Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-293/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 03.05.2021-ci il tarixinə olan 14072,02 manat əsas borc, 4454,59 manat faiz borcu, 2,02 cərimə olmaqla, cəmi 18528,63 manat borcun iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13, 46 saylı mənzilə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, idiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.01.2019-ci il tarixli, ***- *******TK.140119-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 15.01.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13, 46 saylı mənzil ipotekaya qoyulmuşdur. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, 08 may 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. 03.05.2021-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 18528,63 manat təşkil edir. Bundan 14072,02 manat əsas borc, 4454,59 manat faiz borcu, 2,02 manat cərimə təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 30.11.2021-ci il tarixli qərardadları ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. 03.02.2022-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 28.02.2022-ci il tarixində məhkəməyə teleqram vuraraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyini qeyd etmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Digər Cavabdeh2 isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışlarından və şəxsiyyət vəsiqələrindən görünür ki, Cavabdeh1 xx.xx.1962-ci ildə, Qubadlı rayonu, Gürcülü kəndində anadan olmuş ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 isə xx.xx.1962-ci ildə, Qubadlı rayonu, Gürcülü kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının “Azadlıq” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli, ***-*******TK140119-01 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 36 ay müddətinə, illik 28 faizlə, 20000 manat kredit vermişdir. Digər Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsinə əsasən yaranmış öhdəliyi üzrə za min olmuşdur. 15 yanvar 2019-cu il tarixli, ***-*******TK140119-01 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 3 kreditin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən 37,7 kvadratmetr ümumi sahədən, 22,2 kvadratmetr yaşayış sahəsindən, 15,5 kvadratmetr yardımçı sahədən ibarət, 1 otaqlı mənzil (bundan sonra – mübahisəli mənzil) Cavabdeh2 xüsusi mülkiyyətindədir. RX seriyalı, ******* saylı çıxarışa əsasən həmin mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh1 14072,02 manat əsas borc, 4454,59 manat faiz borcu, 2,02 manat cərimə olmaqla, cəmi 18528,63 manat borcu vardır. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 36 ay müddətində hər ay 827,7 manat, sonuncu ay isə 841,37 manat ödəniş etməli idi. İşdən göründüyü kimi iddiaçı tərəfindən cavabdehlərə borcun qaytarılması haqqında pretenziya məktubları (xəbərdarlıqlar) göndərilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 08.05.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və bildiriş həmin tarixdə qeydə alınmışdır. İşin məhkəmə baxışı zamanı məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19.01.2022-ci il tarixli, 9/42 nömrəli ekspert rəyində göstərilmişdir ki, cavabdehin 01.10.2021-ci il tarixinə iddiaçıya olan borcu əsas borc üzrə 13943,60 manat, faiz borcu üzrə 6087,47 manat təşkil edir. 30.11.2021-ci il tarixinə cavabdehin iddaçıya olan borcu əsas borc üzrə 13943,60 manat, faiz borcu üzrə 6727,32 manat təşkil edir. “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin 07.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 07.01.2022-ci il məktubunda tərəflərin qiymətləndirmənin keçirilməsi üçün müəyyən edilmiş haqqı ödəməkdən imtina etdikləri üçün qiymətləndirmə işinin aparılmasından imtina edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 36 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində əsas borc 01.10.2021-ci il tarixinə 13943,60 manat müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsində 14072,02 manat məbləğində əsas borcu cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınaraq 13943,60 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Faiz borcuna gəldikdə isə ekspert rəyində göstərilən məbləğ iddia ərizəsindən çox olduğu üçün məhkəmə hesab edir ki, idda ərizəsində göstərilən məbləğdə faiz borcu cavabdehdən tutulmalıdır. Kredit müqaviləsinin 4.1-ci bəndində göstərilmişdir ki, bank bu müqavilədən irəli gələn öhdəliyin lazımi qaydada icra edilməməsi ilə nəticələnən hallarda kreditin hesablanmış faizlə birlikdə qaytarılmasını tələb edə bilər. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 14072,02 manat əsas borc məbləğinə 2,02 manat cəriməni hesablamaqda haqlı olmuşdur. Buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi ünvan 3 iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh1 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, mənzil açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.). Göründüyü kimi ipoteka müqaviləsində ipoteka predmetinin ilkin satış qiyməti 40000 manat məbləğində göstərilmiş, cavabdeh həmin məbləği mübahisələndirmiş, bu barədə “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin 07.01.2022-ci il məktubunda tərəflərin qiymətləndirmənin keçirilməsi üçün müəyyən edilmiş haqqı ödəməkdən imtina etdikləri üçün qiymətləndirmə işinin aparılmasından imtina edildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ipoteka müqaviləsində göstərilən məbləğ ipoteka predmetinin ilkin satış qiyməti hesab edilməlidir. Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği digər cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır. İpoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslərin mənzil satıldıqdan sonra mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları ilə bağlı tələbə gəldikdə qeyd edilməlidir ki, cavabdehlərin mənzildən çıxarılmaları və mənzilin alıcıya təhvil verilməsi ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Halhazırda iddiaçı ipoteka predmeti olan məınzilin mülkiyyətçisi olmadığı üçün mənzilin ona təhvil verilməsini tələb edə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, “İpoteka haqqında” Qanunda göstərilmişdir ki, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir (59.1. ). İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar (59.3. ). Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar (59.4.). Göründüyü kimi ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qərarı icra olunarkən, ipoteka predmeti olan mənzildə qeydiyyatda olan şəxslər həmin mənzildən ayrıca məhkəmə qərarı tələb olunmadan qeydiyyatdan çıxarılırlar. Belə ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qətnaməsi həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmaları üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişə görə ödənilmiş 40 manat və 100 manat ekspertiza xərci də cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 13943,60 manat, faiz borcu üzrə 4454,59 manat, cərimə üzrə 2,02 manat olmaqla, cəmi 18400 (on səkkiz min dörd yüz) manat 21 (iyirmi bir) qəpik məbləğində pul, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı və ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı X4 Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh2 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən 37,7 kvadratmetr ümumi sahədən, 22,2 kvadratmetr yaşayış sahəsindən, 15,5 kvadratmetr yardımçı sahədən ibarət, 1 otaqlı mənzilə yönəldilsin. Həmin mənzil açıq hərracda satılsın. Mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. İddiaçı ASC-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hazırkı qətnamə ünvan 3 ünvanında yerləşən mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların yaşayış sahəsindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-293/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-293/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver