Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-289/2022 19.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 94207.36 ABŞ dolları borcun, bundan 50281.84 ABŞ dolları əsas borc, 17137.33 ABŞ dolları faiz borcu, 13679.75 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 13108.44 ABŞ dolları faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Range Rover” minik markalı (Buraxılış ili-2010, Ban-SALLMAMD4AA332661), qara rəngli, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2013-cü il tarixli, 918/A №-li kredit müqaviləsinə əsasən “Range Rover” minik markalı avtomobilinin alınması məqsədi ilə cavabdehə 35 ay müddətinə, illik 22% dərəcəsi ilə 52.360 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan “Range Rover” minik markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 30.04.2013-cü il tarixli, 918/ag №-li ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına baxmayaraq, cavabdeh borcun ödənilməsini üçün heç bir tədbir görməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında göstərdi ki, iddianı qəbul etmir, belə ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün müəyyən edilmiş iddia müddətini ötürdüyündən, tələbin rədd olunmasını xahiş edir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - 30.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30.04.2013-cü il tarixli kredit müqaviləsi üzrə 50281.84 ABŞ dolları əsas borc, 17137.33 ABŞ dolları faiz borcu, 13679.75 ABŞ dolları cərimə borcu, gecikdirilim vaxt üçün hesablanmış 13108.44 ABŞ dolları faiz borcu vardır. - İddiaçı ASC-nin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2013-cü il tarixli, 918/A №-li krediti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit istehlak məqsədilə illik 22% hesabı ilə 35 ay müddətinə 52.360 ABŞ dolları məbləğində kredit verilmişdir. - 30.04.2013-cü il tarixli, 918/ag №-li girov müqaviləsindən görünür ki, 30.04.2013cü il tarixli “Girov müqaviləsi"nə əsasən kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 mülkiyyətində olan “Range Rover” minik markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin banka bankın xeyrinə girova qoyulmuşdur. - 918/A №-li krediti müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh1 35 ay müddətində 30.05.2013-cü il tarixdən 30.03.2016-cı il tarixədək hər ay 2.041 ABŞ dolları, sonuncu ay isə 1.999 ABŞ dolları ödəniş etməli idi. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə ünvanlanmış 01.07.2021-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən qeydiyyata alınması Bank tərəfindən xahiş edilmişdir. - İddiaçının Cavabdeh1 ünvanına göndərilən bildiriş məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir. -Cavabdehə məxsus bank hesabından çıxarışdan görünür ki, son bank kredit ödənişi 22.08.2013-cü il tarixdə edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin LPO İddiaçı ASC-nin sorğusuna əsasən göndərilən məktubundan görünür ki, “Range Rover” minik markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 14.04.2012-ci il tarixində ipotekadan azad olunmuş və həmin avtomobil Cavabdeh2 tərəfindən özgəninkiləşdirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bank ilə Cavabdeh1 oğlu arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş edilməmişdir. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi 30.04.2013-cü il tarixli, 918/ag №-li “Girov müqaviləsi” bağlanmış və Cavabdeh2 xüsusi mülkiyyətində olan “Range Rover” minik markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Son bank kredit ödənişi 22.08.2013-cü il tarixdə edilmişdir. “Range Rover” minik markalı, **-EG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 14.04.2012-ci il tarixində ipotekadan azad olunmuş və həmin avtomobil özgəninkiləşdirilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, araşdırılan mübahisə üzrə Cavabdeh2 ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Araşdırılan mübahisə üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən göründüyü kimi mübahisə predmetini təşkil edən kredit müqaviləsi 30.04.2013-cü il tarixdə, 35 ay müddətinə bağlanmış, kredit müqaviləsinin müddəti 30.03.2016-cı il tarixdə bitmişdir. Cavabdeh1 axırıncı ödənişi 22.08.2013-cü il tarixdə etmişdir. Həmin vaxtdan sonra cavabdeh tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə öz təsdiqini tapmır. İddiaçının kredit borcunun ödənilməsinə dair iddia ərizəsi 01.10.2021-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (zaminlik) üzrə də iddia müddəti keçir. Bu Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 502-ci maddəsinə əsasən birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı vardır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsinə dair iddiası iddia müddəti keçdiyindən təmin olunmamalıdır. Belə ki, mübahisə predmetini təşkil edən kredit müqaviləsinin icra müddəti 30.03.2016-cı il tarixdə bitmişdir. Cavabdeh1 axırıncı ödənişi 22.08.2013-cü il tarixdə etmişdir. Həmin vaxtdan sonra cavabdeh tərəfindən bu kredit müqaviləsi üzrə ödəniş aparılması iş üzrə sənədlərlə öz təsdiqini tapmır. İddiaçının kredit borcunun ödənilməsinə dair iddia ərizəsi 01.10.2021-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə, eyni zamanda iddiaçının nümayəndəsinin cavabdehlər barəsində xüsusi qərardad çıxarılmasına dair vəsatətinə münasibətdə hesab edir ki, xüsusi qərardad çıxarılması üçün kifayət qədər əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsinə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-289/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-289/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver