03.05.2021-ci il tarixinə cavabdehin kredit üzrə cəmi borcu 80541,39 manat təşkil edir. Bundan 63952,76 manat əsas, 16588,63 manat faiz borcudur. Sumqayıt Şəhər Məhkəməsinin 01.10.2021-ci il tarixli qərardadları ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. 07.01.2022-ci il və 04.03.2022-ci il tarixlərində iş üzrə ekspert rəyləri məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, banka 12800 manat məbləğində ödəniş etmişdir. Torpaq sahəsini ipotekadan azad edib başqa şəxsə satmışdır. Bununla bağlı sənədlər də var. Lakin, həmin sənədləri məhkəməyə gətirməmişdir. Hüquqi savadı olmadığı üçün qeyd edilən məsələni dəqiq izah edə bilmir. Lakin, torpaq sahəsi ipotekadan azad edilib. Qeyd edilənlərə əsasən cavabdeh məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, cavabdeh xx.xx.1976-cı ildə, Bakı şəhərində anadan olmuşdur. O, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının “Azadlıq” filialı ilə cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, ***-*******TK250220-01 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 48 ay müddətinə, illik 23 faizlə, 74900 manat kredit vermişdir. 25 fevral 2020-ci il tarixli, ***-*******TK250220-EG-02 və ***-*******TK250220-EG- 01/b> saylı ipoteka müqavilələrinə əsasən, cavabdehin xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsi kreditin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən 29.11.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli və 25.09.2018-ci il tarixli RX seriyalı, ******* nömrəli çıxarışlarına əsasən Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evi və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsi (bundan sonra – ipoteka predmeti olan əmlaklar) cavabdehin xüsusi mülkiyyətindədir. 27.02.2020-ci il tarixli çıxarışlara əsasən həmin əmlaklar iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan maliyyə arayışına əsasən cavabdehin 03.05.2021-ci il tarixinə 63952,76 manat əsas borc, 16588,63 manat faiz borcu olmaqla, cəmi 80541,39 manat borcu vardır. İşdə olan ödəniş cədvəlinə əsasən cavabdeh 48 ay müddətində hər ay 2400,66 manat, sonuncu ay isə 2452,91 manat ödəniş etməli idi. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 08.05.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və bildiriş həmin tarixdə qeydə alınmışdır. İşin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07.02.2022-ci il tarixli, 9/43 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin maliyyə arayışının tarixinə, yəni 03.05.2021-ci il tarixinə iddiaçıya olan borcu əsas borc üzrə 63952,76 manat, faiz borcu üzrə 16588,64 manat təşkil edir. İddia tələbinin tarixinə, yəni 01.10.2021-ci il tarixinə cavabdehin iddaçıya olan borcu əsas borc üzrə 63952,76 manat, faiz borcu üzrə 22635,72 manat təşkil edir. “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin 07.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 07.01.2022-ci il məktubunda tərəflərin qiymətləndirmənin keçirilməsi üçün müəyyən edilmiş haqqı ödəməkdən imtina etdikləri üçün qiymətləndirmə işinin aparılmasından imtina edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 48 ay müddətinə 74900 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində əsas borc 03.05.2021-ci il tarixinə 63952,76 manat müəyyən edilmişdir. İddiaçı da iddia ərizəsində 63952,76 manat məbləğində əsas borcu cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, 63952,76 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Faiz borcuna gəldikdə isə ekspert rəyində göstərilən məbləğ iddia ərizəsi ilə eyni olduğu üçün məhkəmə hesab edir ki, idda ərizəsində göstərilən məbləğdə faiz borcu cavabdehdən tutulmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi iddia ərizəsində qeyd edilmiş əmlaklar iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin kredit borcu üzrə tutmanın həmin ipoteka predmetlərinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetlərinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdehin kredit borcu üzrə tələb həmin ipoteka predmetlərinə yönəldilməli, mübahisəli əmlaklar açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi ipoteka müqavilələrində Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinin ilkin satış qiyməti 100000 manat məbləğində, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinin ilkin satış qiyməti isə 20000 manat göstərilmiş, cavabdeh həmin məbləği mübahisələndirmiş, bu barədə “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin 07.01.2022-ci ildə məhkəməyə daxil olmuş məktubunda tərəflərin qiymətləndirmənin keçirilməsi üçün müəyyən edilmiş haqqı ödəməkdən imtina etdikləri üçün qiymətləndirmə işinin aparılmasından imtina edildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ipoteka müqaviləsində göstərilən məbləğlər ipoteka predmetlərinin ilkin satış qiymətləri hesab edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinin satışından əldə edilmiş vəsait cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği digər cavabdehdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. İpoteka predmeti olan əmlakların boşaldılması və iddiaçıya təhvil verilməsi tələbi ilə bağlı qeyd edilməlidir ki, həmin tələb əsaslı hesab edilə bilməz. Belə ki, həmin məsələlər ipoteka predmetlərinin satışından sonra həll edilməli olan məsələlərdir. Hal-hazırda iddiaçı ipoteka predmetlərinin mülkiyyətçisi olmadığı və gələcəkdə ipoteka predmetləri hərracda satıldıqda həmin əmlakları kimin əldə edəcəyi qeyri-müəyyən olduğu üçün əmlakların iddiaçıya təhvil verilməsi barədə məsələ hal-hazırda həll edilə bilməz. Bu səbəbdən iddia həmin hissədə təmin edilməməlidir. Eyni zamanda qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanunda göstərilmişdir ki, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir (59.1. ). İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3. ). Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar (59.4.). Göründüyü kimi ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qərarı icra olunarkən, ipoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslər həmin mənzildən ayrıca məhkəmə qərarı tələb olunmadan qeydiyyatdan çıxarılırlar. Belə ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qətnaməsi həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmaları üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişə görə ödənilmiş 80 manat və 100 manat ekspertiza xərci də cavabdehə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 63952,76 manat, faiz borcu üzrə 16588,63 manat olmaqla, cəmi 80541 (səksən min beş yüz qırx bir) manat 39 (otuz doqquz) qəpik məbləğində pul, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 80 manat rüsum Cavabdeh tutularaq İddiaçı X4 Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinə və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın. Onların satışından əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı ASC-yə olan borcu ödənilsin. Bağ evi və torpaq sahəsinin satışlarından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC-yə olan borc ödənildikdən sonra bağ evi və torpaq sahəsinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinin ilkin satış qiyməti 100000 (yüz min) manat, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 93A nömrəli torpaq sahəsinin ilkin satış qiyməti isə 20000 (iyirmi min) manat məbləğində müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Hazırkı qətnamə Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2323 nömrəli bağ evinə tutma yönəldildikdən və bağ evi satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar