Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-289/2024 07.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbə və Cavabdeh1nə qarşı "təkrar sertifikatlaşdırmanın iddiaçıya aid hissəsinin ləğvi, əmrin ləğvi, işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbə qarşı "işə bərpa, məcburi işburaxma dövrünə görə əmək haqqının ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehin xx.xx.2003-cü il tarixli 37 saylı əmrinə əsasən həmin məktəbə müəllim kimi işə qəbul edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli əmrinə əsasən aralarında bağlanmış müqaviləyə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı cavabdehin hazırkı əmrini qanunsuz hesab edir. Cavabdeh əmrin əsası kimi xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsini və AR ETN-nin xx.xx.2023-cü il tarixli, 3-29/3- 537F\2023 nömrəli əmrini göstərmişdir. İddiaçı bu əsasla müqaviləyə xitam verilməsini qanunsuz hesab edir. Belə ki, Nazirliyin həmin əmri iddiaçı tərəfindən apellyasiya şurasında və məhkəmədə mübahisələndirilə bilərdi və iddiaçı bunu mübahisələndirmişdir, hələ də bu əmrin və təkrar sertifikatlaşdırmanın nəticələrinin qanuniliyi Nazirliyin Apellyasiya şurasında və məhkəmə yoxlanmadan və hüquqi qiymətini almadan cavabdehin elə həmin günü də iddiaçı ilə bağlanmış müqaviləyə xitam verməsi qanunsuz olmuşdur. İddiaçının təkrar sertifikatlaşdırmadan keçməməyinin səbəbi imtahan zamanı qarşısındakı kompyuterin nasaz olması, donması və bu nasazlığın aradan qaldırılması üçün uzun müddətin itirilməsi olmuşdur ki, bu da iddiaçını ayrılmış müddət ərzində cavabları tam yazmaq imkanından məhrum etmişdir. İddiaçı bu barədə həm imtahan zamanı imtahanın keçirilməsinə və komputerlərin işləməsinə məsul olmuş şəxslərə bildirmiş və bu barədə AR ETN-nin rəhbərliyinə də ərizə ilə müraciət etmişdir. Amma bunun hər hansı bir nəticəsi olmamışdır. Bu proses imtahan zamanı iddiaçıya mənəvi və psixoloji təsir etmiş, imtahan həyəcanı və bu baş verənlər iddiaçının rahat imtahan suallarına həm zaman baxımından, həm də keçirdiyi stress və həyəcana görə lazımi tam cavab verməyinə mane olmuşdur. Bu məsələlər qanuni şəkildə araşdırılmadan, buna məsul olan şəxslər cəzalandırılmadan və iddiaçıya təkrar olaraq normal şəkildə imtahan vermək şəraiti yaradılmadan, həmin hadisəyə hüquqi qiymət verilmədən həm Nazirliyin sertifikatlaşdırmasının nəticəsi və əmri, eləcə də cavabdehin əmri qanunsuz olmuşdur. Ona görə də cavabdehin həmin mübahisələndirilən əmri ləğv edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə bərpa edilməli və məcburi işburaxmaya görə əməkhaqqı cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən, cavabdehin xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilərək, aralarında bağlanmış müqavilənin bərpa edilməsi və bu müddət ərzində məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsi, cavabdeh AR ETN-nin xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın iddiaçıya aid hissəsində nəticəsi və AR ETN-nin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmrinin iddiaçıya aid hissəsi, bunun əsasında cavabdeh Sumqayıt şəhər 13 saylı orta məktəbin direktorunun xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxmaya görə olan əmək haqqının cavabdeh Sumqayıt şəhər 13 saylı orta məktəbdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə Cavabdeh1 tərəfindən keçirilən sertifikasiya imtahanında iştirak etmişdir. İmtahan iki saat müddətində davam etmişdir. İmtahan saat 11:00-da başlamışdır. İmtahanın başlanmasından 5 dəqiqə keçdikdən sonra kompüterin hesablayıcısı işləməmişdir. Nəzarətçiyə məlumat verildikdə nasazlığın aradan qaldırılacağı bildirilmişdir. İddiaçıya vərəqlər verilərək ondan hesablamalar aparmağı bildirilmiş, daha sonra həmin vərəqlər iddiaçıdan təhvil alınmışdır. İmtahanın bitməsinə yarım saat qalmış kompüterin monitoru göy rəngdə olmuşdur. İddiaçı digər cavabların da silinəcəyi ilə bağlı səs-küy yaratdıqda iddiaçıya nasazlığın aradan qaldırılacağı bildirilmişdir. Orxan adlı şəxs kompüterdəki nasazlığı aradan qaldırmağa çalışsa da, baş tutmamışdır. İmtahana nəzarət edən Günel xanım şəxsiyyət vəsiqəsinin şəklini müvafiq orqana göndərmiş və nasazlığın aradan qaldırılacağını bildirmişdir. İmtahan müddəti başa çatdıqdan sonra iddiaçıya əlavə vaxt veriləcəyi bildirilsə də, verilməmişdir. Ramin Abbasov məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etməli olduğunu qeyd etmişdir. Əvvəlcə Abşeron-Xızı Regional Təhsil İdarəsinə, səhəri gün isə Azərbaycan Respublikasının Təhsil İnstitutuna yaxınlaşmışdır. İddiaçının sadəcə iki dəqiqə vaxtının alındığını və həmin iki dəqiqənin də kompensasiya edildiyi bildirilsə də, belə hal olmamışdır. Kompüterdə nasazlıq saat 12:35-də yaranmışdır. Həmin 25 dəqiqə ərzində iddiaçının kompüteri bərpa edilmədi. İmtahana nəzarəti Günel xanım və digər nəzarətçilər həyata keçirirdilər. Həmçinin könüllü işçilər də var idi. Ümumi rəhbər Günel xanım idi. Hər hansısa aktlaşdırılma olmamışdır. Zalda kamera var idi. İddiaçı ön sırada əyləşmişdi, kamera isə iddiaçını əyləşdiyi sıranın üzərində yerləşirdi. Hər müəllim bir sırada əyləşmişdi. Təxminən 3-4 sıra var idi. O, imtahandan sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etmiş, 28 bal topladığı müəyyən edilmişdir. xx.xx.2023cü il tarixdə işdən azad edilmişdir. İmtahan Sumqayıt şəhəri 29 nömrəli tam orta məktəbində keçirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçı kompüterində nasazlıq olduğunu bildirmişdir. Lakin, nasazlıq baş verməsi ilə bağlı həmin vaxt aktlaşdırılma həyata keçirilməmişdir. Onda olan məlumata əsasən kompüterdə heç bir nasazlıq baş verməmişdir. Həmçinin qeyd edir ki, iddiaçı nasazlıqla bağlı rəsmi şəkildə müraciət etmiş və ona rəsmi cavab məktubu göndərilmişdir. Cavab məktubunda kompüterdə nasazlığın öz təsdiqini tapmaması qeyd olunmuşdur. İddiaçı təkrar sertifikatlaşdırma imtahanından müvəffəqiyyətlə keçmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Bu isə qanunvericiliyin tələbidir. Bununla bağlı Cavabdeh1 əmri vardır və həmin əmrdə imtahandan keçməyən şəxslərin siyahısı öz əksini tapmışdır. Lakin, əmək müqaviləsinə məktəb tərəfindən xitam verilmişdir. İmtahanla bağlı videogörüntüləri əldə etmələri mümkün olmamışdır. Belə ki, əvvəlcə həmin videogörüntülərin mövcud olduğu bildirilsə də, daha sonra videogörüntülər tapılmamışdır. Kameraların sadəcə zalın giriş hissəsini çəkdiyi bildirilmişdir. Zalın daxilində isə çəkiliş olmamışdır.
7. Sonuncu iclasla bağlı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. Məhkəmə işə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
9. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirmişdir ki, iddiaçının işdən azad edilməsi ilə bağlı Cavabdeh2 tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Belə ki, iddianın təmin edilib-edilməməsini məsələsini məhkəmənin mülahizəsinə buraxır.
10. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, təxmini olaraq iddiaçını tanıyır. xx.xx.2023-cü il tarixdə keçirilən imtahanda imtahan rəhbəri olmuşdur. Əgər kompüterdə hər hansısa problem olmuşdursa, tərəflərindən həmin problem aradan qaldırılmışdır. Kompüterdə hər hansısa problem olmasını dəqiq xatırlamır, lakin, olmuşdursa da, nazirlik tərəfindən aradan qaldırılmışdır. Problem yarandıqda həmin şəxsin şəxsiyyət vəsiqəsinin FİN kodunu nazirliyə göndərilir. Əgər problem varsa, nazirlik tərəfindən aradan qaldırılır, bundan sonra onu yeniləyir və namizədin vaxtını bərpa edirlər. Belə hallar bir çox şəkildə olur və olduqda həmin problemlər aradan qaldırılır. Ola bilməz ki, yaranan problemlər aradan qaldırılmasın. Belə ki, kameralar tərəfindən video-çəkiliş həyata keçirilir. Namizədin nə qədər vaxt itkisi olmuşdursa, həmin vaxt da kompensasiya edilir. Belə ki, tərəf haqlı olduğu halda itirilən vaxt bərpa edilir. Namizəd tərəfindən edilən müdaxilələr nəticəsində kompüterdə nasazlıq yaranmışdırsa, həmin müddət bərpa edilmir. İmtahan prosesində sadəcə o yox, həmçinin nazirliyin nümayəndələri, hətta nazirin müşaviri Rüstəm Ağayev, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini, insan resurslarının əməkdaşları da olmuşlar. Vaxt itkisini dəqiq xatırlamır, lakin təxminən 1-2 dəqiqə olmuşdur. Belə ki, imtahan zalında bir çox müəllimlər var idi və onların hər birini xatırlamağı mümkün deyildir. Hər bir namizədin problemləri aradan qaldırılmışdır. Hətta iddiaçıya dəfələrlə problemin aradan qaldırıldığı izah edilmişdir. Bununla bağlı dəqiq məlumat verə bilmir. Ola bilər ki, namizəd qərəzli şəkildə kompüterdə nasazlıq yaradır. Belə olduqda problem tərəflərindən həll edilmir. Lakin, sistem donduğu təqdirdə bunun onların səhvi olduğu bildirilir və itirilmiş vaxt tərəfindən bərpa edilir. Həmin vaxt çəkiliş həyata keçirilirdi. İmtahan zalında kameralar var idi. İmtahan Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə keçirilmişdir. İmtahan idman zalında olmuşdur. Həmin imtahan prosesində hər yer kameralaşdırılmışdır. Təxminən 2 və ya 4 yerdən kameralaşdırılma aparılmışdır və bütün zalın çəkilişi həyata keçirilmişdir. Ümumi zal görünmüşdür.
14. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3- 29/3-2-537F/2023 nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 4.1 və 5.4-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023cü il 24 iyul tarixli, 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh1 haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq, 29 avqust 2023-cü il tarixdə təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin siyahısının təsdiq edilməsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Nazirliyin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə-təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etmələri, yaranmış vakant yerlər barədə məlumatların Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin müvafiq alt sisteminə daxil edilməsini təmin etmələri, təkrar sertifikatlaşdırmanın nəticəsinə əsasən əmək müqaviləsi ləğv edilmiş təhsilverənlərlə işin təşkili məqsədilə komissiyaların yaradılmasını təmin etmələri, 1 (bir) ay müddətində görülmüş tədbirlər barədə Elm və Təhsil Nazirliyinə məlumat verilməsini təmin etmələri, insan resursları şöbəsi (E.Bağırov) komissiyaların fəaliyyətini tənzimləyən zəruri təlimatların hazırlanmasını təmin etməsi tapşırılması, İnformasiya və vətəndaşlara xidmət şöbəsinə (R.Xanlarov) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə və qurumlarına çatdırılmasını təmin etməsi, əmrin icrasına nəzarətin nazir müavini H.Həsənliyə həvalə edilməsi əmr edilmişdir.
15. İş materiallarında olan Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 87 saylı “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasın”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin “c” bəndini rəhbər tutaraq, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası" ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 04 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmridir.
16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞS/MT030/2023-02059 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Həmçinin İMS üçün ərizənin tarixi xx.xx.2023-cü ildir.
17. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən 06 noyabr 2023-cü il tarixdə verilmiş müraciətə cavab məktubundan görünür ki, sertifikatlaşdırma barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun İnsan resursları mərkəzinə daxil olmuş (xx.xx.2023-cü il tarixli, 3-29-65/1-İ-3xx-xx/2023 nömrəli) müraciətə baxılmışdır. Bildirilir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən və ya keçid balını toplaya bilməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Qeyd edilir ki, imtahan zamanı qeyd edilən texniki nasazlığın baş verməsi halı öz təsdiqini tapmamışdır. Nəzərə alınması xahiş olunmuşdur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsində işləmiş və təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir.
c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir.
21. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
22. Həmin Məcəllənin 67-2.2-ci maddəsinə əsasən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
23. Eyni Məcəllənin 67-2.3-cü və 67-2.3-1-ci maddələrinə əsasən ilk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
24. Eyni Məcəllənin 67-2.4-cü maddəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
25. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
27. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarına əsasən: -2.1. Sertifikatlaşdırma Cavabdeh1 tərəfindən həyata keçirilir. -3.1. Sertifikatlaşdırma iki mərhələdən (test və müsahibə mərhələsi) ibarət olmaqla və videoçəkiliş təmin edilməklə keçirilir. -3.14. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır. -4.1. Sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə və təhsil müəssisələrinə göndərir. -5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. -5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. -5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. -5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
28. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməsi səbəbindən əmək müqaviləsinə 87 saylı əmrlə xitam verilmişdir.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmiş, iddiaçının deməsinə görə imtahan zamanı kompüterində nasazlıq yaranmış, həmin nasazlığın müddəti 25 dəqiqə çəkmiş və həmin zaman bərpa edilməmişdir. Bu səbəbdən keçid balını toplamamışdır. Bununla əlaqədar, Cavabdeh1nə xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbdə keçirilmiş sertifikasiya imtahanının videoçəkilişinin məhkəməyə təqdim edilməsi tələb edilsə də, videoçəkilişin təqdim edilməsi (gah çəkilişin olmaması, gah da məsul əməkdaşların ezam olunması və s. səbəblər qeyd edilməklə) təmin edilməmişdir.
30. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarına əsasən sertifikatlaşdırma videoçəkiliş təmin edilməklə keçirilməlidir.
31. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsindən də aydın olur ki, sözügedən imtahan zalında videoçəkiliş təmin edilmişdir.
32. Göründüyü kimi hazırda iddia tələbinin obyektiv həllinin təmin edilməsi üçün videoçəkilişin təmin edilməsi zəruri olduğu halda, məhkəməyə təqdim edilməmişdir.
33. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
35. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
36. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
37. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
38. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
39. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.
40. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi göstərmişdir ki, 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iddiaçının kompüterində nazaslıq yaranmamış, yaranıbsa da aradan qaldırılmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi bu halları təsdiq edən sübutları (videoçəkilişi) məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı tərəf də bunu qəbul etməmişdir.
41. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmri İddiaçı aid hissələrdə ləğv edilməli, Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 87 saylı əmri ləğv edilməli, İddiaçı Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdən tutularaq İddiaçı ödənilməlidir.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 3-29/3-2-537F/2023 nömrəli əmri İddiaçı aid hissələrdə ləğv edilsin. Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin xx.xx.2023-cü il tarixli, 87 saylı əmri ləğv edilsin. İddiaçı Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilsin, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Sumqayıt şəhər 13 nömrəli tam orta məktəbdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva