Məhkəmə qərarları › İş №2(060)-288/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-288/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-288/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.519,05 (iyirmi iki min beş yüz on doqquz manat 05 qəpik) manat əsas, 6586.83 (altı min beş yüz səksən altı manat 83 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat rüsumun cavabdehlər Cavabdeh1 Müseyib oğlu və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayon, 80A nömrəli fərdi yaşayış evinə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 Müseyib oğlu və Cavabdeh2 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 Müseyib oğlu arasında bağlanmış 19.03.2020-ci il tarixli ***- *******TK190320-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 Müseyib oğluna 24 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 22.519 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 Müseyib oğlu kredit verilərkən Cavabdeh2 ilə bank arasında 19 mart 2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmış, müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödəməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.05.2012-ci il tarixli MA seriyalı ******* nömrəli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh2 qızma məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayon, 80A nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Evin ipoteka qoyulması barədə Bank ilə borc alan Cavabdeh1 Müseyib oğlu və ipoteka qoyan Cavabdeh2 arasında 19 mart 2020-ci il tarixli ***-*******TK190320-01 saylı Sonrakı İpoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30.03.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********283 saylı 08 may 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfındən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiy dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götür bilərdi. 04.05.2021-ci il tarixinə Cavabdeh1 Müseyib oğlunun kredit üzrə cəmi borcu 29105.8 manat təşkil edir. Bundan 22519,05 manat əsas, 6586,83 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında bildirdi ki, iddianı qismən qəbul edir. Əsas borcu qaytarmaqdan imtina etmir. Faiz borcunu qəbul etmir və silinməsini xahiş edir. Eləcə də ipoteka predmetinin qiyməti real bazar dəyərinə uyğun deyil, əmlakın satış dəyəri daha yüksək məbləğdədir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 19 mart 2020-ci il tarixli, № ***- *******TK190320-01 saylı bank hesabı və kredit müqaviləsinə əsasən kreditverən kreditalana 24 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 22519,05 manat məbləğində kredit verməyi, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 19.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan əsas borcu 22519,05 manat, faiz borcu 6586,83 manat olmaqla, cəmi borcu 29105,88 manat təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh2 arasında bağlanmış 19.03.2020-ci il tarixli Zaminlik müqavilələrindən görünür ki, zamin Cavabdeh2 19 mart 2020-ci il tarixli Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Mülki Məcəllənin 470, 472-ci maddələrinə istinadən hesab edir ki, iddiaçının zaminlərə qarşı iddia tələbi əsaslıdır, zaminlər borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanılmış 19 mart 2020-ci il tarixli, ipoteka müqaviləsinə əsasən, 19 mart 2020-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayon, 80A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 80.000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayon, 80A nömrəli fərdi yaşayış evinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 10 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində 30.03.2020-ci il tarixində qeydə alınmışdır. 08.05.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. "xxxx" MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayon, 80A nömrəli fərdi yaşayış evinin satış (likvid) dəyəri 80.000 manat təşkil edir. Tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1 8.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 30 manat xidmət haqqı ödəmişdir. İş materiallarından həmçinin görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qanunvericliyin hakim verilmiş tələblər üzrə qətnamə çıxarır göstərişinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 Müseyib oğlundan və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 22.519,05 manat əsas, 6586,83 manat faiz borcu və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 60 manat tutulmalı, tələb Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 80A nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 Müseyib oğlundan və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalı, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra həmin yaşayış evi boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə ipoteka predmeti olan mənzilin Banka təhvil verilməsinə dair tələbini əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 200 (iki yüz) manat Cavabdeh1 Müseyib oğlundan və Cavabdeh2 birgə qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 Müseyib oğlundan və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 22.519,05 (iyirmi iki min beş yüz on doqquz manat 05 qəpik) manat əsas, 6586,83 (altı min beş yüz səksən altı manat 83 qəpik) manat faiz borcu və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq cəmi 60 (altmış) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, 80A nömrəli fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 80.000 (səksən min) manat müəyyən edilsin. Hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin. İddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. İpoteka predmetinin satışından əldə olunan vəsait İddiaçı ASC-nin tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 Müseyib oğlundan və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra həmin yaşayış evi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 200 (iki yüz) manat Cavabdeh1 Müseyib oğlundan və Cavabdeh2 tutularaq "xxxx" MMCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar